Vaşinqton və Moskva arasında müddəti başa çatmış "START-3" sazişinə qeyri-rəsmi əməl etməklə bağlı "centlmen razılaşması" yoxdur. Bunu ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi deyib. Sözügedən saziş nüvə silahlarını məhdudlaşdırırdı.
Dövlət katibinin köməkçisi Kristofer Yeau fevralın 17-də Hadson İnstitutunda çıxışı zamanı belə bir razılaşmadan xəbəri olmadığını deyib. Ona sazişin müddəti bitsə də, tərəflərin "START-3" məhdudiyyətlərinə gizli riayət edib-etmədiyi haqda sual verilib.
"Axios" fevralın 5-də danışıqlarla tanış üç mənbəyə istinadla yazıb ki, ABŞ və Rusiya müddəti başa çatan "START-3" silahlara nəzarət sazişinə əməl etməklə bağlı razılaşmaya yaxınlaşırlar.
"START-3" –Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsini ABŞ və Rusiya 2010-cu ildə imzalayıb. Hər bir tərəf 1550-dən çox döyüş başlığı saxlaya bilməzdi. Saziş fevralın 5-də qüvvədən düşüb.
Prezident Donald Tramp dövründə ABŞ silahlara nəzarət məsələsində daha sərt mövqe sərgiləyir. Administrasiya "START-3"ın müddətinin başa çatmasına imkan verib. Rəsmilərin sözlərinə görə, Çini də əhatələyəcək daha geniş, üçtərəfli çərçivə hazırlanır.
"START-3" qeyri-strateji (taktiki) nüvə silahlarını əhatə etmirdi, Çinə heç bir məhdudiyyət qoymurdu.
Yeau bu boşluqları əsas qüsurlar adlandırıb. Onun sözlərinə görə, Rusiya hələ müddəti bitməmişdən müqavilənin tam icrasından geri çəkilmişdi, indi Vaşinqton öz mövqeyini dəyişməkdə sərbəstdir.
"Biz artıq "START-3" müqaviləsinin limitlərinə bağlı deyilik", – rəsmi vurğulayıb.