Dekabrın 16-da Avropa İttifaqının (Aİ) Brüsseldə keçiriləcək sammitində əsas müzakirə mövzuları Belarus, COVID-19, enerji, Ukrayna-Rusiya sərhədindəki gərginlik olacaq.
Ukrayna
Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmləməsi, potensial hücuma hazırlaşması sarıdan narahatlıq toplantının gündəmində əsas yeri tutacaq.
Aİ Rusiyanı gərginliyi azaltmağa, Ukraynanın şərqində yeddi ildir gedən münaqişə üzrə diplomatiyanı bərpa etməyə çağırır. Blok Moskvanı hücum olacağı halda Britaniya və Birləşmiş Ştatlarla koordinasiyalı şəkildə yeni güclü sanksiyalarla hədələyir.
Rusiya isə hücum planı olmadığını deyərək Ukraynanın NATO-ya potensial üzvlüyü, qərb alyansının qərb sərhədi boyunca fəaliyyəti ilə bağlı bir sıra tələblər səsləndirib.
Ukrayna-Rusiya gərginliyi dekabrın 15-də Aİ liderləri ilə Şərq Tərəfdaşlığı proqramının liderlərinin sammitində də diqqət mərkəzində olub. Ukrayna Prezidenti Volodimir Zelenski sammitdə iştirak edib.
Belarus
Aİ-nin şərq sərhədi boyunca miqrant axını Belarusla münasibətlərdə böhran yaradıb. Blok Alyaksandr Lukaşenka rejiminə beşinci sanksiya paketini açıqlayıb.
Aİ Lukaşenkanı Qərbin sanksiyalarına cavab olaraq Yaxın Şərq və Afrikadan miqrantları sərhədə gətirməkdə suçlayır.
Ötən ilin avqustunda prezident seçkinin qalibi Lukaşenka elan olunandan sonra etirazçılara təzyiqlərdən dolayı Aİ Belarusa sanksiyaları genişləndirib.
Şimal axını- 2
Aİ liderləri artan enerji qiymətlərini və davamlı inflyasiyanı da müzakirə edəcəklər. Rusiya qazını Baltik dənizinin dibiylə Almaniyaya daşıyacaq Şimal Axını -2 kəməri də müzakirə mövzusu olacaq.
Almaniya tikintisi tamamlanmış kəmərin sertifikasiyasını müvəqqəti dayandırıb, onun Aİ-nin enerji qanunlarına uyğunlaşdırılmasını gözləyirlər.
Xarici işlər naziri Annalena Baerbok bu ayın əvvəlində deyib ki, Rusiya Ukraynaya hücum edərsə qaz kəməri işə düşməyəcək.
Hazırda Avropanın əksər hissəsində koronavirusun delta ştammına yoluxmalar artır. Ölkələr omikron ştammının yoluxma miqyasını genişləndirəcəyini gözləyirlər.
Aİ liderləri pandemiya mübarizəni daha yaxşı koordinasiya etməyi, eləcə də vaksin və buster kampaniyalarını müzakirə edəcəklər.