Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 08:26

Vaşinqtondakı atışmada şübhəli Trampa sui-qəsd cəhdində ittiham olunur

Donald Tramp tədbirdən çıxarılır
Donald Tramp tədbirdən çıxarılır

Vaşinqtonda ABŞ prezidenti Donald Trampın çıxış edəcəyi tədbir zamanı atəş açmaqda şübhəli bilinən şəxsə qarşı sui-qəsd cəhdi ittihamı irəli sürülüb. Həmin şəxs həmçinin yüksəkrütbəli hökumət rəsmilərini hədəf alan sui-qəsd planı hazırlamaqda da günahlandırılır.

Kolumbiya dairəsi üzrə ABŞ prokuroru Janin Pirro aprelin 27-də mətbuat konfransında ittihamları açıqlayıb. Hücum aprelin 25-də Ağ ev müxbirlərinin illik şam yeməyi zamanı baş verib. Prokuror bildirib ki, Kaliforniyadan olan şübhəli Koul Tomas Allenə istintaq davam etdikcə əlavə ittihamlar irəli sürülə bilər.

"Bunlar ilkin ittihamlardır... istintaq irəlilədikcə, əlavə ittihamlar olacaq. Amma şübhə yoxdur ki, bu, ABŞ prezidentinə sui-qəsd cəhdi idi", – Pirro deyib.

Aprelin 25-də 31-yaşlı Allen tüfənglə təhlükəsizlik əməkdaşlarına atəş açıb. Tədbirdə xaos yaranıb. Tramp və Birinci xanım Melaniya Tramp xəsarət almadan yaxınlıqdakı zaldan təxliyə ediliblər.

Pirro deyib ki, istintaqçılar Allenin mümkün qədər çox yüksəkrütbəli kabinet üzvünü öldürmək niyyətində olduğunu düşünürlər.

ABŞ-nin baş prokuroru vəzifəsini icra edən Todd Blanş bildirib ki, müstəntiqlər Allenin ailə üzvlərinə göndərdiyi iddia edilən manifesti əldə ediblər. "İlkin materiallardan aydın olur ki, o, prezident Trampı hədəf alıb. Əlavə motivləri Federal Təhqiqatlar Bürosu (FTB) və digər hüquq-mühafizə orqanları müəyyənləşdirəcək", – o əlavə edib.

FTB agentinin məhkəməyə təqdim etdiyi ifadədə bildirilir ki, Allen atışmadan əvvəl — aprelin 6-da tədbirin keçiriləcəyi oteldə otaq sifariş edib və Kaliforniyadan paytaxta qatarla gəlib. Qeyd olunur ki, Allen elektron məktublarında özünü "Dost federal sui-qəsdçi" adlandırıb və ABŞ-nin yüksəkvəzifəli rəsmilərinə qarşı sui-qəsd planlarını müzakirə edib.

Aleks Raufoğlu
Aleks Raufoğlu

'Hər şey saniyələr ərzində baş verdi' – AzadlıqRadiosunun müxbiri Vaşinqtondakı atışma anını təsvir edir

AzadlıqRadiosunun hadisə yerində olmuş jurnalisti Aleks Raufoğlu Məxfi Xidmətin prezident Donald Trampı zaldan saniyələr içində təxliyə etdiyini bildirib: "Hər şey saniyələr ərzində baş verdi. Məxfi Xidmət əməkdaşları zalın strateji nöqtələrində əvvəlcədən yerləşdirilmişdilər. Vitse-prezident Cey Di Vens çıxışa daha yaxın olduğu üçün dərhal çıxarıldı. Prezident Tramp isə səhnədə söhbət edərkən agentlər dərhal müdaxilə edərək onu ərazidən uzaqlaşdırdılar. Bu, çox yüksək səviyyədə koordinasiya olunmuş bir reaksiya idi".

Jurnalist bu il təhlükəsizlik tədbirlərinin əvvəlki illərlə müqayisədə daha sərt olduğunu vurğulayıb. Artıq 12-ci ildir bu tədbirə qatıldığını deyən Raufoğlu giriş prosesini belə təsvir edib: "Hava yağışlı idi, küçələr bağlanmışdı. Əsas girişə çatmaq üçün bir neçə küçə piyada getməli olduq. Otelə giriş kəskin məhdudlaşdırılmışdı; hətta binaya yaxınlaşmaq üçün belə Məxfi Xidmətə sənəd və bilet təqdim etmək tələb olunurdu. Zal otelin aşağı mərtəbəsində yerləşirdi və oraya daxil olmaq üçün ikiqat təhlükəsizlik səddini keçmək lazım idi. Çöldə etirazçılar olsa da, daxildəki nəzarət mexanizmi çox ciddi qurulmuşdu".

Vaşinqtondakı atışmada şübhəli bu gün məhkəmə qarşısına çıxarılacaq

Aprelin 25-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın çıxış edəcəyi tədbir zamanı baş vermiş atışmada şübhəli bilinən şəxs aprelin 27-də məhkəmə qarşısına çıxarılacaq. Hüquq-mühafizə orqanları silahlı şəxsin hücum motivini müəyyənləşdirməyə çalışır.

Kaliforniyadan olan 31 yaşlı Koul Tomas Allen kimi tanınan şəxs atışmadan əvvəl ailəsinə göndərdiyi manifestdə özünü "Dost federal qatil" adlandırıb. Bu barədə "Reuters" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib.

Aprelin 25-də axşam saatlarında silahlı şəxs Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyinin keçirildiyi məkanda təhlükəsizlik baryerini keçməyə cəhd göstərib. Təhlükəsizlik əməkdaşları onu saxlayıb, Tramp isə zaldan çıxarılıb. Hadisə qısamüddətli panikaya səbəb olub.

Polisin məlumatına görə, həmin şəxs "Washington Hilton" otelindəki yoxlama məntəqəsində Məxfi Xidmət əməkdaşına atəş açdıqdan sonra saxlanılıb.

Vaşinqton polisinin müvəqqəti rəhbəri Ceffri Kerroll jurnalistlərə bildirib ki, şübhəli tüfəng, tapança və bir neçə bıçaqla silahlanmışdı. Şəhər polisi onu əvvəlcədən tanımırdı. Məxfi Xidmətin yaralanan əməkdaşı xəstəxanadan buraxılıb.

Koul Tomas Allen saxlanarkən
Koul Tomas Allen saxlanarkən

"Bir neçə silahla içəri daxil oluram"

Hüquq-mühafizə orqanlarının "Reuters"ə açıqlamasına görə, şübhəlinin yazdığı iddia edilən manifestdə "Washington Hilton" otelindəki təhlükəsizliyin "absurd" dərəcədə zəif olduğu ilə kinayə edilir. Şübhəli həmin oteldə qonaq kimi qeydiyyatdan keçmişdi.

"Məsələn, otelə daxil olanda dərhal diqqətimi çəkən şey təkəbbür hissi idi. Bir neçə silahla içəri daxil oluram və heç kim mənim təhlükə yarada biləcəyimi ciddiyə almır", – müəllifin belə yazdığı bildirilir.

AzadlıqRadiosu bu manifestin həqiqiliyini yoxlaya bilməyib.

ABŞ-nin baş prokuroru vəzifəsini icra edən Todd Blanş bildirib ki, şübhəli şəxs Los-Ancelesdən Çikaqoya, oradan isə Vaşinqtona qatarla gedib, hücumdan əvvəlki gecə "Hilton" otelində qeydiyyatdan keçib. Onun hədəflərinin Tramp və administrasiyasının əsas üzvləri olduğu ehtimal olunur.

"Hazırda o, istintaqla aktiv əməkdaşlıq etmir. Sabah (aprelin 27-də) səhər ona Vaşinqtonda federal məhkəmədə rəsmi ittihamların irəli sürüləcəyini gözləyirəm", – Blanş CBS kanalının "Face the Nation" proqramında deyib.

Ağ ev müxbirlərinin şam yeməyi vaxtı atəş açılıb. Tramp təxliyə edilib

Aprelin 25-də axşam saatlarında Ağ ev müxbirlərinin illik şam yeməyinin keçirildiyi zalın yaxınlığında atəş səsləri eşidilib. Hadisədən sonra prezident Donald Tramp, vitse-prezident Cey Di Vens və digər yüksəkvəzifəli qonaqlar təxliyə edilib.

Tədbir məkanında panika yaranıb, qonaqlar ziyafət geyimində masaların altına sığınıblar.

Rəsmilər əsas yoxlama zonası yaxınlığında bir şübhəlinin saxlanıldığını təsdiqləyiblər. Prezident sonradan həmin şəxsin Kaliforniyadan olan 31 yaşlı kişi olduğunu və, güman ki, təkbaşına hərəkət etdiyini bildirib.

Hadisə açılış çıxışlarından az sonra, şam yeməyi vaxtı baş verib. Tramp həmin gecə daha sonra çıxış edəcəkdi.

AzadlıqRadiosunun hadisə yerində olan müxbiri bir neçə güclü atışmaya bənzər səs eşitdiyini, ardınca isə "atəş açıldı" qışqırığı gəldiyini bildirib. Tədbir zalında panika yaranıb. Polis oteli mühasirəyə alıb, havada helikopterlər görünüb.

Ağ evdə gecə saatlarında keçirilən brifinqdə Tramp hələ də smokinq geyimində olub. O, tədbirdə qalmaq istədiyini, lakin təhlükəsizlik xidmətlərinin buna imkan vermədiyini deyib.

Tramp həmçinin şübhəlinin üstündə bir neçə silah olduğunu və azı bir güc strukturu əməkdaşının yaralandığını, amma gülləkeçirməz jiletin onu qoruduğunu bildirib.

Rəsmilər istintaqın davam etdiyini deyir. Federal agentlər şahidlərlə söhbətlər aparır, şübhəlinin yaşayış yerində axtarış həyata keçirirlər.

ABŞ-də siyasi zorakılıqla bağlı narahatlıqlar artır. Trampa bundan əvvəl də sui-qəsd cəhdləri olub. 2024-cü ildə Pensilvaniyada keçirilən seçki mitinqində də atışma baş vermişdi.

Prezident şam yeməyinin bir ay ərzində yenidən təşkil olunacağını bildirib.


XS
SM
MD
LG