Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:35

Adil İsmayılova qarşı imza toplanır?


A.İsmayılov
A.İsmayılov

Bir neçə gündür ki, «ADİSAD» hüquq firmasının rəhbəri, vəkil Adil İsmayılovla (o həm də AzadlıqRadiosunun nümayəndəsidir – red.) Vəkillər Kollegiyasının rəhbərliyi arasında qalmaqal yaranıb. Sosial şəbəkələrdə qarşılıqlı ittihamlarla müşahidə olunan bu qalmaqal öncə A.İsmayılovun Vəkillər Kollegiyasına üzvlük haqqının artırılmasına etirazıyla başladı.

Facebook səhifəsində «Nüfuzumuz artdıqca üzvlük haqqı da artır. Bəlkə bir az...» məzmunlu status paylaşan vəkilin sonrakı yazılarından belə məlum olur ki, o, Vəkillər Kollegiyasının virtual qrupunda müzakirələr zamanı artımın bəzi vəkillərin büdcəsinə problemlər yaradacağını vurğulayaraq bir sıra təkliflər verib.

«Mütilik məni həmişə üzüb»

Amma müzakirələrə qatılan başqa vəkillər deyib ki, konfransın qərarı ilə qəbul edilmiş üzvlük haqqını Rəyasət Heyəti azalda bilməz. Di gəl, az sonra Rəyasət Heyəti bu məsələ ilə bağlı qərar verərək, üzvlük haqlarını bir il müddətinə azaltdı.

Daha sonra A.İsmayılov Vəkillər Kollegiyası üzvlərinin virtual qrupundan çıxdığını açıqladı. Həmin qrupda son yazdıqlarını Facebook səhifəsində də paylaşdı: «Mənim necə vəkil olmağım qrupdakıların hər birinə məlumdur. Azərbaycanda vəkilliyin inkişafı üçün etdiklərimi də bilənlər bilir. Vəkillikdə həmişə olan, bu gün isə ifrat forma alan mütilik məni həmişə üzüb. Hesab edirəm ki, sözünü deyə bilməyən, öz hüquqlarını qoruya bilməyən vəkilin kiminsə hüququnu qoruyacağı mümkünsüzdür... Dediklərimi dinləmək iqtidarında olmayan və eşitmək istəməyən bir qrupda qalmağı mümkünsüz hesab edirəm və bu gündən virtual vəkillər kollegiyasının üzvlüyündən istefa verirəm».

Bundan bir gün sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov özünün Facebook hesabında keçmiş prokurorluq işçisi, hazırda isə vəkil olan şəxslərə ünvanlanmış bir yazı paylaşıb: «Bəzi işdən qovulan keçmiş prokurorluq əməkdaşlarında vəkilliyə qarşı bir nifrət hissi olduğunu müşahidə edirəm, hətta öz səviyyələrinə, daha doğrusu, səviyyəsizliyinə uyğun vəkilləri alçaltmaq, aşağılamaq kimi uğursuz cəhdlər də müşahidə olunur. Psixoloqların və vəkillərin rəyi maraqlıdır, bu nə ilə bağlıdır? Şəxsən mənim üçün belələri harada işləməklərindən, yeni məşğuliyyətlərindən asılı olmayaraq, elə uğursuz prokurorluq əməkdaşları olaraq qalırlar».

A.Bağırovun bu yazısını öz səhifəsində də paylaşan A.İsmayılov Vəkillər Kollegiyasının sədrindən onu nəzərdə tutub-tutmasını soruşsa da, bu suala cavab ala bilməyib. Amma A.İsmayılov bildirib ki, əgər kollegiya sədri onu nəzərdə tutursa da, informasiyası yanlışdır. Çünki o, prokurorluqdan qovulmayıb, öz ərizəsi ilə işdən çıxıb.

A.Bağırov
A.Bağırov

Cavabsız suallar

Ardınca da o, Vəkillər Kollegiyasına aid maliyyə məsələləri ilə bağlı suallarını ünvanlayaraq cavablandırılmasını istəyib: «1. Deyirlər ki, rəhmətlik Azər Tağıyev sədrlikdən gedəndə 1 milyon manata kimi miras qoyubmuş, yeni rəhbərlik həmin pulların başına daş salıb;

2. Deyirlər ki, Anar müəllimin keçmiş patronu Fariz Məmmədov (ədliyyə naziri Fikrət Məmmədovun oğlu-red.) 12 saylı hüquq məsləhətxanasına müdir təyin edildikdən sonra orada Vəkillər Kollegiyasının vəsaiti hesabına super təmir aparılıb, indi oranı özəlləşdirmək istəyirlər;

3. Deyirlər ki, Anar müəllim yenə də Vəkillər Kollegiyasının vəsaiti hesabına müxtəlif vəkil bürolarını təmir etdirir. Bu təmir üçün həm də vəkillərdən pul yığılmaqla yanaşı, dövlət başçısının sərəncamı ilə vəkilliyin inkişafı üçün ayrılmış vəsait də silinir».

Adil İsmayılovun bu suallarına hələ ki, cavab verilməyib...

Amma Vəkillər Kollegiyası rəhbərliyinin vəkili cəzalandırmaq niyyətində olması barədə məlumat dolaşır. Bu məqsədlə Vəkillər Kollegiyasının üzvləri arasında imza toplanıldığı bildirilir.

«Bizim büroya həftəsonu bu barədə xəbər göndərildi. Hələ hazırlanıb verilməyib. Məzmun təxminən belə olmalıdır ki, Adil İsmayılov vəkilliyin və Vəkillər Kollegiyasının nüfuzuna xələl gətirən addımlara yol verib. Onunla bağlı məsələnin Rəyasət Heyətinin iclasına çıxarılması planlaşdırılır», – vəkillərdən biri AzadlıqRadiosuna belə deyib.

A.İsmayılov özü də ona belə xəbər çatdırıldığını söyləyir: «Mən də eşitmişəm bunu. Kim necə istəyir, elə də hərəkət eləsin...».

Anar Bağırov təkzib edir

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov isə AzadlıqRadiosuna bildirib ki, imzatoplama kampaniyası barədə deyilənlər əsassızdır: «Sosial şəbəkələrdə yayılan həqiqətəuyğun olmayan məlumatlarla bağlı Rəyasət Heyətinin bəyanatı var, biz orada öz mövqeyimizi bildirmişik. İmzatoplama məsələsinə gəlincə, yalandır. Vəkil müstəqil adamdır, peşəkar hüquqşünasdır, onu kim məcbur edə bilər ki, harasa imza atsın, hansısa kampaniyaya qoşulsun. Mənim bu barədə heç bir məlumatım yoxdur və inanmıram ki, belə bir şey olsun. Çox gülməli, absurd məsələdir».

Vəkil olmaq istəyənlər imtahan verdi
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Rəyasət Heyətinin bəyanatında isə deyilir ki, Vəkillər Kollegiyası üzvlərinin 2017-ci ildə keçirilən sonuncu hesabat konfransında vəsaitlər, onların hansı məqsədlərə xərclənməsi barədə üzvlərə hesabat verilib: «Vəkillər Kollegiyası öz fəaliyyətində ictimaiyyətə açıqlıq, şəffaflıq, vəsaitlərə qənaət prinsiplərini rəhbər tutaraq, vəkilliyin inkişafı, xüsusən əhalinin peşəkar hüquqi yardıma olan ehtiyaclarının lazımi həddə ödənilməsi üzrə çoxşaxəli işlər həyata keçirir. Hazırda da Kollegiya öz üzvlərinə gəlir və xərclər barədə onları maraqlandıran məlumatları verməkdə hər hansı maneənin olmadığını bildirir».

Bəyanatda bildirilir ki, sosial şəbəkələrdə maliyyə məsələləri barədə yayılanlar böhtan və yalandır, «Vəkillər Kollegiyasının rəhbərliyinə ləkə yaxmaqla ictimaiyyətin Kollegiyaya olan etimadını və vəkil peşəsinin nüfuzunu sarsıtmağa hesablanıb». Qurum bu bəyanatları yayanlardan ən qısa zamanda təkzib tələb edir.

Son bir neçə ildə Vəkillər Kollegiyasında xeyli vəkilin fəaliyyəti dayandırılıb, bəzilərinin fəaliyyətinə birillik məhdudiyyət tətbiq olunub. Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir. Vəkillər Kollegiyası bu iddiaları rədd edir, onları qanunvericiliyin tələblərini pozmaqda günahlandırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG