Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 00:31

Oğlan paltarı geyinmiş əfqan qızın əhvalatı Qərb filmində


"Çörəkqazanan" filmindən kadr

Əfqan ədəbiyyatı və mədəniyyətində oğlan paltarı geyinən və geyindirilən qızlar fenomeni olsa da, cəmiyyətdə bu barədə bir qayda olaraq susulub. Lakin Kanada yazıçısı Deborah Ellis-in eyniadlı uşaq bestsellerinin motivləri əsasında çəkilmiş “Çörəkqazanan” adlı tammetrajlı multiplikasiya filmində söhbət Talibanın ağır rejimi altında ailəsini dolandırmaq üçün oğlan paltarı geyinmiş qızdan gedir.

11 yaşlı Pərvanə, atası günahsız olaraq həbsxanaya salındıqdan sonra başsız qalmış ailəni dolandırmaq üçün oğlan paltarları geyinir və bundan sonra tamam başqa məşəqqətlərlə üzləşir.

Müharibə və terror dəhşətlərinin içərisində qızcığaz atasını azad etmək kimi amal uğrunda mübarizəyə başlayır.

Pərvanə özündən kiçik qardaş-bacılarını ovutmaq və öz mübarizəsindən azacıq da olsa dincəlmək üçün cəsur oğlan və onun kral Filə qarşı çarpışması barədə nağıl uydurur.

Filmin rejissoru Nora Twomey deyir ki, filmdəki hadisələr 2001-ci ildə baş verdiyinə görə obrazların əksəriyyəti müharibənin məhsuludur. Burada hər bir obrazın çətinliklərlə öz mübarizəsi var.

“Kells-in sirləri” (The Secret Of Kells) və “Dənizin nəğməsi” (Song Of The Sea) kimi filmləri Oscar mükafatlarına nominisya edilmiş rejissor deyir ki, “Çörəkqazanan” filmi kiçik hərəkət və sözlərin gətirdiyi böyük transformasiyalardan bəhs edir.

1996-2001-ci illərdə Əfqanıstandakı Taliban hakimiyyəti zamanı qız və qadınların məktəblərə getməsi, evdən kənarda işləməsi, hətta sadəcə kişi qohumun müşayiəti olmadan evdən çıxması qadağan idi.

“Çörəkqazanan” filmi ötən noyabrda ekranlara çıxdıqdan sonra dünya boyunca tamaşaçılar tərəfindən alqışlanıb və Ən Yaxşı Multiplikasiya Filmi üçün “Qızıl Qlobus” mükafatına (The Best Animated Motion Picture Golden Globes) nominasiya edilib.

Oscar mükafatlı Angelina Jolie bu filmin baş prodüseridir.

Tarixi bənzərlik

Maraqlıdır ki, İrlandiya Respublikasında, Britaniyanın Şimali İrlandiya əyaləti müharibə və təriqətçilik alovlarının içində olduğu bir vaxtda doğulmuş Twomey deyir ki, o dörd onillik ərzində aramsız qan tökülməsi şəraitində yaşayan əfqanlarla öz arasında bir doğmalıq görüb.

Rejissor deyir ki, İrlandiyada böyüyüb başa çatmış və Şimali İrlandiya müharibəsinin törətdiyi bəlaların şahidi olmuş bir irland qadın kimi ona əfqan xalqının üzləşdiyi fəlakəti başa düşmək çətin olmayıb.

Rejissor bu barədə deyib: “Əfqanlar da irlandlar kimi nağılbazdırlar. Mən bunun təsadüf olduğunu güman etmirəm. İrlandlar işğal, müharibə, aclıq çəkdikləri illərdə də hər hansı nağıl danışan onların evində sevimli qonaq ola bilərdi. Dünya baş-ayaq olanda, biz öz daxilimizdə nələrin baş verdiyini dərk etməyə çalışırıq”.

Twomey deyib ki, onun filmindən məqsəd təkcə qadın haqlarının müdafiəsi və ya Əfqanıstandakı cinsi bərabərsizliyin tənqidi deyil.

Twomey bunu da əlavə edir ki, belə ağır mövzunun multiplikasiya formatında işlənməsi onun daşıdığı ideyaya hüsn-rəğbət yaradır. Bu rəğbətin insanlar və ya ölkələr arasında olması o qədər də böyük önəm daşımır.

Nora Twomey
Nora Twomey

Twomey buna da ümid edir ki, onun filmi Qərbin müsəlman dünyasındakı müharibələrdə iştirakı məsələsini müzakirə mövzusuna çevirəcək və bəlkə də bu dünyadan ABŞ və Avropada hökm sürən islamofobiya aləminə gələn miqrantların daha yaxşı başa düşülməsinə kömək edəcək.

Twomey və onun Kilkenni şəhərindəki Multiplikasiya Studiyası indiyədək “Kells-in sirləri” filmi ilə dünya şöhrəti qazanıb. Lakin bu filmdə o yalnız həmrejissorlardan biri idi. “Çörəkqazanan” bu mənada onun həm də solo rejissorluq debütü olub.

O inanır ki, multiplijkasiya tamaşaçılarda obrazlar barədə daha yaxşı təsəvvür yaradır. Çünki bu obrazlar qələm və fırçadan çıxmaqla hər birimiz ola bilərdi.

Pərvanənin işığı

Bütün uğurlarına baxmayaraq “Çörəkqazanan” filmi beynəlxalq auditoriyalarda tənqidlə də üzləşə bilər. Buradakı hadisələr Əfqanıstanda cərəyan etsə də, filmi qərblilər çəkiblər. Əslində filmin əsasını təşkil edən romanının özü də qərbli Ellis tərəfindən yazılıb. O 1990-cı illərdə bu kitabı yazmaq üçün Pakistandakı əfqan qaçqınlarla çoxsaylı söhbətlər edib.

Bir dəfə də olsun Əfqanıstana ayaq basmayan Twomey-ə elə Ellis-in bu müsahibələri kömək olub.

Rejissor deyir ki, bu müsahibələr çox canlı idi. Müsahibələrdə çörək ətri də, Talibanın dirəklərə yapışdırdığı sındırılmış VHS kassetləri də vardı. Taliban bunu adamlara videonun qadağan edildiyini xatırlatmaq üçün edirdi.

“Çörəkqazanan” dari dilində “bəççe” kimi tanınan oğlan paltarlı qızlar haqqında deyil. Halbuki oğlan paltarı geyinmiş əfqan qız haqqında başqa filmlər də olub: Siddiq Barməkin çəkdiyi “Osama”, Disney-in Mulan (1998) və hətta Şekspirin “Onikinci gecə” kimi filmləri.

Twomey deyir ki, Pərvanə və Osama tamamilə fərqli obrazlardır. Onlar tamamilə fərqli yollardan, fərqli münasibətlərdən keçirlər:

“Mən “Çörəkqazanan” filmini uşaqların da baxa biləcəyi bir film kimi çəkmişəm. İstəmişəm ki, bu film tamaşaçıda ümid işığı yandırsın. Elə Pərvanənin öz ümid işığı kimi”.

XS
SM
MD
LG