Keçid linkləri

Təcili xəbərlər
2020, 08 Avqust, şənbə, Bakı vaxtı 13:42

Əli Həsənov: 'Hədəf birinci şəxsin və komandasının...'


Ə.Həsənov

Bu gün, martın 30-da Mətbuat Şurasının təşkilatçılığı ilə «İnternet media və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: Media həmrəyliyi» mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə prezidentin köməkçisi Əli Həsənov çıxış edib

APA-nın xəbərinə görə, Ə.Həsənov deyib ki, Azərbaycanda Facebook, Twitter, Youtube, Instagram və bu kimi sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxındır. O, bunu Azərbaycan kimi 10 milyon əhalisi olan ölkədən ötrü böyük göstərici adlandırıb.

Prezident köməkçisi vurğulayıb ki, Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə pozitiv münasibətindən bəzi dairələr sui-istifadə edir.

«Müəyyən xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir», - deyə Ə.Həsənov bildirib.

Ə.Həsənov hesab edir ki, bunu edənlər bəzi dairələrin təsiri altında olan ayrı-ayrı qruplardır.

***Buna da bax-Siyasətdə söyüş... [Video]

«Bu işə xarici ölkələrdə…soydaşlarımızı qoşublar»

Prezidentin köməkçisi deyib ki, 2015-ci ildən üzü bəri dövlət başçısının şəxsiyyətinə, ailə üzvlərinə, komandasına, vəzifəli şəxslərin ailə üzvlərinə qarşı çirkin kampaniya aparılır. Onun fikrincə, bu, anti-Azərbaycan mərkəzlərin fəaliyyəti ilə sinxronluq təşkil edir.

Ə.Həsənov vurğulayıb ki, son zamanlar, xüsusən də Azərbaycanda növbədənkənar seçkinin vaxtı bəlli olduqdan sonra bəhs olunan mərkəzlər məkrli «Azərbaycan layihəsi»ni dövriyyəyə buraxıblar: «Bu işə xarici ölkələrdə müxtəlif vasitələrlə öz təsirləri altında saxladıqları bəzi soydaşlarımızı qoşublar. Qısa zaman kəsiyində bu çirkin kampaniya ifrat həddə çatdığına görə ölkənin informasiya siyasətinə, diaspora nümayəndələri ilə əlaqələrə məsul şəxs kimi mən mövcud durumun kəskinliyi barədə xüsusi bəyanatla çıxış etdim və ölkə ictimaiyyətini məlumatlandırdım».

***Buna da bax-Qənimət Zahid: 'Heydərizmin ictimai rəydə əzəmətini itirməsindən qorxurlar'

Ə.Həsənov daha sonra da deyib: «Məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb – hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla, ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır».

Xatırlatma

Prezidentin köməkçisi bir müddət öncə də Facebook səhifəsində oxşar mövzuda Azərbaycandan gedən mühacirlərə üz tutmuşdu. O, öz statusunda bildirib ki, məqsədi getdikcə genişlənən qeyri-əxlaqi mübarizə üsullarını aradan qaldırmaq, «qeyri-əxlaqi» davranış sahiblərinin xalqın nifrətini qazanacaqlarına onları inandırmaq olub.

***Buna da bax-Əli Həsənov mühacirlərə səsləndi

Ancaq o yazıb ki, həmin şəxslər polemika mədəniyyətlərinin olmadığını bir daha nümayiş etdiriblər. Həmin statuslarında prezidentin köməkçisi bəzi mühacirlərə üz tutaraq yazıb ki, «heç olmasa, aralarında yaşadığınız bu avropalılardan siyasi mübarizə mədəniyyəti öyrənəydiniz».

Ona cavab olaraq isə hazırda Avropada yaşayan bir sıra mühacirlər bildirmişdilər ki, Ə.Həsənov və onun təmsil olunduğu hakimiyyət təmsilçilərinin özləri sivil mübarizə metodlarından uzaqdırlar. Mühacirlər iddia edirlər ki, onlardan qisas almaq məqsədilə Azərbaycandakı qohumlarını incidirlər. İddialara görə, hətta qadınları, uşaqları belə polisə aparıb hədələməkdən çəkinmirlər.

Azərbaycanın hüquq-mühafizə orqanları isə bayan ediblər ki, ölkədə heç kim qohumlarının siyasi əqidəsinə görə basqılarla üzləşmir və belə şikayətlərin heç bir əsası yoxdur.

Son həftələr Azərbaycandan mühacirət edən bəzi siyasi fəallar Avropa şəhərlərində prezident İ.Əliyevin nümunəsində «diktatoru tanıdaq» adlı aksiyalar keçirirlər.

Ə.Həsənov isə sözügedən statuslarının birində iddia etmişdi ki, prezident İlham Əliyevə opponentlik edənlərin öz mübarizələrini sərbəst formada Azərbaycanda aparmasından ötrü bütün şərait var.

XS
SM
MD
LG