Keçid linkləri

2026, 01 Mart, bazar, Bakı vaxtı 02:33

Tramp Xameneinin öldüyünü elan etdi

update
ABŞ-İsrail-İran müharibəsi başladı: İran ətrafında əslində nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00

ABŞ-İsrail-İran müharibəsi başladı: İran ətrafında əslində nə baş verir?

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir.

Tramp: Xamenei ölüb

ABŞ prezidenti Donald Tramp İranın Ali lideri Əli Xameneinin öldüyünü bəyan edib.

"Tarixin ən pis adamlarından biri olan Xamenei ölüb", - o, özünün "Truth Social" platformasında yazıb.

Rəsmi Tehran Xameneinin ölümünü təsdiqləmir.

Azərbaycan XİN tərəfləri danışıqlar masasına qayıtmağa çağırır

"Regionda və qlobal səviyyədə təhlükəsizlik, sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur". -Azərbaycan Xarici İşlər Nazirliyinin ( XİN) bəyanatında belə deyilir.

"Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq", - bəyanatda əlavə edilir.

Azərbaycan XİN hesab edir ki, BMT Nizamnaməsinə, beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət olunması vacibdir.

İranda məktəbə zərbə endirildi - Onlarla ölü olduğu deyilir

ABŞ və İsrailin İrana hücumu zamanı Minab şəhərində məktəbə zərbələr endirilib.

Rusiya XİN İrana zərbələri 'təhlükəli avantüra' sayır

Rusiya Xarici İşlər Nazirliyi (XIN) ABŞ ilə İsrailin hərəkətlərini "əvvəlcədən planlaşdırılmış, səbəbsiz silahlı təcavüz aktı" və "təhlükəli avantüra" adlandırıb.

Moskva ABŞ administrasiyasını "dünya nizamının beynəlxalq hüquqi dayaqlarına sabitliyi pozan zərbələr vurmaqda" ittiham edir.

"Vəziyyətin dərhal siyasi və diplomatik həll yoluna qaytarılmasını tələb edirik", - bəyanatda deyilir.

Xəritə: ABŞ hərbi obyektləri və İran raketlərinin uçuş məsafəsi

Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşlar dayandırılır

Yaxın Şərqdə son hadisələrlə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən "Azərbaycan Hava Yolları" (AZAL) Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə uçuşları dayandırıb.

Qurumdan AZƏRTAC-a bildirilib ki, sərnişinlər sözügedən istiqamətlər üzrə əldə etdikləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirə bilərlər.

Astara sakini: "Rayonda sakitlikdir"

Astara rayon sakini Tarif Əliyev AzadlıqRadiosuna deyib ki, rayonda sakitlikdir. O vurğulayıb ki, səhər sərhəddə yaxın mağazaların da yanında olub. Eşidib ki, İrandan Azərbaycana köç edən yoxdur: "Orada elə bir qələbəlik yox idi. Adi həyat davam edir. Heç bir dəyişiklik yoxdur".

Astara sakinlərinin sözlərinə görə, səhər saatlarında yerli polislərdən də sərhədə baş çəkənlər olub.

+++

Tehrandakı şahidlər hökumət məhəlləsində partlayışların videosunu paylaşırlar.

İranın "Tasnim" dövlət xəbər agentliyi yazır ki, prezident sarayının ərazisinə və Ali Lider Əli Xameneinin Tehrandakı iqamətgahına ən azı yeddi raket düşüb. "Reuters"in mənbəsinin məlumatına görə, Xamenei hücum zamanı paytaxtda olmayıb, onun təhlükəsiz yerə aparıldığı bildirilir.

Xameneinin iqamətgahına hücumdan sonrakı peyk görüntüləri dərc edilib.

Bakı-Naxçıvan-Bakı avtobus reysləri dayandırılıb

Təhlükəsizlik məqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, fevralın 28-də Bakıdan Naxçıvana olan 19:00, 20:00 reysləri, Bakıdan Şərura olan 21:00 reysi, Naxçıvandan Bakıya olan 15:30, 16:30 və 17:30 reysləri, eləcə də Şərurdan Bakıya olan 16:30 reysi müvəqqəti təxirə salınır.

Açıqlamaya görə, yük nəqliyyat vasitələrinin isə İran-Azərbaycan sərhədindən keçməsi ilə bağlı hər hansı bir problem yaşanmır və məhdudiyyət tətbiq olunmur. Hər hansı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək.

İran İsrailə və regionun digər ölkələrinə raket zərbələri endirir

İsrail fevralın 28-də səhər İran ərazisindən buraxılan raket və dronlar səbəbindən bir neçə dəfə hava həyəcanı elan edib.

Atılan raketlərin sayı barədə hələlik məlumat yoxdur. İsrail Müdafiə Qüvvələri bir sıra yerlərdə raketlərin hədəfə çatdığını təsdiqləyib. Tələfat və ya xəsarət alanlar barədə məlumat verilmir.

Yəmənin paytaxtına nəzarət edən iranyönlü "Ənsar Allah" (Husilər) qrupu da İsrailə zərbələr endirəcəyini açıqlayıb.

Bəhreyn, Qətər və BƏƏ-yə zərbələr

Fevralın 28-i, günortadan sonra Bəhreyndə həyəcan siqnalı verilib. Orada ABŞ Hərbi Dəniz Qüvvələrinin bazası yerləşir. Sonradan sosial mediada Bəhreyndə qara tüstünün qalxmasına aid videolar yayılıb. Videoda zərbənin bazadakı bir obyekti hədəf aldığı görünür.

Bəhreyn hakimiyyəti ölkə ərazisinə, xüsusən də ABŞ-nin Beşinci Donanmasının texniki xidmət mərkəzinə zərbələr endirildiyini təsdiqləyib. Detallar hələ də məlum deyil.

Qətər hakimiyyəti ərazilərinə atılan raketlərin vurulduğunu bildirib. Ölkədə ABŞ-nin bölgədəki ən böyük "Əl-Udeyd" bazası yerləşir.

İranın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı Küveytdəki ABŞ hərbi obyektlərinə də hücum etdiyi bildirilir. BƏƏ-nin dövlət xəbər agentliyi zərbəni təsdiqləyərək bir neçə raketin tutulduğunu iddia edib. "Reuters"in məlumatına görə, Əbu-Dabidə vurulan raketin qalıqları düşəndə bir nəfər həlak olub.

İranın hücumlarına məruz qalan bütün ölkələr Tehranı qınayıb və cavab vermək hüququnu özlərində saxladıqlarını bildiriblər.

Azərbaycan XİN İran və İsrailə səfərlərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) fevralın 28-də ölkə vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə səsləyib.

Nazirliyin açıqlamasında vurğulanır ki, "İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını bu ölkəyə getməkdən çəkinməyə, hazırda orada olanların isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq".

Müraciətdə habelə Azərbaycan vətəndaşları İsrailə səfərdən də çəkinməyə dəvət edilir.

ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb

ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb. Bunu ABŞ prezidenti Donald Tramp "Truth sosial" şəbəkəsində yazıb. İsrail isə fevralın 28-də İrana "qabaqlayıcı zərbə" endirdiyini bildirib.

"İsrail dövləti özünə təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı hücuma başlayıb", – müdafiə naziri İsrael Kats bildirib.

ABŞ-nin iki yüksəkrütbəli rəsmisi AzadlıqRadiosuna Amerikanın İrana hərbi zərbələr endirdiyini təsdiqləyib.

"Azadlıq saatınız yaxındadır"

Sosial mediada videomüraciətində Tramp deyib ki, məqsədi "İran rejiminin yaratdığı təhdidləri aradan qaldıraraq Amerika xalqını qorumaqdır".

"Bu bəyanatı rahat çatdırmıram. İran rejimi öldürmək istəyir", – Tramp videoda deyir.

"Azadlıq saatınız yaxındadır", – Tramp aşkar şəkildə İran xalqına müraciətlə deyib.

İranda dekabrın sonu və yanvarda kütləvi etirazlar vaxtı Tramp Tehranı etirazçılara qarşı zorakılıq baş verərsə, hərbi addımlarla hədələmişdi.

Ötən il 12 günlük İran-İsrail münaqişəsinin sonunda ABŞ İranın nüvə obyektlərini bombalayıb. Tramp bundan sonra da Tehranın nüvə proqramını yenidən qurmağa çalışmaqda ittiham edib.

Tehranın mərkəzində partlayışlar baş verdiyi bildirilir. Sosial mediada yayılan foto və videolarda şəhərin üzərində tüstü qalxdığı görünür.

İtkilər barədə məlumat yoxdur.

ABŞ və İsrail İranı vurdu
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

SEPAH-a yaxın "Tasnim" agentliyi İranın hava məkanının bağlandığını xəbər verir.

İsrail Müdafiə Qüvvələri (SAXAL) bildirir ki, sakinlərə mühafizə olunan ərazilərin yaxınlığında qalmaq üçün təlimat verilib.

Bu həftə Cenevrədə ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu başa çatıb. Növbəti raundun gələn həftə Vyanada keçiriləcəyi açıqlanıb.

Vaşinqton bu müddətdə hərbi qüvvələrini regiona cəmləyib. Dünyada ən böyük təyyarədaşıyan "USS Gerald R.Ford" gəmisinin fevralın 27-də İsrailə çatacağı gözlənirdi.

"Reuters" İsrailin müdafiə rəsmisinə istinadla zərbələrin Vaşinqtonla koordinasiya olunduğunu yazır.

XS
SM
MD
LG