2026, 18 Noyabr, çərşənbə, Bakı vaxtı 22:38

ABŞ məhkəməsi tacikistanlını İŞİD-i maliyyələşdirməkdə təqsirli bilib

Mənsuri Mənuçöhri
Mənsuri Mənuçöhri

Bruklində federal məhkəmənin andlılar kollegiyası Tacikistan vətəndaşı Mənsuri Mənuçöhrini dörd ittiham üzrə təqsirli bilib. Bu ittihamlara İŞİD və "İslam Dövləti-Xorasan" qruplaşmalarına maddi dəstək vermək, odlu silah və döyüş sursatları ilə bağlı cinayətlər, eləcə də federal agentlərə yalan ifadə vermək daxildir. Məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb.

"Azattyq Asia" 2025-ci ilin fevralında Tacikistan vətəndaşının saxlanılması barədə yazmışdı. Tacikistan Daxili İşlər Nazirliyi (DİN) AzadlıqRadiosunun tacik xidmətinə bildirmişdi ki, Mənuçöhrinin həbsindən xəbərdardır və məsələni araşdırır.

İstintaq və məhkəmə materiallarına görə, Mənuçöhri 2021-ci ilin dekabrından 2023-cü ilin iyununadək Türkiyə və Suriyada İŞİD-lə əlaqəli şəxslərə təxminən 70 min dollar köçürüb. Pul alanlar arasında 2024-cü ilin yanvarında İstanbulda kilsəyə edilən hücumla bağlı cinayət işində adı keçən şəxslərdən biri də olub. Müdafiə tərəfi isə vəsaitlərin terrorçulara deyil, xeyriyyə məqsədləri və qaçqınlara yardım üçün göndərildiyini bildirib.

ABŞ hakimiyyəti bildirir ki, Mənuçöhri 2016-cı ildə aldığı turist vizasının müddəti bitdikdən sonra ölkədə qanunsuz yaşayıb, qanunsuz odlu silah saxlayıb və ondan istifadə edib. O, mütəmadi olaraq atıcılıq poliqonlarına gedib və atəş açdığı videoları İŞİD-lə əlaqəli şəxslərə göndərib.

2022-ci ilin fevralında o, Nyu-Cersidəki atıcılıq kompleksində hücum tüfəngindən atəş açmasını videoya çəkib. Mənuçöhri həmin videonu Türkiyədə İŞİD-lə əlaqəli şəxslərdən birinə "Allaha həmd olsun, mən hazıram, qardaş" sözləri ilə göndərib.

Bu il oktyabrın 30-da o, saxta nikah da daxil olmaqla, immiqrasiya saxtakarlığında təqsirini ayrıca etiraf edib.

Andlılar kollegiyası qərarını bu il noyabrın ortalarında çıxarıb. Cəza daha sonra müəyyən ediləcək. İrəli sürülən ittihamlar üzrə Mənuçöhrini 55 ilədək həbs cəzası gözləyir.

2024-cü ilin iyununda ABŞ-də İŞİD-lə mümkün əlaqələri olan səkkiz tacikistanlı saxlanılıb. Onların ölkəyə cənub sərhədindən daxil olduqları bildirilirdi.

​
XS
SM
MD
LG