Keçid linkləri

2017, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:20

Avropada rouminqdən qurtuluş günü


AB ərazisində rouminq xidmətləri ləğv olunur

Bu gündən – iyunun 15-dən Avropa Birliyi ərazisində mobil telefon istifadəçiləri zəng, mesaj və internet xidmətləri üçün vahid tarifdən istifadə edəcək. Birlik ərazisində rouminq xidmətləri ləğv olunur və əlavə pul çıxılmır.

Bu, AB-yə üzv ölkələrin ərazisində Rəqəmsal Vahid Bazarın tətbiqi layihəsinin bir hissəsidir.

YENƏ DƏ DİQQƏTLİ OLMAQ GƏRƏKİR

Beləliklə, istifadəçilər hər yerdə evdəki kimi mobil telefondan istifadə edə biləcək və tətildən evə qayıdandan sonra onlardan əlavə pul çıxıldığını görməyəcəklər. Avropa Komissiyası bu planları ilk dəfə 2015-ci ilin iyununda açıqlayıb.

CNBC yazır ki, bütün bunlara baxmayaraq, Monitorinq qrupu istifadəçilərə xəbərdarlıq edib ki, xoşagəlməz sürprizlərlə üzləşməməkdən ötrü xaricdə telefonlarından istifadə edəndə ehtiyatı əldən verməsinlər.

Yəni, mobil telefon sahibləri ölkədən kənarda zəng edəndə, SMS göndərəndə, yaxud internetdən istifadə edəndə onlardan pul çıxılmadığına diqqət etməlidirlər. AB 28 üzv ölkəsində rouminq ödənişinə qadağa qoyub. Böyük Britaniya da bu sıradadır, baxmayaraq ki, qurumdan çıxması üzrə danışıqlara başlamalıdır. AB üzvü olmayan Türkiyədə isə rouminq paketinə ancaq «Vodafone» daxildir.

«ƏLVİDA, ROUMİNQ»

Bu qadağa ancaq AB-yə aiddir və ərazidən kənarda rouminq xərcləri qüvvəsində qalır.

«Avropa Birliyi adamları bir araya gətirir və onların həyatını yüngülləşdirir. Rouminq xərclərinin sonu əsl Avropa uğur hekayəsi deməkdir», – AB qurumları iyunun 14-də bildiriblər.

«Reuters» yazır ki, Avropa Komissiyası «Berlaymont» qərargahı üzərindən qələbə bayrağı asıb və «Əlvida, rouminq xərcləri» yazır.

«Məncə, əla bir şeydir. İki həftə Avropada oldum, günə 3.80 dollar xərcləyirdim ki, mobilimdən istifadə edə bilim. Sabahdan bunu etməli olmayacağam. Əladır ki», – Şotlandiyadan olan musiqiçi Charlie Wild deyir.

Fransadan Julie DuBlanc sevinir ki, «artıq Parisdə olduğu kimi, telefonlarımıza tez-tez baxa biləcəyik».

ŞİRKƏTLƏR İTİRİR

«Reuters» yazır ki, telekommunikasiya şirkətləri uzun müddət siyasətçilərin dəstəklədiyi bu layihəyə qarşı çıxıblar. Rouminqin ləğvi onların gəlirlərinin xeyli azalması deməkdir. İndi müştərilər əlavə xərclərdən azad olsalar da, operatorlar onları birləşdirən xarici şəbəkələrə ödəniş etməyə davam edəcəklər.

«Nizamlanan topdansatış qiyməti hələ də xeyli yüksək olaraq qalır», – İsveçin «Telia» operatorunun vitse-prezidenti Phillip Malloch deyib.

Onun sözlərinə görə, bu səbəbdən «Telia» rouminqdən azad xidməti qismən tətbiq edir.

Skandinaviya və Baltik ölkələrində bəzi operatorlar da bu öhdəlikdən azad olunmaqdan ötrü müraciət ediblər. Şirkətlər gəlirlərinin azı 3 faizini itirirlərsə, AB qaydaları buna icazə verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG