2026, 26 Noyabr, cümə axşamı, Bakı vaxtı 19:11

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır: Siyahıda Türkiyə və Qırğızıstan da var

Rusiya prezidenti Vladimir Putin və Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov
Rusiya prezidenti Vladimir Putin və Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov

Avropa İttifaqı (Aİ) Moskvanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar yeni sanksiya paketi irəli sürüb. Sənəddə Rusiyanın Avropadakı idman tədbirlərində iştirakına geniş məhdudiyyətlər nəzərdə tutulur.

Aİ məkanında keçirilən yarışlarda Rusiyanın dövlət rəmzlərinin nümayişinə, bu ölkə vətəndaşlarının idman federasiyalarının rəhbər orqanlarında təmsil olunmasına, həmçinin idman klublarının Rusiya dövlətindən maliyyə vəsaiti almasına qadağa qoyulması təklif edilir.

Bu, 2022-ci ildə Ukraynada işğalçı müharibə başlayandan bəri Aİ-nin hazırladığı 22-ci sanksiya paketidir. AzadlıqRadiosunun tanış olduğu təkliflər Rusiyanın enerji sektorunu, bank sistemini və hərbi-sənaye kompleksini də hədəfə alır; siyahıya 82 fiziki və hüquqi şəxs əlavə olunur.

Bu ilin əvvəlində Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin üzvlüyünün dayandırılması barədə qərarı müvəqqəti ləğv etmək yönündə addım atmışdı. Bu isə Aİ ərazisindəki yarışlarda idmançıların bütün dövlət rəmzləri altında Rusiyanı təmsil etməsinə şərait yarada bilər.

Umar Kremlyov, Artyom Qromov

Sanksiya paketində ən diqqətçəkən şəxslərdən biri rusiyalı işadamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyovdur. Onun Aİ-yə girişinə qadağa qoyulması və aktivlərinin dondurulması planlaşdırılır.

Aİ sənədlərinə əsasən, IBA Brüsselin sanksiya siyahısında yer alan kremlyönlü gənclər idman təşkilatı ilə əməkdaşlıq edir. Sənədlərdə Kremlyovun Rusiya prezidenti Vladimir Putindən dövlət təltifi aldığı da vurğulanır.

Sentyabrda ABŞ mediası Kremlyovun ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Trampın Baham adalarında keçirilən toysonrası şənliklərinə maliyyə ayırdığını yazmışdı. Kiçik Tramp dövlət vəzifəsi tutmur və xarici ölkə vətəndaşlarından hədiyyə qəbul edə bilər. Buna baxmayaraq, məsələ geniş mübahisələr doğurmuşdu. Prezident Tramp isə sonradan bunun elə də böyük məsələ olmadığını və vəsaitin geri qaytarıldığını bildirib.

Aİ-nin siyahısındakı digər şəxs Rusiya ordusunun Mərkəzi İdman Klubunun (MOİK) rəhbəri Artyom Qromovdur. Sənədlərə görə, MOİK "Ukraynanın işğal olunmuş ərazilərinə, o cümlədən qanunsuz müharibədə döyüşən Rusiya hərbçilərinə humanitar yardım və digər ləvazimatlar göndərilməsini təşkil edib".

Klub həmçinin Ukraynanın işğal altındakı ərazilərində idman yarışları keçirib.

Aİ-dən 'Wildberries' və 'Ozon'a sanksiya – Bakıdakı sifarişlər necə olacaq?

No media source currently available

Kilsə, "kölgə donanması", əsgərlər

Aİ-nin sanksiya siyahısına Rus Pravoslav Kilsəsinin Moskva Patriarxlığının nəzarətindəki "Sofrino" istehsal müəssisəsi də salınıb. Şirkətin "Ukraynaya qarşı müharibədə vuruşan Rusiya hərbçiləri üçün dini əşyalar", eləcə də hərbi din xadimlərinin səhra şəraitində ayinlər keçirməsi üçün xüsusi dəstlər hazırladığı bildirilir.

Sanksiya paketi enerji sektorunu da hədəf seçir. Hazırda Rusiya mənşəli xam neftdən alınan neft məhsullarının Aİ-yə idxalına qadağa qoyulub. Bu məhdudiyyətin mazut və vakuum qazoyluna da şamil olunması təklif edilir.

Brüsselin Rusiyanın "kölgə donanması"na aid saydığı daha 70 gəmi sanksiyaların hədəfindədir. Həmin gəmilərin Rusiya neftini G7-nin müəyyənləşdirdiyi qiymət tavanından yuxarı məbləğə daşıdığı bildirilir. Bununla da sanksiya siyahısındakı gəmilərin ümumi sayı 700-ü ötəcək.

Ukraynada Rusiya tərəfində döyüşmüş həm hazırkı, həm də keçmiş hərbçilərin bütün Aİ ərazisinə girişinin yasaqlanacağı gözlənilir.

Aİ-nin bir sıra üzv ölkələri Rusiya hərbçilərinin qısamüddətli turist vizaları ilə ittifaq ərazisinə səfər edə bilməsindən narazılıqlarını bildiriblər. Bu vizaları əsasən Fransa, Yunanıstan, İtaliya və İspaniya kimi populyar turizm ölkələri təqdim edib. İndi isə Brüssel Rusiyadakı Avropa konsulluqlarının Şengen vizası istəyən Rusiya vətəndaşlarından hərbi bilet də daxil olmaqla, müvafiq sənədlər tələb etməsini vacib sayır.

Türkiyə və Qırğızıstan

Türkiyənin iki iri yanacaq distribütoru – "Opet Petrolçuluk" və "Akpet Akaryakıt" şirkətlərinə sanksiya tətbiqi nəzərdə tutulur. Aİ şirkətlərinə isə Hindistan, Serbiya, Tailand, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində Rusiyanın hərbi maşınına dəstək verdiyi bildirilən bir sıra müəssisələrlə işgüzar əlaqələr qurmaq qadağan ediləcək.

Serbiya, Türkmənistan və Özbəkistan kimi ölkələrdə Moskvanın faydalandığı kriptovalyuta xidmətləri göstərən qurumlar da hədəfə alınır. Ən ağır zərbə isə Qırğızıstana dəyə bilər.

Bütün Aİ vətəndaşlarına və şirkətlərinə bu ölkədə yaradılmış kriptovalyuta platformaları və xidmətləri ilə əməliyyatlar aparmağın tamamilə qadağan edilməsi nəzərdə tutulur. Sənəddə vurğulanır ki, açıq mənbələrdə dərc olunan çoxsaylı hesabatlar Qırğızıstanın kriptovalyutalar vasitəsilə Aİ sanksiyalarından yayınmaq üçün beynəlxalq mərkəzə çevrildiyini göstərir.

Həmçinin bildirilir ki, Avropa Komissiyasının Qırğızıstana müraciətlərinə baxmayaraq, "ölkə hakimiyyəti sistemli və davamlı şəkildə kriptoaktivlərlə bağlı xidmətlərin göstərilməsinin, yaxud platformalar vasitəsilə bu aktivlərin mübadiləsinin və köçürülməsinin qarşısını almayıb".

​
XS
SM
MD
LG