Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:10

Deputat Adil Əliyevdən Almaniya polisinə şikayət olunub


Adil Əliyev
Adil Əliyev

Milli Məclisin deputatı Adil Əliyevin martın 31-də Köln şəhərində keçirdiyi tədbirdə yaşanmış qalmaqalı Almaniyanın hüquq-mühafizə orqanları araşdırır. Çünki qalmaqal zamanı xəsarət aldığını iddia edən şəxslər polisə müraciət ediblər. Şikayətçilər arasında tədbirdə söz verilsə də, Azərbaycan hökumətini tənqid etdiyinə görə çıxışı yarımçıq dayandırılıb zaldan çıxarılan Rauf Babayev, 40 ildən çoxdur Almaniyada yaşayan Rövşən Qəmbər (Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin qardaşı) də var. Şikayət ərizələrində insidentlə bağlı cinayət işi başlanması, zorakılıqda iştirakı olanların Almaniyaya girişinin qadağan olunması və təzminat tələbi qoyulub.

***Buna da bax-Əli Həsənov: 'Hədəf birinci şəxsin və komandasının...'

100 min avro təzminat tələbi

«Tədbirin təşkilatçılığını Adil Əliyev öz üzərinə götürdüyünə görə məsuliyyəti də o daşıyır. Almaniyanın qayda-qanunlarına zidd hərəkət ediblər. Konfrans adı altında başqa məqsədlə keçirilən o tədbirdə Almaniyada yaşayan azərbaycanlı gəncə söz verilsə də, çıxışı xoşlarına gəlmədiyinə görə onu döyə-döyə oradan uzaqlaşdırdılar. Mən həmin gənci müdafiə etdim. Sonra tribunaya yaxınlaşmaq istəyəndə məni tutub qollarımı burdular, çıxarıb pilləkənin başında təpikləyə-təpikləyə tədbirdən çıxartdılar. Bütün bunlara görə Adil Əliyevdən alman polisinə şikayət etmişəm. Mənə dedilər ki, təzminat da istəyə bilərsən. Ona görə 100 min avro təzminat tələbi də qoymuşam», – R.Qəmbər AzadlıqRadiosuna bildirib.

Tədbirdə çıxışı dayandırılan gənc: «Mənə xəsarət yetirilib»

Almaniyada yaşayan gənc siyasi mühacir R.Babayevin tədbirdəki çıxışının görüntüləri sosial şəbəkələrdə yayılıb. Öncə deputat A.Əliyevin ünvanına xoş sözlər söyləyən R.Babayev ardınca tənqidlərə keçir: «Bu çıxışım bəlkə də sizin fikirlərinizlə üst-üstə düşməyə bilər. Bizim ürəyimiz Azərbaycanla döyünür. Siz «İlhamla irəli» şüarını bu tədbirə əlavə eləmisiniz. Amma mən və mənim kimi yüzlərlə gənci Azərbaycandan didərgin salan indiki hakimiyyətdir. Siz bu gün Cümhuriyyətlə bağlı tədbir keçirirsiniz, amma Vətənimizdə Cümhuriyyətin bütün dəyərlərini indiki hakimiyyət məhv edir. Mən əminəm ki, bütün vicdanlı insanlar...».

Bu yerdə A.Əliyev «Xahiş edirəm, bizim tədbirimizi siyasi polemikaya çevirmə...» deyib kürsüyə yaxınlaşır və onun çıxışını dayandırır. Daha bir neçə nəfər gəlib R.Babayevi məcburi şəkildə uzaqlaşdırırlar.

***Buna da bax-Qənimət Zahid: 'Heydərizmin ictimai rəydə əzəmətini itirməsindən qorxurlar'

R.Babayev AzadlıqRadiosuna bildirib ki, daha sonra onu tədbir keçirilən məkanın yeməkxanasına aparıb orada döyüblər. Dediyinə görə, nəticədə qabırğası və böyrəyi zədələnib. Bu haqda tibbi rəy də alıb: «Həyati təhlükəli zədələr deyil. Həkim bir məlhəm, bir də dərman yazdı, dedi ki, bunlarla keçəcək».

R.Babayev deyir ki, o, şikayət ərizəsində Kikboksinq Federasiyasında A.Əliyevin müavini olan Güloğlan Cabbarovdan şikayətçi olub: «Məni döyən üç nəfərdən biri o idi. Mən təzminat istəməmişəm, cinayət işi başlanması, bu adamların Almaniyaya girişinə qadağa qoyulmasını istəmişəm. Əvvəlcə həmvətənlərimdir deyə, şikayətçi olmaq istəmirdim. Ona görə də hadisə günü yox, bir gün sonra polisə müraciət etdim. Adil Əliyevin mənim haqqımda «söyüş söyən dəstənin bir üzvü gəlib tədbirimizi pozmaq istədi, alınmadı» yazmasından sonra fikrimi dəyişdim».

«Onların məqsədi təxribat yaratmaq idi»

Deputat A.Əliyev isə ünvanına səslənən ittihamlarla razılaşmır. O, Facebook sosial şəbəkəsində yazıb ki, qarşı tərəfin məqsədi toplantıda iştirak yox, təxribat yaratmaq olub: ​

«Mən zalda çıxış edəndə xəbər gəldi ki, çöldə 10-15 nəfər qışqırıb-bağırır. Nümayəndələrimi göndərdim ki, onları içəri dəvət etsinlər. Söyüş qrupunun liderləri nümayəndəmin təklifinə belə cavab verib ki, prezidenti təhqir edən şəkillərlə içəri daxil olacaqlar. Demək, onların məqsədi toplantıda iştirak etmək yox, təxribat yaratmaq olub. Hansı ağlı başında olan insan təxribatçılara toplantını pozmağa imkan verər?».

Qarşıdurma zamanı siyasi mühacirləri döyən şəxslərin Bakıdan gedən idmançılar olması iddialarına gəlincə, A.Əliyev söyləyir ki, Kikboksinq Federasiyasının iki üzvü onunla birlikdə gedib, qalanları Almaniyada yaşayan gənclər olub: «Dünyanın müxtəlif ölkələrində idmançı dostlarım var və hər zaman mənim tədbirlərimə qatılırlar».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG