Dağıstandan 46 yaşlı Aina Gamzatova rəsmən 2018-ci ilin martında prezident seçkisində Rusiya prezidenti Vladimir Putin-ə qarşı mübarizə aparacağını elan edib.
Aina Gamzatova Rusiyanın ən iri müsəlman media holdinqinin rəhbəridir. O, həm də Dağıstan müftisinin həyat yoldaşıdır.
Gamzatova-nın rəhbərlik etdiyi islam.ru müsəlman media holdinqinə televiziya, radio, müxtəlif nəşrlər və xeyriyyə cəmiyyəti daxildir. Qurum həm də İslam dini haqqında kitablar nəşr edir.
Vəhhabilərin öhdəsindən gələcəyini deyir
Aina Gamzatova-nın həyat yoldaşı, Dağıstan müftisi Akhmad Abdulaev-dir. O, Nəqşibəndilik-sufi təriqətinə mənsubdur. Təriqətin lideri Şeyx Said-Afandi Chirkawi-ni 2012-ci ildə Qafqazda qadın intiharçı qətlə yetirib.
Gamzatova-nın birinci həyat yoldaşı müsəlman lider Said Muhammad Abubakarov 1998-ci ildə avtomobilində partladılaraq öldürülüb. Onun qatilləri heç vaxt tapılmayıb. Ancaq Gamzatova daim onları «vəhhabilər» adlandırır və onların öhdəsindən gələcəyini deyir.
Dağıstanda sufi təriqətinə mənsub simaların hədə və qətllərlə üzləşməsinə baxmayaraq, Gamzatova öz çıxışlarında və kitablarında onları «qaniçən» və «ikiüzlü» adlandırmaqdadır.
Gamzatova-nın namizədliyi Rusiyanın müsəlman icması arasında qızğın müzakirələrə yol açıb. Bəziləri onun ərinin kölgəsindən çıxmalı olmadığını deyir, digərləri isə bu qətiyyətli qərarını alqışlayır.
«Bəs qadının əri yanında olmadan evdən çıxmalı olmaması haqda əxlaq qaydaları necə olsun? Yoxsa ona olar, qanunsa sadəcə biz, adi bəndələr üçündür?», – Mahaçqaladan dindar müsəlman ana Patimat Ibragimova «Al Jazeera»ya deyib.
«Səslərin çoxunu toplayacaq»
Moskvada çalışan psixoloq, islamı qəbul etmiş etnik rus Aisha Anastasiya Korchagina isə Gamzatova-nın bu addımını alqışlayır: «O, hər bir Rusiya vətəndaşına verilən qanuni hüququndan yararlanmaqla çox cəsarətli addım atıb. O, ləyaqətli seçki kampaniyası keçirəcək qədər cəsarətlidir».
Bəziləri Gamzatova-nın kampaniyasını Rusiyanın müsəlman qadınlarının imicini qabartmaq, yoxsul, əhalisi sıx, multietnik Dağıstanın ehtiyaclarına diqqət cəlb etmək cəhdi kimi görürlər.
«O uduzsa belə, insanlar biləcəklər ki, hicablı qız sadəcə ana və ya qadın deyil, həm də təhsilli, müdrik və hörmətli qadındır», – boks üzrə keçmiş Olimpiya çempionu, hazırda Dağıstanın idman nazirinin müavini Gaidarbek Gaidarbekov Instagram-da yazıb.
«Əlbəttə, o, prezident olmayacaq. Bunu müzakirə etmək belə axmaqlıqdır», – tanınmış dağıstanlı bloqqer Zakir Magomedov yazıb.
«Al Jazeera» yazır ki, o, Dağıstan və Şimali Qafqazda yüksək səs toplaya bilər. Bu isə işsizliyin baş alıb getdiyi, federal subsidiyalardan asılı, seçkilərin müntəzəm saxtalaşdırıldığı regionda Putin-in nüfuzunu daha da aşağı sala bilər.
«Sözsüz ki, o, səslərin çoxunu toplayacaq. Putin-sə bu respublikadan öz ənənəvi 146%-ni almayacaq», – Magomedov yazıb.
Cəlbedici çıxışlar, əhəmiyyətsiz bəyanatlar
Gamzatova-nın bu günə qədərki çıxışları cəlbedici olsa da, əhəmiyyətsiz bəyanatlardan ibarət olub.
«Ölkəmiz, Rusiya bizim evimizdir. Əgər özümüzü müsəlmanlara və xristianlara, qafqazlılara və ruslara ayırsaq, onda hökumətimiz mövcud olmayacaq», – deyə o, Facebook-da yazıb.
Amma onun seçki kampaniyasında bir məqam aydın və qətidir: o, Kremlin Şimali Qafqazda şəriət dövləti qurmaq istəyən döyüşçülərlə mübarizədə sərt və qətiyyətli davranmasını istəyir.
Şimali Qafqazda sufi təriqətinin dərin kökləri var. Bu təriqət bu mürəkkəb regionda etnik qruplar arasındakı gərginliyi yumşaltmağa, çar ordularına və islamı yox etməyə çalışan kommunistlərə müqaviməti gücləndirməyə kömək edib.
Radikal döyüşçülər Çeçenistanda Kremllə ittifaqa girən sufiləri hədəfə alıblar. Onlardan biri hazırkı Çeçenistan rəhbəri Ramzan Kadyrov-dur.
Beynəlxalq Böhran Qrupu (ICG) Dağıstanda bu iki qrup arasındakı münaqişəni Avropanın «ən zorakı münaqişəsi» adlandırmışdı (o zaman hələ Şərqi Ukraynada müharibə başlamamışdı). 2012-ci ildə bu münaqişə nəticəsində azı 700 adamın öldürüldüyü, 525 nəfərinsə yaralandığı bildirilir.