Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:14

ABŞ və İran ‘müharibədən’ danışırlar


ABŞ-ın dəniz helikopteri Hörmüz boğazındakı gəmidən qalxır (foto arxivdəndir)
ABŞ-ın dəniz helikopteri Hörmüz boğazındakı gəmidən qalxır (foto arxivdəndir)

ABŞ dövlət katibi Mike Pompeo İranın “tammiqyaslı müharibə” hədəsinə cavab olaraq bildirib ki, Birləşmiş Ştatlar ötən həftəsonu Səudiyyə Ərəbistanın neft qurğularına hücumla bağlı yaranmış böhranın “sülh yolu ilə həllini istəyir”.

Sentyabrın 19-da Səudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müttəfiqlərlə keçirdiyi görüşdən sonra Pompeo deyib ki, Tehranın inkarlarına baxmayaraq, bu hücumun İran tərəfindən edildiyinə dair “nəhəng regional konsensus” var.

ABŞ dövlət katibi Mike Pompeo (solda) və Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman Ciddədə görüşüblər
ABŞ dövlət katibi Mike Pompeo (solda) və Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman Ciddədə görüşüblər

Sentyabrın 14-də Səudiyyənin neft infrastrukturuna edilmiş hücuma görə məsuliyyəti öz üzərinə Yəməndə İran tərəfindən dəstəklənən şiə huti qiyamçıları götürüblər və Tehran hücumla hər hansı əlaqəsini inkar edir.

Sentyabrın 18-də Səudiyyə Ərəbistanı bəyan etmişdi ki, “heç şübhəsiz, bu hücumda İranın əli olub”.

Səudiyyə Müdafiə Nazirliyinin sözçüsü polkovnik Turki al-Malki demişdi ki, raketlərin və dronların haradan gəlməsi məsələsi hələ də təhqiq edilir.

Zarif: "İran gözünü qırpmayacaq"

İranın xarici işlər naziri Mohammed Javad Zarif sentyabrın 19-da CNN-ə müsahibəsində xəbərdarlıq edib ki, onun ölkəsinin üzərinə ABŞ və ya Səudiyyə tərəfindən hər hansı hərbi zərbə “tammiqyaslı müharibə” ilə nəticələnəcək:

"Mən çox ciddi bir bəyanat verirəm ki, biz müharibə istəmirik. Biz hərbi qarşıdurmaya girmək istəmirik…Lakin ərazimizi qorumaq üçün gözümüzü də qırpmayacağıq”.

Abu Dabidə BƏƏ-nin vəliəhd şahzadəsi Muhammad bin Zayed Al Nahyanla görüşən Pompeo Zarifin bəyanatına cavab olaraq deyib:

"Biz hələ diplomatik akt olaraq koalisiya qurmağa çalşırıq, amma İranın xarici işlər naziri bizi tammiqyaslı müharibə və son amerikalıyadək döyüşməklə qorxudur. Biz bura sülhün əldə edilməsinə çalışacaq koalisya yaratmağa gəlmişik”.

Sentyabrın 18-də Ciddədə vəliəhd şahzadə Muhammad bin Salmanla görüşdən sonra yazdığı tvitdə Pompeo bildirirdi ki, Vaşinqton Ər-Riyadın “özünü müdafiə etmək hüququnu” dəstəkləyir.

"Son hədd deyəndə müharibəni nəzərdə tuturam"

ABŞ prezidenti Donald Trump bundan əvvəl demişdi ki, bu hadisə ilə bağlı müharibə də daxil, müxtəlif cavab variantları var:

"Çox variantlar var. Son hədd variantı da var və ondan zəif variantlar da var. Baxıb görərik…”

Trump Los Anceles şəhərində müxbirlərə demişdi:

“Mən son hədd deyəndə müharibəni nəzərdə tuturam”.

Bu arada Pakistanın baş naziri Imran Khan Ciddədə Səudiyyənin vəliəhd şahzadəsi ilə görüşündən sonra deyib ki, onun ölkəsi “belə təxribatlara qarşı krallığı var qüvvəsi ilə dəstəkləyir”.

Səudiyyə Pakistan iqtisadiyyatının əsas dəstəkçisi sayılır.

Səudiyyənin Almaniyadakı səfiri sentyabrın 19-da Deutschlandfunk radiosuna müsahibəsində deyib ki, “bütün cavab variantları masa üstündədir”.

Fransanın xarici işlər naziri Jean-Yves Le Drian deyib ki, Səudiyyəyə hücum etdiklərinə dair Yəmən hutilərinin iddiası “ağlabatan deyil”, lakin dünya təqsir barədə qəti qərar çıxarmazdan əvvəl beynəlxalq təhqiqatın nəticəsini gözləməlidir.

Trump-a qalsa, o Rohani və Zarifə ABŞ vizası verərdi

Səudiyyə Ərəbistanına gəlməzdən əvvəl Pompeo da hücumu “İranın müharibə aktı” adlandırmış, huti qiyamçılarının məsuliyyəti öz üzərinə götürməsinin isə “fırıldaq” olduğunu demişdi:

"Bəxtimiz onda gətirib ki, bu hücumda amerikalılar həlak olmayıb. Amma belə bir müharibə aktı törədiləndə bunun baş verməsi riski var”.

ABŞ kəşfiyyatı hutilərin ixtiyarında Səudiyyəyə hücumda istifadə olunmuş silahların olmadığını bidlirib.

ABŞ və İran arasında gərginliyin yeni eskalasiyası prezidentlər Trump və Rohani arasında Nyu Yorkda BMT Baş Assambleyası zamanı görüşün mümkünlüyü məsələsinə kölgə salıb.

Tehran bildirir ki, nə Zarif, nə də Rohaniyə BMT tədbirində iştirak üçün hələlik ABŞ vizaları verilməyib.

Sentyabrın 19-da İran xarici işlər naziri amerikalı həmkarını buna görə tənqid edib.

Trump deyib ki, ona qalsa, bu iki İran liderinə ABŞ vizası verərdi.

Son saatda...

Sentyabrın 19-da, axşam saatlarında Hassan Rohani və Mohammad Javad Zarifə ABŞ vizalarının verildiyi bildirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG