ABŞ prezidenti Donald Tramp martın 3-də Ağ evdə Almaniya kansleri Fridrix Mertslə görüşəcək. Gündəlikdə duran əsas məsələlər transatlantik təhlükəsizlik və Ukraynadır.
Hazırda Vaşinqton İrana qarşı hərbi əməliyyatları intensivləşdirib. Avropa rəsmiləri isə bunun diqqəti Ukraynadan yayındıra biləcəyindən ehtiyat edirlər. Fevralın sonunda Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibə artıq beşinci ilə keçib.
AzadlıqRadiosunun Vaşinqtondakı müxbiri Aleks Raufoğlu yazır ki, narahatlıq təkcə siyasi deyil, həm də praktikdir. Axı, Ukraynanın müdafiəsində vacib silahlar indi başqa regionda istifadə olunur.
"Avropa daha çox iş görməlidir"
Polşa baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış martın 2-də Vaşinqtonda AzadlıqRadiosuna müsahibəsində bu gərginliyi etiraf edib: "ABŞ-nin Yaxın Şərqdə iştirakına baxsaq, bunun Avropaya, Polşaya və Ukraynaya təsiri olacaq. Buraya hərbi texnika tədarükü, "Patriot" sistemləri üçün raketlər, Ukrayna üçün təchizat, Amerika sənayesinin istehsal gücü daxildir".
Nazir təsirin ölçüsünün münaqişənin müddətindən asılı olduğunu desə də, xəbərdarlıq edib ki, "maraq getdikcə Yaxın Şərqə doğru sürüşür" və "Avropa daha çox iş görməlidir".
Amma Ukrayna üçün bu dəyişiklik həlledici ola bilər. Yaxın Şərqdə münaqişə genişlənər və ya uzanarsa, Kiyevin strateji vəziyyəti getdikcə daha kövrək ola bilər. Bunu ABŞ ordusunun ehtiyatda olan polkovniki, NATO-nun keçmiş yüksəkrütbəli müdafiə rəsmisi Riçard Uilyams deyir.
"Deyərdim ki, Ukraynanın strateji vəziyyəti... təhlükəlidir, bu münaqişə uzansa və ya pisləşsə, daha da təhlükəli olacaq", – o, AzadlıqRadiosuna bildirib.
Hərbçinin fikrincə, Amerikanın əsas sursat ehtiyatları getdikcə azalacaq, "həm də elə bir məqamda ki heç kim ABŞ-nin prioritet ehtiyacının nə olacağını dəqiq proqnozlaşdıra bilmir". Qanadlı raketlər, zenit kompleksləri üçün tutucu-raketlər, digər idarəolunan sursatlar məhduddur, onların yenidən istehsalı aylar çəkir.
Təchizat zəncirinə zərbə
Kiyev rəsmiləri isə artıq qlobal müdafiə bazarında mümkün sarsıntılara hazırlaşırlar.
Keçmiş müdafiə nazirinin müavini Katerina Çernoqorenko martın 2-də sosial şəbəkədə yazıb ki, Yaxın Şərqdə eskalasiya Ukraynanın müdafiə sənayesinə sürətlə təsir göstərə bilər. "Yaxın Şərqdəki vəziyyət çox sürətlə Ukraynada müdafiə sənayesində böhran yarada bilər", – yazan keçmiş rəsmi qiymətlərdə, kvotalarda və təchizat zəncirlərində kəskin dəyişikliklər proqnozlaşdırıb.
O, təcili və praktik tövsiyələr də verib. FPV-dron istehsalçılarını, elektron avadanlıq və raket şirkətlərini çox sürətlə hərəkət etməyə, 12-24 aylıq ehtiyatlar formalaşdırmağa çağırıb.
Hazırda əsas qorxu hissələr və hazır silahlar uğrunda qlobal rəqabətin güclənəcəyi ilə bağlıdır. Bu halda Ukraynanın sifarişləri bahalaşa, yaxud gecikə bilər.
Ukrayna prezidenti Volodimir Zelenski də martın 3-də İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bənzər narahatlığını dilə gətirib: "Hava məkanımızı qorumaq üçün raket və silah əldə etməkdə çətinlik yarana bilər. Amerikalılar və onların Yaxın Şərqdəki müttəfiqləri müdafiə üçün onlara, məsələn, "Patriot" raketlərinə ehtiyac duya bilərlər".
Rusiyadan nə xəbər
Avropa rəsmiləri strateji risklərdən də danışırlar.
Kosinyak-Kamış xəbərdarlıq edib ki, Yaxın Şərqdəki qarışıqlıq Moskvaya iqtisadi fayda verə bilər. Məsələn, neft və qazın bahalanması təhlükəlidir, çünki bu pul müdafiə və silah sənayesini gücləndirir, Polşanın, NATO-nun şərq cinahının təhlükəsizliyini təhdid edir.
"Polşa və digər ön xətt NATO ölkələri üçün Rusiya uzun müddət ən böyük təhdid olub, ABŞ-nin diqqətinin yayınması isə bu təhlükəni artıra bilər", - nazir bildirir.
Bu arada, əks tendensiyalardan danışanlar da var. ABŞ-nin istefada olan generalı, Mərkəzi Komandanlığın keçmiş rəhbəri Devid Petrausun fikrincə, İranın Moskvaya yardım imkanları xeyli azalıb. General deyir ki, İran artıq Rusiyaya "Şahed" dronları, digər kömək göstərmək durumunda deyil, əvvəllər bunu edirdi, Rusiyaya bu dronlarla bağlı texnoloji biliklər də ötürmüşdü.
Petraus Moskvanın İranın hava hücumundan müdafiə sistemlərini gücləndirə biləcəyi fikrini də rədd edib. Onun sözlərinə görə, Rusiya heç öz müasir sistemlərini işlək durumda saxlaya bilmir, çünki Ukrayna dronları radar və buraxılış qurğularını mütəmadi məhv edir.
Balanslaşdırma
Avropa liderlərinin Trampın Vaşinqtonda Mertslə görüşdən gözləntisi Ukraynanın diqqətdən kənarda qalmayacağına təminatlardır.
Müharibənin haqq-hesabını – sənaye gücünü, ehtiyatları, paralel cəbhələri idarə etmək isə diplomatik bəyanatlardan daha çətin ola bilər.
Qısası, Avropa sərt reallıqla üzləşib: Amerikanın maraq mərkəzi dəyişərsə, Ukraynanın müdafiəsinin daha böyük hissəsini öz üzərinə götürməli, həm də bunu sürətlə etməlidir.