Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Abbas Hüseynovun həbsdə səhhətinin pisləşdiyi deyilir


A.Hüseynov
A.Hüseynov

«Qardaşım istər həbs olunarkən «bandotdel»də, istərsə də sonradan Qobustan həbsxanasında məruz qaldığı işgəncələrin altını çəkir. Xeyli vaxtdır ayağı şişib, iltihab ona qızdırma verir. Vəziyyəti çox pisdir. Müalicə Müəssisəsinə də köçürmürlər...», – Sevinc Abbasova qardaşı Abbas haqqında danışır.

A.Hüseynov 2015-ci noyabrın 26-da Nardaranda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində ilahiyyatçı Taleh Bağırov və daha 16 nəfərlə birlikdə həbs olunub. 20 il həbs cəzası alan A.Hüseynov hazırda 8 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

S.Hüseynova iddia edir ki, qardaşı bu ilin yanvarında Qobustan həbsxanasında işgəncəyə məruz qalıb və nəticədə ayağı ciddi zədələnib: «Onu Bakı istintaq təcridxanasına gətirəndə ayağı şişib qaralmışdı. Elə bil tuluğ idi. Ona görə istintaq təcridxanasından Müalicə Müəssisəsinə köçürmüşdülər. Heç ailəmizin xəbəri olmadan diz nahiyəsindən əməliyyat eləmişdilər. Nisbətən babatlaşmışdı. Ondan sonra 8 saylı müəssisəyə köçürmüşdülər. Xeyli vaxtdır ayağında həmin yerdə yenə ciddi problem yaranıb. Ayaq şişib, orqanizmin hərarəti qalxır. Ağrıdan dayana bilmir. Qalmışıq çarəsiz...».

S.Hüseynovanın sözlərinə görə, müəssisənin tibb-sanitar hissəsinin həkimi A.Hüseynovu müayinə edib. Amma deyib ki, özü konkret bu sahənin mütəxəssisi deyil, onun Müalicə Müəssisəsində müalicəyə ehtiyacı var: «Müalicə Müəssisəsinə də köçürmürlər».

Bacısı deyir ki, kənardan həkim aparmaq variantı da var, amma bunun üçün hüquqi prosedurları bilmirlər: «Vəkilləri də sıradan çıxarıblar. Abbasın vəkillərindən Yalçın İmanovun başına o oyunu gətirdilər, Fariz Namazlını da eyni şər-böhtanla cəzalandırmaq istəyirlər. Vəkil tapa bilmirik ki, Abbasın yanına getsin, bu məsələlərin həllində yardımçı olsun».

Ombudsman aparatı məlumat vermir, Penitensiar təkzib edir

S.Hüseynova Beynəlxalq Qırmızı Xaç Komitəsinə də müraciət etdiyini, amma onlardan heç bir cavab ala bilmədiklərini deyir. O, mayın 13-də qardaşının durumu barədə Ombudsman Aparatının Milli Preventiv Qrupuna da məlumat verib.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən bildirilib ki, daxil olan şikayətlər və onların nəticələri haqda jurnalistlərə heç bir məlumat verilmir. Bu cür informasiyalar yalnız şəxsin ailə üzvlərinə çatdırıla bilər.

Penitensiar Xidmət isə A.Hüseynovun işgəncəyə məruz qalması və nəticədə səhhətində problem yaranması barədə iddiaların həqiqətəuyğun olmadığını bildirir. Səhhətində problem olduğu halda, A.Hüseynovun müalicə olunmaması barədə iddiaya gəlincə, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov deyir ki, bu, mümkün deyil: «Bizim heç kimə qarşı qərəzimiz yoxdur. Müalicə Müəssisəsinə köçürülmə, geri qaytarılma kimi addımlar həkim rəyi əsasında həyata keçirilir. Əgər həkim rəy versə ki, stasionar qaydada müalicə oluna bilər, o halda, cəzaçəkmə müəssisəsi daxilində müalicə olunur. Yox, həkim Müalicə Müəssisəsinə köçürülməsini uyğun bilib, bu barədə rəy versə, onun qarşısını heç kim almaz, ala da bilməz».

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən, hələlik, açıqlama almaq mümkün olmayıb.

Xatırlatma

A.Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. A.Hüseynov birinci qrupda «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. T.Bağırov və A.Hüseynovun hər birinə 20 il, digərlərinə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Polislər isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG