Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:44

Abbas Hüseynovun anası: 'Bilmirəm, oğlumun başına nə gətiriblər'


A.Hüseynov
A.Hüseynov

Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynovun yaxınları onun həyatının təhlükə altında olduğunu iddia edir. Anası Rəhimə Hüseynova AzadlıqRadiosuna bildirib ki, 28 gündür övladından heç bir xəbər yoxdur. Onun sözlərinə görə, mayın əvvəlində Abbas məhbuslara sovqat qadağasına və cəzaçəkmə müəssisəsinin daxilindəki ticarət köşklərində qiymətlərin bahalığına etiraz olaraq aclıq aksiyasına başlamışdı. Buna görə də saxlandığı 8 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin göstərişiylə cərimə kamerasına (kars) salınmışdı.

"Təxminən 10 gün əvvəl eşitdik ki, karsdan çıxarılıb. Həbs yerlərinə sovqat qadağası aradan qaldırılandan sonra – keçən həftə bir tanışımız onun yanına getmişdi. Amma onu nə görüşə buraxıblar, nə də sovqatı götürüblər. Deyiblər ki, Abbas yenə karsdadır. Bu müqəddəs ayı mənim övladım karsda keçirdi. Bayramda da zəng eləmədi. Ona görə çox nigaranam. Bilmirəm ki, başına nə gətiriblər. Abbas deyirdi ki, adamlar acdır, koronavirusdan ölməsələr də, acından öləcəklər", – R.Hüseynova belə deyib.

Anası deyir ki, Abbasın aclıq etməsi, cəzalandırılması barədə xəbərləri eşidəndən sonra stressdən onun da səhhətində ciddi problemlər yaranıb. Bir aya yaxındır oğlunun səsini eşitmədiyini vurğulayan R.Hüseynovanın sözlərinə görə, sonuncu dəfə telefonla danışanda da durumunun yaxşı olmadığını hiss etmişdi: "Dəstəyin o biri başından səs-küy gəlirdi, hiss eləyirdim ki, nəsə qaydasında deyil, onu danışmağa da qoymurdular, yarımçıq qaldı".

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, cəzaçəkmə müəssisələrində məhbuslara qarşı tənbeh tədbirləri, daxili intizam qaydalarının pozulmasına görə cəzalar şərh olunmur.

Xatırlatma

A.Hüseynov 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaran hadisələrinə görə ümumilikdə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. A.Hüseynov birinci qrupda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. T.Bağırov və A.Hüseyovun hər birinə 20 il, digərlərinə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Polislər isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG