Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:22

Əfqan Muxtarlı gözlənilmədən təcridxanaya qaytarıldı


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Jurnalist Əfqan Muxtarlının təcridxanaya qaytarıldığı bildirilir.

Qardaşı Elşən Muxtarlının deməsinə görə, jurnalisti bu gün, fevralın 9-u, saat 15:00 radələrində təcridxanaya aparıblar.

Əfqan Muxtarlı vəkilinin Penitensiar Xidmətin Baş İdarəsinə müraciət etdikdən sonra yaxınlarının 40 mərasiminə görə, müvəqqəti evə buraxılmışdı.

Jurnalist AzadlıqRadiosu-na demişdi ki, onu 2 günlüyə buraxıblar. Fevralın 10-u səhər təcridxanaya aparılacaq.

Buna da bax: Ə.Muxtarlı: 'Azad ediləcəyimi gözləmirəm'

“Ancaq onu bu gün, fevralın 9-u, saat 15:00 radələrində təcridxanaya geri apardılar”, – deyə Elşən Muxtarlı vurğulayıb.

Jurnalistin vəkili Elçin Sadıqov da deyib ki, elan edilmiş müddət başa çatmadan məhkum edilmiş şəxsin geri aparılması qanuni deyil.

Hələlik, bütün bu açıqlamalara Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Ötən il dekabrın 31-də Ə.Muxtarlının bacısı, bacısı uşağı və qardaşı uşağının mənzildə meyitlərinin tapıldığı haqda məlumat yayılmışdı. Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, ölümlər dəm qazından baş verib.

Buna da bax: Əfqan Muxtarlı: 'Söz tapa bilmirik bir-birimizə deməyə...'

Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparıblar. Meyitlər tibbi müayinə olunmaqdan ötrü Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbinin məlum olacağı açıqlanmışdı.

Xatırlatma

Jurnalist Ə.Muxtarlı ötən il mayın 29-u oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist hakimiyyət nümayəndəsinə müqavimət göstərmə, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilib.

Bakıda rəsmi qurumlar iddia edib ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu ilin yanvarında o, məhkəmənin qərarı ilə 6 il həbs cəzası alıb. Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini «siyasi sifariş» adlandırıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG