Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 21:16

Rusiya ərazisinə zərbələr: ABŞ tövsiyə etmir, amma qərar Kiyevindir


Antoni Blinken
Antoni Blinken

Vaşinqton Kiyevə ABŞ və onun müttəfiqləri tərəfindən verilən silahlardan Ukrayna ərazisindən kənarda istifadə olunmasını tövsiyə etmir, amma Ukrayna bu silahdan daha səmərəli istifadə etmək qərarını özü verməlidir.

Bunu ABŞ Konqresi Nümayəndələr Palatasının xarici işlər komitəsində keçirilən dinləmədə ABŞ dövlət katibi Antoni Blinken deyib.

O vurğulayıb ki, ABŞ və müttəfilərinin vəzifəsi Ukraynanı Rusiya müdaxiləsini dəf etməsinə lazım olan silahlarla təchiz etməkdir.

Blinken bu yaxınlarda Kiyevə səfər zamanı demişdi ki, ABŞ Ukraynanın öz sərhədləri xaricinə zərbələr endirməsini təqdir etməsə də, Ukrayna müharibəni necə aparması barədə öz qərarlarını qəbul etməlidir.

Konqres üzvləri Ceyk Sallivanı günahlandırırlar

Komitənin respublikaçı rəhbəri Maykl Makkol da daxil ABŞ Konqresinin bir sıra üzvləri mayın 22-də keçirilən dinləmə zamanı Blinkendən, Co Bayden administrasiyasının Ukraynaya Amerika silahları ilə Rusiya ərazisinə zərbə endirməsinə niyə icazə verməməsini soruşublar.

Onlar belə bir iddia ediblər ki, belə bir qadağanın təşəbbüsçüsü milli təhlükəsizlik müşaviri Ceyk Sallivandır və Konqres Ukraynaya yardımlar ayırarkən belə məhdudiyyətlər qoymayıb.

Bundan əvvəl Nümayəndələr Palatasının spikeri Mayk Conson da bəyan etmişdi ki, Ukraynaya lazım bildiyi kimi vuruşmaq imkanı verilməlidir.

Daha əvvəl isə ABŞ Konqresinin 13 üzvü Ukraynaya ABŞ silahından Rusiya ərazisinə zərbələr endirməsi üçün icazə verilməsinə çağırmışdılar. Bu barədə Pentaqona göndərilmiş məktubu həm demokrat, həm də respublikaçı millət vəkilləri imzalamışdılar.

Müraciət müəllifləri hesab edirlər ki, Rusiya ordusunun Xarkov üzərinə fasiləsiz hücumlarının baş verdiyi bir vaxtda prezident Bayden Ukrayna hərbçilərinə Rusiyanın hücumuna cavab üçün “əməliyyatların bütün spektrindən” istifadə etmək icazəsi verməlidir.

Ağ Ev mövqeyini dəyişməyib

Bundan bir həftə əvvəl, mayın 15-də Politico saytı yazırdı ki, Ukrayna Rusiyanın yeni hücumları ilə bağlı ona Rusiya ərazisinə zərbələr endirməsi üçün icazə verilməsini tələb edir.

Sayt iddia edirdi ki, buna baxmayaraq Ağ Evin mövqeyi dəyişməyib: Ukraynaya silahlar hücum yox, müdafiə üçün verilir.

Bundan əvvəl Londonun Ukraynaya Britaniya silahlarından Rusiya ərazisinə zərbə endirilməsi üçün istifadə etməsinə icazə verməsi Moskvanı hiddətləndirmişdi.

Moskva bu həftə qeyri-strateji nüvə silahı ilə təlimlərə başladığını elan edib və bildirib ki, bu təlimlər Qərb siyasətçilərinin Ukraynanı Rusiya ərazisinə zərbələr endirməyə çağırmasına cavabdır.

Ukrayna indilik Rusiya ərazisindəki obyektlərə öz istehsalı olan dronlarla zərbələr endirir. Bundan başqa Rusiyanın cəbhə xəttinə ən yaxın şəhəri Belqorod artilleriya silahları ilə atəşə tutulur.

Kiyev belə zərbələri rəsmən şərh etmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG