Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Həbsdəki redaktor səhhətindən şikayətlənir


Əfqan Sadıqov
Əfqan Sadıqov

Azel.tv saytının həbsdə olan təsisçisi və redaktoru Əfqan Sadıqov həyatına təhlükə olduğunu bildirir.

Bu haqda onun həyat yoldaşı Sevinc Sadıqova danışıb. O, dünən, aprelin 2-də 17 saylı Cəzaçəkmə Müəssisəsində Əfqan Sadıqovla görüşüb.

Həyat yoldaşının deməsinə görə, əri bildirib ki, Kürdəxanıdakı istintaq təcridxanasında saxlanarkən ona soyuq olub:

“Xəstələndiyindən ona iynə vurulub. O vaxtdan onun səhhətindəki problemlər daha da şiddətlənib.

Kürdəxanıdan müəssisəyə qaytarıldıqdan sonra baş ağrıları, ürək bulanması, baş gicəllənmələri başlayıb. Ürək nahiyyəsindəki ağrıları ona möhkəm əziyyət verir. 10 gündən çoxdur ki, həkimlər bu problemi həll edə bilmirlər”.

Həyat yoldaşının sözlərinə görə, Əfqan Şadıqovun qan təziqi sürətlə qalxır.

“Belə olduqda iynə vurulur, təzyiq 2-3 saatlığa normala düşür. İynənin təsiri keçəndən sonra təziq yenidən yuxarı qalxmağa başlayır. Hər gün xeyli həblər içir, lakin heç bir xeyri yoxdur”, xanımı deyib.

S.Sadıqova cəzaçəkmə müəssisəsində olarkən həyat yoldaşının təzyiqinin yenidən qalxdığını, həkimlərin müdaxilə etdiyini bildirib. O, ərinin müalicə məqsədi ilə göndərilməli olduğunu ifadə edib.

Əfqan Sadıqovun sağlıq durumu ilə bağlı, hələlik, 17 saylı Cəzaçəkmə Müəssisəsindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanıb. O, icra hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub. Sadıqov bunu “qurama iş” adlandırıb.

2017-ci il yanvarın 12-də 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır xəsarət yetirmə) maddəsi ilə mühakimə olunub. Ona 2 il 6 ay həbs cəzası verilib.

Amma noyabrın 7-də Ali Məhkəmə ittihamı 127.1-ci (sağlamlığa həyat üçün təhlükəli olmayan az ağır xəsarət yetirmə) maddəyə tövsif edib və həbs cəzasını 1 il azaldıb.

Сəza müddətinin başa çatmasına az qalsa da onun həbs müddəti uzadıla bilər. Çünki iki ay əvvəl həbsdəki jurnalistə qarşı daha bir məhkəmə prosesi başlayıb. Əfqan Sadıqovu bu dəfə Cəlilabad Rayonun İcra Hakimiyyətinin keçmiş, Yasmal rayonunun yeni başçısı Əziz Əzizov böhtanda ittiham edir. O, jurnalistə həbs cəzası verilməsini tələb edir. Həmin məhkəmə prosesi bu günlərdə davam etdiriləcək.

Əfqan Sadıqov böhtanla bağlı ittihamı qəbul etmir. Məhkəmə ittihamı təsdiqləsə, jurnalistə əlavə 3 ilədək həbs cəzası verilə bilər.

Hüquq müdafiə təşkilatları Əfqan Sadıqovu siyasi məhbuslar siyahısına daxil ediblər.

Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Rəsmilər deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

XS
SM
MD
LG