Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:27

Sevgi və çörək


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 10-luğundan


Xatirə Nurgül


SEVGİ VƏ ÇÖRƏK

Səni
ac adamın çörəyi sevdiyi kimi sevdim,
dilənçinin
yeganə, yamaqlı köynəyini
sevdiyi kimi.

Bir yaz günündə
yağışa düşən kimi
düşdüm yoluna.
Saçlarımın yağışla qarışması,
qovuşması kimi
qovuşdum yoluna.

İşığın qaranlığa yürüməsi kimi
yüyürdüm sənə tərəf.
Sükuta açılan güllə səsi kimi
duyurdum səsimi.

Savaş gedən ölkənin
barışı gözləməsi kimi gözlədim səni.
Əmanət kimi gizlədim
adını dilimdə,
xəyalını fikrimdə,
şəklini otağımda-divarımda.

Səni
ac adamın çörəyi sevdiyi kimi sevdim...
Qoy, sağ əlini öpüb qoyum gözlərim üstə...


GECƏ QARALAMALARI

I

ÜMİDSİZLİK AKKORDLARI

Bir az qəribə-qəribə,
bir az narahat-narahat
keçib gedir həyat...

Gah düşünür dəli-dəli,
gah susur qara-qara
sol tərəfimizdəki yumruq boyda yara...

Yaşasaq da karvan-karvan,
öləcəyik tək-tək...
elə budur, budur gerçək...

II

YORĞUNLUQ

Sevə,
ayrıla,
unuda bilməməyin acısını yaşayıram bu an,
durub uzun-uzadı yollara baxmağın
təəssüfünü.

Pəncərədən qaranlığa əl etməyin,
səhər qatara əyləşib
nəyə və ya kiməsə görə
harasa getməyin naməlumluğunu yaşayıram.

Tərk olunmuş bir şəhərin sonuncu sakini kimiyəm...
yəni o qədər təklik ki,
öz səsimi eşitməyin karlığını,
öz əllərimi görməyin korluğunu yaşayıram.
Yorğunluğumu yaşayıram bu an...

III

ÖNGÖRÜ

Yürüməyə yolun yoxdusa,
içindən yol sal.
Durmağa məkan yoxdusa,
qaç.

Yaşamağa gün yoxdusa,
qaranlığa öyrət gözlərini.
Yaşamağa yuvan yoxdusa,
səhraya köç.

Özünə inamın yoxdusa,
sevmə.
"O"na inamın yoxdusa,
qapını ört və get.

Danışmağa söz yoxdusa,
sus.
Bərabər susmağa adam yoxdusa,
özünlə danışmağı və dalaşmağı öyrən.

Onsuz da sonunda ya dəli olacaqsan,
ya ölü...

IV

TƏKAMÜL

Sevgi bir gün olar,
bir ay, bir il olar.
Ondan sonrası istək olar,
bağlılıq olar,
doğmalıq olar.

Ayrılıq bir gün olar,
bir həftə , bir ay olar.
Ondan sonrası darıxmaq olar,
unutmaq olar,
unutmaq olar.

Tənhalıq bir dəfə olar,
bir ömür olar.
Ondan sonrası olmaz.

V

GECƏ QARALAMASI

Gecə , saat 3:50,
yenə yuxusuz şair.
Hüznlü dodaqlarım
sükuta şeir deyir...

Gecə, saat da keçmir
qar da yağır bayaqdan...
Üşüyən pəncərələr
uğuldayır bayaqdan.

Tənhalığın əlindən
yalnız üzülmək olar.
Bu fevral gecəsinə
qoşulub ölmək olar.

Ya da ki, kölgə kimi
səhərə yox olasan,
xırda-xırda bölünüb
havaya dağılasan.

Hər kəs də elə bilsin
gizlənmisən hardasa.
Çağırsınlar astadan
“Nurgül, Nurgül hardasan?”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG