Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

ABB-dən götürülən pulların qaytarılıb-qaytarılmadığı bilinmir.-media icmalı


Azərbaycan Beynəlxalq Bankı, 2005
Azərbaycan Beynəlxalq Bankı, 2005

Azərbaycanda iqtisadi vəziyyət, Beynəlxalq Bankdan götürülən kreditlərin taleyi, Bakının Baş planı ilə bağlı müzakirələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

ABB-dən götürülən kreditlər qaytarıldımı?

“Yeni Müsavat” qəzetində “Beynəlxalq Bankın səhmləri dəyərindən ucuz satılır”

Müəllif Azərbaycan Beynəlxalq Bankının (ABB) vəziyyətini ekspert Əkrəm Həsənov-la müzakirə edib.

Yazıda bildirilir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı-nın (AYİB) ABB-nin səhmdarı ola biləcəyi xəbəri yayılıb, amma bu məsələ yeni deyil. Müəllifin qeyd etməsinə görə, hələ bir neçə il əvvəl də AYİB bu bankın səhmdarı ola biləcəyini açıqlamışdı.

Yazıda vurğulanır ki, ABB-nin məlum çöküşündən sonra AYİB prezidenti korporativ idarəetmədə islahat aparılarsa, ABB-nin səhmdarı olmaq məsələsi barədə düşünə biləcəklərini söyləmişdi.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Ekspert Ə.Həsənov isə mövzu ilə bağlı bunları deyib:

“ABB-nin bağlanması, çökməsi bütövlükdə Azərbaycanın bank sistemini çökdürə, xarici investorların, daxili müştərilərin bank sisteminə inamını sarsıda bilər. Dövlət ABB-ni sağlamalaşdırmaq üçün büdcədən milyardlarla pul ayırır, bankın öhdəliklərini üzərinə götürür. Bunda məqsəd isə Azərbaycan bank sisteminin bütövlükdə xilas edilməsidir”.

Ə.Həsənov deyib ki, ABB 2017-ci ili formal olaraq 800 milyon manat gəlirlə başa vurub, amma bankın səhmləri nominal dəyərindən aşağı satılır.

Ekspert sağlamlaşdırma prosesi getsə də ona inamsızlıq yaşanmasını ABB rəhbərliyinin işinin öhdəsindən gəlməməsi kimi izah edir.

Ə.Həsənov vurğulayıb ki, bəzi iş adamlarının bankdan külli miqdarda kredit götürmələrini eşidiblər, amma bu pulların qaytarılıb-qaytarılmadığı bilinmir. Onun fikrincə, ABB dən götürülən kreditlərin qaytarılması haqqında vətəndaşlara məlumat verilməlidir.

Ekspert qeyd edib ki, ABB-yə dövlət büdcəsindən milyard manatlarla pul ayrılıb.

“Baş plan” hazırdır, amma...

Feyzulla Quliyev, Bakı, 27 oktyabr 2010
Feyzulla Quliyev, Bakı, 27 oktyabr 2010

“Modern.az” saytında “Memarlıq işlərinə niyə FHN nəzarət etməlidir?!” sərlövhəli yazı yer alır.

Müəllif Bakı şəhərinin baş planının hazırlanması və onun ətrafındakı prosesləri Rəssamlıq Akademiyasının professoru Feyzulla Quliyev-lə müzakirə edib.

Yazıda qeyd edilir ki, ölkə başçısı İlham Əliyev 2018-ci il Prezidentin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.

Buna da bax: «Bakını «dirijorlar» korlayır»

Müəllifin bildirməsinə görə, Komitə Bakı şəhərinin baş planının hazırlanmasından ötrü “The Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini bu işə cəlb edib.

Yazıda qeyd edilir ki, komitə “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işininin iki mərhələdə təşkil edilməsini planlaşdırır:

“Birinci mərhələdə paytaxtla bağlı bugünədək hazırlanmış bütün səhərsalma, ərazi planlaşdırılması sənədlərinin, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulur. İkinci mərhələdə Komitə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsinin yekunlaşdırılmasını planlaşdırır”.

Bakıdan görünüş, 2012
Bakıdan görünüş, 2012

​F.Quliyev “modern.az”a deyib ki, Böyük Bakının regional inkişaf Planı hazırdır: “Əvvəllər ora Sumqayıt və Xırdalana qədər hissələr daxil idisə, sonradan Ələt də daxil edildi. Bu sənəd 2014-cü ildə bütün aidiyyatı strukturlarla birlikdə hazırlandı, razılaşdırılaraq, Nazirlər Kabinetinə təsdiqə verildi, amma sənəd indiyədək təsdiq olunmayıb”.

Buna da bax: Bakının baş planını hazırlamağa xarici şirkət cəlb edildi

Memarın sözlərinə görə, indi “Ümumi plan”, “Baş plan” hazırdır, əsas problem “Müfəssəl plan”ın olmamasıdır.

F.Quliyev deyib ki, bu sahədə çatışmazlıqlar da var:

“Şəhərsalma ilə bağlı icraedici orqan Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir, amma ekspertiza Fövqəladə Hallar Nazirliyindədir... Niyə? Memarlıqla bağlı işlərə niyə FHN nəzarət etməlidir?! ”.

“ İqtisadi uğurlar”

“Azərbaycan” qəzetində isə “Azərbaycanın iqtisadi uğurları beynəlxalq maliyyə və reytinq təşkilatları tərəfindən də yüksək qiymətləndirilir” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, kapitallaşma iqtisadi inkişafı təmin edən əsas şərtdir. Yazıda iddia olunduğuna görə, son 15 ildə (Hazirki prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr-R) iqtisadiyyatıın bütün sahələrinə xarici sərmayə qoyulması ölkənin bu sahədə uğur qazanmasının təsdiqidir.

Yazıda bildirilir ki, prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna kapital qoyuluşunun əhəmiyyətinə toxunub:

Ilham Əliyev hökumətin iclasını keçirir- 31 may 2018
Ilham Əliyev hökumətin iclasını keçirir- 31 may 2018

“İnvestisiya təşviqi mexanizmi işə düşüb, bunun çox böyük əhəmiyyəti var. Əgər biz bu sistemi tətbiq etməsəydik, özəl sektor 2,5 milyard manat sərmayəni qeyri-neft sektoruna qoymazdı. Məhz investisiya təşviqi sənədinin işə düşməsi nəticəsində 2,5 milyard manat dəyərində olan layihələr icra edilir...”.

Müəllif daha sonra yazıb:

“Dünya İqtisadi Forumunun son hesablamalarına görə, Azərbaycan dünyada ümumi infrastrukturun inkişafına görə 26-cı, əhalinin ölkənin siyasi xadimlərinə etimad göstəricisi üzrə 20-ci yerdədir. "Doing Business 2018” hesabatında ölkəmiz ötən illə müqayisədə 8 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdə qərarlaşıb”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG