Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:16

'AB-nin repressiv rejimlərlə müqavilələrinin gələcəyi yoxdur'


İlham Əliyev və Federica Mogherini
İlham Əliyev və Federica Mogherini

Avropa Birliyinin (AB) Azərbaycan və Ermənistanla əməkdaşlıq barədə danışıqları sülh və çiçəklənmə fürsətidir. «EU Reporter» dərgisinin danışıqlar haqda məqaləsi belə adlanır.

AB-nin Azərbaycanla əməkdaşlıq danışıqları fevralın 7-də başlayıb. Prezident İlham Əliyev də AB rəsmiləriylə görüşlərdən ötrü Brüsselə getmişdi.

ÜMİD İŞARTISI

«EU Reporter»in məqaləsində ötən danışıqların Bakıya təsir göstərəcəyi, hökumətin vətəndaş cəmiyyətinə qarşı repressiv siyasətinə son qoyacağı, həbsdəki fəalları azadlığa buraxacağıyla bağlı azacıq da olsa, ümid işartısı yaratdığı deyilir.

Buna da bax-AB-nin 'xımır siyasəti'

AB Azərbaycandan öncə Ermənistanla da müzakirələrə başlayıb, yəni paralel danışıqlar aparır. Müəllifin fikrincə, hər iki ölkənin AB-nin dəstəyinə ehtiyacının olması Brüsselə müəyyən üstünlük verir. «Brüssel bu fürsətdən regionda sülhün bərpası, həm də, özəlliklə də Azərbaycanda, vətəndaş cəmiyyətinin normal fəaliyyətinin təminatından ötrü yararlana bilər».

Müəllif danışıqlara qatılanların qarşılaşacağı sınaqların asan olmayacağını, çox çətin görünən problemlərin ustalıqla həll edilməsinin vacibliyini vurğulayır.

«Azərbaycan mövqeyini dəyişmir, QHT rejimini liberallaşdırmır. Keçən il bəzi siyasi fəalları azadlığa buraxıb, amma bu prosesi davam etdirmir», – yazan müəllif AB-nin də bu məsələdə öz öhdəliklərini unutmamalı olduğunu qeyd edir.

«ÖHDƏLİKLƏRİ UNUTMAYIN»

Yazıda qurumun «Şərq Tərəfdaşlığı» ölkələrində vətəndaş cəmiyyətinin inkişafına dayaq durmaqla bağlı 2012-ci ildə götürdüyü öhdəliklər sadalanır. Bu haqda sənədlərdə deyilir ki, Avropa Komissiyasından tutmuş, AB-nin digər institutlarına qədər bütün səviyyələrdə danışıqlarda qurumun hökumətlərə siyasi diplomatiya yoluyla təzyiq göstərmək, insan haqları məsələlərini qaldırmaq öhdəliyi var. AB bu vəzifəsini yerinə yetirərək vətəndaş cəmiyyəti qurumlarının, həm də təmsilçilərinin fəaliyyətinə şərait yaradılmasına çalışmalıdır.

Buna da bax-Mehman Əliyev: 'Hər şey Qərbin mövqeyindən asılı olacaq'

«AB-nin danışıqlara qatılan rəsmiləri bu öhdəlikləri unutmamalıdır», – yazan müəllif AB-ni Azərbaycan və Ermənistandakı rejimlərə qarşı inadlı mövqe sərgiləməyə, onların liberallaşmaqla bağlı vədlərini yerinə yetirməsinə nail olmağa çağırır. Bunsuz istənilən razılaşmanın gələcəyi olmadığını bildirir.

«EU Reporter» yazır ki, AB-nin Azərbaycan və Ermənistanla bağladığı müqavilələr yalnız həmin ölkələrdəki siyasi fəallar azadlığa buraxılandan, QHT-lər normal fəaliyyət göstərəndən sonra qanuni olacaq.

Yazıda tərəfdaşlıq barədə danışıqların Dağlıq Qarabağ münaqişəsiylə bağlı gərginliyi də azaltmalı olduğu deyilir. Belə olarsa, danışıqların region tarixində böyük əhəmiyyətə malik olacağı, həm Ermənistan, həm də Azərbaycan cəmiyyətlərinin çoxdan layiq olduğu çiçəklənməyə və sülhə qovuşmasına gətirib çıxara biləcəyi vurğulanır.

XS
SM
MD
LG