Fevralın 28-də ABŞ və İsrailin İranla müharibəsi başlayandan qızıl 15 faiz ucuzlaşıb. "The Financial Times" bu dramatik çöküşün qızılın sığınacaq aktivi rolu ətrafında suallar yaratdığını yazır.
Qızıl geosiyasi qeyri-müəyyənlik dövrünün benefisiarı sayılır. Müharibənin ilk 10 günündə səhmlərin düşməsinə baxmayaraq, müharibədən öncəki dəyərini əsasən saxlamışdı. Amma sonradan bazardakı çaxnaşma bu dəyərli metala da təsirsiz ötüşmədi. İtkilərini kompensasiya etməyə çalışan investorlar nağd pul ehtiyatlarını artırmağa çalışırdılar.
"StoneX" maliyyə xidmətləri şirkətinin təhlilçisi Rona O'Konnell deyib ki, investorlar "təhlükəsiz sığınacağın tələsinə düşməməliydilər".
"Vanda" qrupunun hesablamasına görə, müharibə başlayandan qlobal qızıl fondlarından (ETF) 10.8 milyard dollar vəsait çıxarılıb.
FT yazır ki, mərkəzi banklar nağd pul cəlbi üçün qızıl ehtiyatlarının bir hissəsini satmağı nəzərdən keçirə bilərlər.
Bu ilin yanvarında qızılın bir unsiyası (31.1 qram) 5 min 594 dollara yüksəlmişdi, martın ortasından isə geri dönüş başlayıb. Martın 24-də 4 min 400 dollar olub.
Türkiyənin valyuta ehtiyatları azalır
FT İran müharibəsi başlayandan Türkiyənin xarici rezervlərinin kəskin azaldığını yazır. Bu da gündəmə mərkəzi bankın milli valyutanı dəstəkləmək üçün qızıl ehtiyatlarına üz tutub-tutmayacağını gətirib.
Qəzet yazır ki, son üç həftədə Türkiyə Mərkəzi Bankı lirəni sabit saxlamaq üçün 30 milyard dollara yaxın vəsait xərcləyib. Ötən il İstanbul meri Əkrəm İmamoğlu həbs olunanda yaranan maliyyə çaxnaşması vaxtı da təxminən bu qədər pul sərf olunmuşdu.
"Rezerv itkisi indiki tempdə qalarsa, Mərkəzi Bankın xarici valyuta mübadiləsi siyasəti çox duruş gətirməz, qızıl ehtiyatlarının bir hissəsini satmalı olacaqlar", – inkişaf etməkdə olan bazarlar üzrə menecer Kiran Körtis belə deyir.
Maliyyə naziri Mehmet Şimşek ötən həftə deyirdi ki, müharibənin Türkiyəyə təsir göstərməməsi mümkün deyil və onu daha çox tədiyə balansındakı kəsir narahat edir, bu faktor lirəyə təzyiq göstərə bilər.
Martın 19-dək Mərkəzi Bank 26 milyard dollarlıq xarici valyuta satıb. Müstəqil iqtisadçıların hesablamasına görə, müharibə başlayandan təmiz ehtiyatlar 34 milyard dollar azalıb.