"ABŞ Avropanı parçalamaq istəyir" və "Avropa İttifaqını sevmir". Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas bu sözləri "The Financial Times"a müsahibəsində deyib.
"Fikrimcə, hamının anlaması vacib məsələ budur: ABŞ çox aydın şəkildə bildirib ki, Avropanı bölmək istəyir. Onlar Avropa İttifaqını sevmirlər", – Kallas bildirib.
Transatlantik münasibətlərdə bir ildən çoxdur gərginlik yaşanır. ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik dövründə Aİ-ni dəfələrlə hədəfə alıb, üzv ölkələrə, digər dövlətlərə tariflər tətbiq edib. O, Qrenlandiyanın ilhaqından danışıb. Bu addım isə NATO alyansının faktiki sonu demək olar.
Tramp administrasiyası bu həftə Aİ üzvləri və digər ölkələrin ədalətsiz ticarət apardığını iddia edərək araşdırmalara başlayıb. Bu araşdırmalar nəticəsində həmin ölkələr yayadək yeni tariflərlə üzləşə bilər. Ötən ay ABŞ Ali Məhkəməsi Trampın tarif proqramının böyük hissəsini ləğv edib.
Kallas FT-yə deyib ki, ABŞ-nin Aİ-yə yanaşması blokun rəqiblərinin taktikasını xatırladır. Onun sözlərinə görə, Aİ ölkələri Tramp ilə ikitərəfli razılaşmalar əldə etməyə çalışmamalı, əksinə, onunla birlikdə danışmalıdırlar, "çünki birlikdə olanda biz bərabər güclərik".
Müdafiə sahəsinə gəlincə, Kallas deyib ki, blok Amerikadan silah almağa məcburdur, "çünki bizdə gərəkən resurslar, imkanlar və potensial yoxdur". Baş diplomat onu da əlavə edib ki, Avropa öz müdafiə sənayesinə sərmayə qoymalıdır.