ABŞ və İran arasında ötən həftəki qarşılıqlı zərbələr Yaxın Şərqdə daha genişmiqyaslı müharibə qorxusunu artırıb. ABŞ Ordusu Hərbi Kollecinin Yaxın Şərq üzrə təhlükəsizlik araşdırmaları professoru Yakob Ştoyl AzadlıqRadiosuna müsahibəsində bu münaqişədə hələlik baş verməyən məqamlardan danışıb. O, böhranın daha geniş regional münaqişəyə çevriləcəyini, yoxsa yenidən danışıqlar müstəvisinə qayıdacağını göstərən əlamətləri izah edib.
ABŞ prezidenti Donald Tramp avqustun 2-də deyib ki, sülh danışıqları bu gün – avqustun 3-də bərpa olunacaq, Hörmüz boğazı ilə bağlı razılaşma isə "qaçılmazdır". Amma Tehran hələlik bu xəbəri təsdiqləməyib.
Y.Ştoyl bildirir ki, Vaşinqton yenilənmiş atəşkəsə baxmayaraq, İranın ABŞ obyektlərinə qəfil hücumuna zərbələrlə cavab verdi. Burada vacib məqam Birləşmiş Ştatların cavabının məhdud olması idi: "ABŞ kampaniyanı İran rejimini devirmək məqsədilə genişləndirmədi. İran da əvvəlkindən fərqli olaraq, regiondakı bütün ABŞ müttəfiqlərinə və tərəfdaşlarına eyni vaxtda hücum etmədi. İran məhdud zərbə endirdi, ABŞ da məhdud cavab verdi. Hər iki tərəf daha böyük gücdən istifadə etməyə, daha geniş hədəf siyahısını vurmağa qadir idi. …İndiki eskalasiyada diqqət çəkən digər məqam İranın İsrailə birbaşa hücum etməməsidir".
"Münaqişəni genişləndirmək niyyətində deyil"
Təhlilçi yada salır ki, İran əvvəllər eyni vaxtda regionun bir neçə ölkəsindəki, hətta İsrailə qədər uzanan hədəfləri vura bilib: " O, münaqişəni xeyli böyüdə bilərdi, amma hazırda bunu etmir. Bu isə göstərir ki, qarşı tərəf indiki mərhələdə münaqişəni genişləndirmək niyyətində deyil. Eyni qaydada, ABŞ da İrana qarşı istifadə etmədiyi böyük hərbi potensiala malikdir. Son cavab zərbələrində belə, bu imkanların hamısından yararlanmayıb. Bu isə Vaşinqtonun hazırda münaqişəni genişləndirmək istəmədiyini göstərən başqa bir əlamətdir".
Y.Ştoyl deyir ki, İranın strategiyası Hörmüz boğazını bağlamaq və bununla dünya iqtisadiyyatına zərbə vurmaq imkanını danışıqlarda təsir rıçağına çevirməkdir.
"Tehran istəyir ki, bu vəziyyət yeni normal hal kimi qəbul edilsin. Buna görə də qonşularına, ABŞ qüvvələrinə və Hörmüz boğazındakı gəmiçiliyə qarşı hücumlarını davam etdirərək bu davranışını Yaxın Şərqin gündəlik reallığının bir hissəsinə çevirməyə çalışır", – təhlilçi vurğulayır.