Keçid linkləri

2026, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:59

Əraqçi ABŞ-nin təklifini Pezeşkiana çatdırdı

Məsud Pezeşkian və Abbas Əraqçi
Məsud Pezeşkian və Abbas Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi sentyabrın 30-da hökumətin iclasında ABŞ-nin təklifini prezident Məsud Pezeşkiana təqdim edib. Bunu hökumətin sözçüsü bildirib. Bu arada Tehran strateji Hörmüz boğazının yenidən açılması şərtlərini nəzərdən keçirir.

Fatimə Mühacirani deyib ki, Əraqçi Nyu-Yorka son səfəri və xarici rəsmilərlə görüşləri barədə hökumətə hesabat verib. Bu görüşlərdə İranın Hörmüz boğazının yenidən açılması üçün irəli sürdüyü şərtlər də müzakirə olunub. O, nə bu şərtlərin, nə də ABŞ-ın təklifinin detallarını açıqlayıb.

Mühacirani vurğulayıb ki, düşmənlərin İranı təcrid etmək cəhdlərinə baxmayaraq, Əraqçinin səfəri çərçivəsində İran rəsmiləri Avropa ölkələri, Körfəzin ərəb dövlətləri və digər ölkələrin nümayəndələri ilə səmərəli görüşlər keçiriblər. O, Tehranın xarici siyasətdəki problemləri həll etmək üçün diplomatik səylərini qətiyyətlə davam etdirdiyini bildirib.

Bir gün öncəki ritorika

Ötən gün ABŞ-dən rəsmi cavab gözləyən Tehran öz təklifi ilə bağlı sərt ritorika səsləndirib. İran təhlükəsizliyinə təminat verilməsə, Yaxın Şərqin enerji infrastrukturuna hücum edəcəyi ilə hədələyib.

"Bizim neft sata bilmədiyimiz regionda başqa heç kim də neft satmayacaq. Təhlükəsizliyimizə təminat verilməsə, heç bir infrastruktur təhlükəsiz qalmayacaq", – İranın danışıqlardakı baş təmsilçisi Məhəmməd Baqir Qalibaf sentyabrın 29-da dövlət televiziyasında yayımlanan videomüraciətində deyib.

İran heyətinin BMT Baş Assambleyasına səfəri zamanı Tehran Vaşinqtona yeddigünlük plan əsasında danışıqları bərpa etməyi və Hörmüz boğazını açmağı təklif edib.

ABŞ prezidenti Donald Tramp bu təklifi rədd edib. O, həmçinin Tehrana sanksiyaların yumşaldılması və İranın dondurulmuş vəsaitlərinin qaytarılması barədə "Axios" nəşrinin yaydığı məlumatı təkzib edib.

​
XS
SM
MD
LG