Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərib. Ukrayna ordusu bu raketlərdən Rusiya ərazisinə zərbələr endirmək üçün də istifadə edir. Bu barədə "Bloomberg" mənbələrinə istinadla yazıb.
Göndərilən raketlərin sayı açıqlanmayıb. Ancaq "Bloomberg" onların sayının qış ayları üçün yetərincə olduğunu qeyd edir. Agentliyin mənbələrinin fikrincə, bu dövrdə Rusiya Ukrayna ərazisindəki infrastruktur obyektlərinə zərbələri gücləndirəcək.
Londonun bu addımı ABŞ prezidenti Donald Trampın yaxın zamanda Ukraynaya "Tomahawk" qanadlı raketləri verməmək qərarı ilə bağlı ola bilər. "Storm Shadow" raketləri "Tomahawk" qədər uzaqmənzilli olmasa da, Rusiya ərazisində bir neçə yüz kilometr dərinliyi vura bilir.
Ukrayna ilk dəfə 2024-cü ilin noyabrında bu raketlərlə Rusiya hərbi obyektlərini vurub. Britaniya hakimiyyəti son məlumatı nə təsdiq, nə təkzib edib.
Tramp yenə də Ukraynaya 'Tomahawk' verilməyəcəyini deyir
ABŞ prezidenti Donald Tramp bir daha bildirib ki, Kiyevə "Tomahawk" raketlərinin verilməsini nəzərdən keçirmir. Ukrayna bu uzaqmənzilli silahların Rusiyaya cavab zərbələri üçün vacib olduğunu deyir.
Noyabrın 2-də "Air Force One" təyyarəsində jurnalistin "Ukraynaya bu müasir qanadlı raketləri verməyi düşünürsünüzmü" sualına Tramp "Xeyr, yəqin ki, yox" cavabını verib. Amma o, fikrini dəyişə biləcəyini də əlavə edib.
Öncəki bəyanatlar
Tramp bir neçə dəfə ölkəsinin Ukraynaya "Tomahawk" raketləri verə biləcəyindən danışıb. Son vaxtlar isə bunun əksini deyir.
"Deyə bilərəm ki, "əgər bu müharibə həll olunmasa, Ukraynaya "Tomahawk" göndərə bilərəm". Rusiya bunu istəməz", –Tramp oktyabrın 12-də jurnalistlərə demişdi.
Tramp həmçinin Tomahawk raketlərinin ABŞ ordusuna da lazım olduğunu demişdi.
CNN isə oktyabrın 31-də məsələdən agah, adları açıqlanmayan ABŞ və Avropa rəsmilərinə istinadla xəbər verib ki, Pentaqon Ukraynaya "Tomahawk"ların verilməsinin ABŞ-nin ehtiyatlarına mənfi təsir etməyəcəyi qənaətinə gəlib və Ağ evə yaşıl işıq yandırıb. Amma bu xəbəri nə Pentaqon, nə də Ağ ev şərh edib.
Oktyabrın 17-də Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda görüşdən sonra bildirib ki, o, Tramp ilə "Tomahawk" raketləri məsələsini müzakirə edib, danışıqlardan sonra bu raketlərin alınma ehtimalına daha az nikbin yanaşır.
"Tomahawk"ın uçuş məsafəsi 1600- 2500 kilometri əhatələyə bilər.
Rusiya daha öncə Vaşinqtona Ukraynaya "Tomahawk" verməməklə bağlı xəbərdarlıq edib. Prezident Vladimir Putin deyib ki, bu, ABŞ və Rusiya arasında "eskalasiyanın tamamilə yeni səhifəsi" demək olar.
Rusiyada neft obyektləri vurulur
Ukrayna "Tomahawk" raketlərini Rusiyanın dərinliklərində neft və enerji obyektlərini vurmaq üçün istəyir. Amma bu raketlərsiz belə zərbələri dronlarla gerçəkləşdirir.
Noyabrın 2-də Ukrayna Rusiyanın Tuapse Qara dəniz limanına dron zərbəsi endirdiyini, neft tankerinin alışdığını, liman infrastrukturuna ziyan dəydiyini açıqlayıb.
Rusiya rəsmiləri də zərbəni təsdiqləyib.
Zelenski isə noyabrın 2-də deyib ki, Almaniya Ukraynaya ABŞ istehsalı "Patriot" havadan müdafiə sistemləri verib. O, sistemlərin nə vaxt çatdırıldığını, neçə sistem və ya raket verildiyini dəqiqləşdirməyib. ABŞ "Patriot" sistemlərini birbaşa vermir; NATO üzvlərinə satır, onlar da bu sistemləri Kiyevə ötürür.