Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Ə.Muxtarlı: 'Azad ediləcəyimi gözləmirəm'


Əfqan Muxtarlı azadlıqda. 8 fevral 2018
Əfqan Muxtarlı azadlıqda. 8 fevral 2018

«Səhhətim normaldır, elə bir problem yoxdur».

Bunu həbsdə olan jurnalist Əfqan Muxtarlı deyib. Onu, bu gün fevralın 8-də yaxınlarının yas mərasimində (40 mərasimi) iştirak etməsindən ötrü müvəqqəti olaraq evə buraxıblar. Jurnalist fevralın 10-da təcridxanaya qaytarılmalıdır.

Ə.Muxtarlı deyib ki, ölkədə gedən proseslərdən hərtərəfli xəbər ala bilmir:

«Amma yerli hüquq müdafiəçiləri, beynəlxalq qurumlar Azərbaycanda siyasi məhbusların azadlığa çıxmaları üçün ciddi iş aparırlar».

Ə.Muxtarlı deyib ki, Azərbaycanda bütün məsələlərin həlli bir nəfərdən asılıdır:

«Hər şey dövlət başçısının nə deməsindən asılıdır. Onun hansı qərarı verəcəyini isə öncədən bilmək olmur».

Ə.Muxtarlı deyib ki, şəxsən azad ediləcəyini gözləmir.

Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Əfqan Muxtarlı yas mərasiminə buraxılıb

Bu gün, fevralın 8-də həbsdə olan jurnalist Əfqan Muxtarlı yaxınlarının yas mərasimində (40 mərasimi) iştirak etməsindən ötrü müvəqqəti evə buraxılıb.

Ə.Muxtarlının yaxınlarının 40 mərasimi fevralın 8-dədir. Vəkil Nemət Kərimli Ə.Muxtarlının yaxınlarının yas mərasimində iştirakından ötrü Penitensiar Xidmətin Baş İdarəsinə müraciət etmişdi.

Vəkil N.Kərimlinin bildirməsinə görə, Ə.Muxtarlı fevralın 8-də və 9-da ailəsi ilə birlikdə olacaq. Fevralın 10-da isə yenidən cəzaçəkmə yerinə qaytarılmalıdır.

Ötən il dekabrın 31-də Ə.Muxtarlının bacısı, bacısı uşağı və qardaşı uşağının mənzildə meyitlərinin tapıldığı haqda məlumat yayılmışdı. Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, ölümlər dəm qazından baş verib. Hadisənin Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi, bina 2, mənzil 14 ünvanında baş verdiyi açıqlanıb.

Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Nuranə Muxtarlının, onun bir azyaşlı övladının və qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

Hadisə baş verən zaman mənzildə N.Muxtarlının daha bir azyaşlı övladı olub, o, sağ qalıb.

Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparıblar. Meyitlər tibbi müayinə olunmaqdan ötrü Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbinin məlum olacağı açıqlanmışdı.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparıldığı bildirilirdi.

Əfqan Muxtarlıya 6 il həbs cəzası verildi
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Xatırlatma

Jurnalist Ə.Muxtarlı ötən il mayın 29-u oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunub.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edib ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Bu ilin yanvarında o, məhkəmənin qərarı ilə 6 il həbs cəzası alıb. Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini «siyasi sifariş» adlandırıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG