Pentaqon rəhbəri Pit Heqset ABŞ ordusunda Avtonom Döyüş Sistemləri Komandanlığının yaradıldığını elan edib. O, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun Kuantiko bazasında hərbçilər qarşısında çıxışı zamanı bildirib.
Heqsetin imzaladığı sənəddə deyilir ki, döyüş əməliyyatlarının xarakteri köklü dəyişib, müasir texnologiyalar isə yüksək dəqiqlikli və ucuz silah sistemlərinin kütləvi istehsalına imkan verir: "Bu sistemlər əvvəlki nəsillərə aid bahalı platformalarımız üçün getdikcə daha böyük təhlükə yaradır və hərbi gücümüzü digər bölgələrdə tətbiq etmək imkanlarımızı zəiflədir. Təcili dəyişikliklər lazımdır".
Avtonom Döyüş Sistemləri Komandanlığı ordunun ehtiyaclarını müəyyənləşdirəcək, dronlar və robotlar da daxil olmaqla yeni sistemləri sınaqdan keçirəcək, effektivliyi sübut olunmuş texnologiyaların isə orduda tətbiqini təmin edəcək.
Komandanlığın formalaşdırılmasına yönəlmiş "Agincourt" layihəsinə ABŞ Müdafiə İnnovasiyaları İdarəsinin direktoru Ouen Uest və ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölməsinin sınaq pilotu Maks Strasayzer rəhbərlik edəcəklər. "The Wall Street Journal"ın məlumatına görə, Strasizer indiyədək döyüş şəraitində robotlaşdırılmış sistemlərin hazırlanması ilə məşğul olub.
Nəşrin yazdığına görə, Pentaqon dron texnologiyalarına və onlara qarşı mübarizə vasitələrinə 74 milyard dollar ayrılmasını təklif edərək, bu istiqamətdə xərcləri üç dəfə artırmağı hədəfləyir.
Heqset çıxışında onu da əlavə edib ki, Avtonom Döyüş Sistemləri Komandanlığı ilə yanaşı, Dini İşlər Departamentinin yaradılması da planlaşdırılır.