Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 00:17

Jurnalistlərə məhkəmələrində iştirak etmədiklərinə görə təzyiq edildiyi deyilir


"Abzas Media" jurnalistləri
"Abzas Media" jurnalistləri

"AbzasMedia" nəşrinin həbsdə olan jurnalistlərinin məhkəmə proseslərində iştirak etmədiklərinə görə saxlandıqları təcridxanada təzyiq və məhdudiyyətlərə məruz qaldığı bildirilir.

Bu barədə "AbzasMedia" həbsdə olan əməkdaşlarının yaxınlarına istinadən məlumat yayıb.

Məlumata görə, jurnalistlərə saxlandıqları Bakı İstintaq Təcridxanasında ailə üzvləri ilə üzbəüz görüşlər qadağan olunub və təcridxana rəhbərliyi onlarla təhqiramiz rəftar edir.

Hələlik, bu açıqlamaya Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

4 mart

'AbzasMedia'nın həbsdəki jurnalistləri öz məhkəmələrinə gəlməkdən imtina edirlər

"AbzasMedia işi" üzrə həbsdə olan jurnalistlər istintaq təcridxanasında, eləcə də məhkəməyə gətirilərkən onlara qarşı yaşananların araşdırılmamasına etiraz olaraq yenə də məhkəmədə iştirakdan imtina ediblər. Nəşrin təsisçisi və icraçı direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), jurnalistlər Elnarə QasımlıNərgiz Absalamova martın 4-nə təyin olunmuş məhkəmə iclasına gəlməyiblər. Bu üzdən "AbzasMedia işi" üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində martın 4-nə təyin edilmiş məhkəmə iclası baş tutmayıb.

Bu, artıq üçüncü iclasdır ki jurnalistlər iştirakdan imtina etdiyinə görə ertələnir. Onlar yaydıqları bəyanatda bildiriblər ki, məhkəmə onlara qarşı zorakılıq və pis rəftarla bağlı səmərəli araşdırma aparmayıb, qanunsuz hərəkətlərə yol verən şəxslər indiyədək cəzalandırılmayıb: "Bu da onu göstərir ki, bizə qarşı zorakılıqlar özfəaliyyət deyil, siyasi sifarişdir. Biz heç bir halda qanunsuzluqlara göz yummayacağıq".

"AbzasMedia işi" üzrə təqsirləndirilən jurnalistlər Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclaslara gətirilərkən saatlarla zirzəmidə - soyuq və natəmiz şəraitdə saxlandıqlarını iddia edirlər.

Məhkəmə prosesinə sədrlik edən hakim Rasim Sadıxov jurnalistlərin narazılığından sonra dustaqların saxlandığı yeri görməkdən ötrü sözügedən otağa baş çəkdiyini deyib: "Şəxsən özüm gedib baxdım, vəziyyətlə tanış oldum. Deyildiyi kimi natəmiz şərait deyildi".

Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistlərə qarşı pis rəftarla bağlı deyilənləri təkzib edib.

Xatırlatma

"AbzasMedia" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və direktor müavini Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.

"AbzasMedia işi" üzrə toplam 7 jurnalist həbsdədir. Onların sırasında AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadə, hazırda fəaliyyətini dayandırmış "Turan" İnformasiya Agentliyinin redaktoru Hafiz Babalı da var.

Təqsirləndirilən şəxslərə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib.

Bu ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Son bir ildə Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 300 siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.

XS
SM
MD
LG