Keçid linkləri

2026, 05 Noyabr, cümə axşamı, Bakı vaxtı 16:13

ABŞ məhkəməsi Əfqanıstan vətəndaşlarının deportasiyasını müvəqqəti dayandırıb

ABŞ-də əfqan qaçqınlar
ABŞ-də əfqan qaçqınlar

Nyu-York federal məhkəməsi onlarla Əfqanıstan vətəndaşının ABŞ-dən deportasiya edilməsi planını müvəqqəti olaraq dondurub. Bundan əvvəl bir neçə konqresmen və insan hüquqları təşkilatı həmin şəxslərin vətənlərinə və ya qonşu Pakistana göndərilməsinin onların həyatı üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq etmişdi.

Qərara əsasən, Əfqanıstan vətəndaşlarının Əfqanıstana və ya Pakistana deportasiya olunması ilə bağlı hər hansı plan noyabrın 7-dək icra edilə bilməz.

Çoxsaylı media orqanlarının yaydığı məlumata görə, ABŞ rəsmiləri 150 əfqanı Luizianadan təyyarə ilə əvvəlcə Pakistana, oradan isə Əfqanıstana deportasiya etməyə hazırlaşır.

ABŞ-nin "Taliban"la rəsmi diplomatik münasibətləri olmadığı üçün o, saxlanılan şəxsləri birbaşa Əfqanıstana deportasiya edə bilmir. Buna görə də həmin şəxslər əvvəlcə Pakistana, oradan isə Əfqanıstana göndərilir.

"The New York Times" qəzeti oktyabrın 30-da üç ABŞ rəsmisinə istinadən əfqan miqrantların hazırda Luizianada saxlanıldığını yazıb.

Pakistan tərəfi AzadlıqRadiosunun elektron poçt və telefon vasitəsilə göndərdiyi çoxsaylı şərh sorğularını cavablandırmayıb.

ABŞ Dövlət Departamenti əfqanların deportasiya olunacağını təsdiqləməyib.

Əfqanıstandakı "Taliban" rəhbərliyi isə ABŞ hökumətini "məsuliyyətli" davranmağa çağırıb.

Dünyanın müxtəlif ölkələri Əfqanıstandan qaçan şəxsləri vətənlərinə qaytarır. Təkcə Pakistan 2023-cü ilin oktyabrındakı deportasiya qərarından bəri 2.5 milyondan çox əfqanı ölkədən çıxarıb.

Əfqanıstan dünyada xüsusilə qadın hüquqlarının ən çox pozulduğu ölkələrdən biri sayılır.

BMT dəfələrlə xəbərdarlıq edib ki, "Taliban"ın Əfqanıstanda qızların təhsilinə qoyduğu qadağa "itirilmiş nəsil" formalaşdırır. Qurumun iyunda Təhlükəsizlik Şurasına təqdim etdiyi rəqəmlərə görə, Əfqanıstanda 7-18 yaş arasında təxminən 3.8 milyon qız təhsildən kənarda qalıb.

​
XS
SM
MD
LG