Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan 4 yüksəkvəzifəli əməkdaşının cinayət işinin ayrıca icraata verildiyi bildirilir.
«Report»un xəbərinə görə, bunlar MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin keçmiş işçisi, polkovnik Səlim Məmmədov, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovdur.
Artıq həmin şəxslərin cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı bildirilir. Hazırda vəkillərin cinayət işinin materialları ilə tanış olduqları qeyd edilir.
Baş Prokurorluğun yaydığı məlumatda MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Onlardan 19-u hazırda həbsdədir.
A.Çovdarov və digər 3 şəxsə qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (Rüşvət alma )
və daha bir neçə ağır maddələr ilə ittiham irəli sürülüb.
Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub. Ötən ilin dekabrında isə bu nazirlik ləğv edilib. Onun bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Həmin vaxt bu hadisələr ölkə mətbuatında ən müxtəlif şəkildə dəyərləndirilib. Ancaq əsasən iki versiya daha çox səslənib. Bir qisim yazarlar bunu sərvət uğrunda mübarizə, başqa yazarlar isə ölkənin rəhbər şəxslərinin telefon danışıqlarının gizlin dinlənməsinin üzə çıxması kimi dəyərləndirirdilər.