Birləşmiş Ştatlar Rusiya və Çini onun təbirincə deyilərsə, Venesuela prezidenti Nicolas Maduroya verdikləri “dözülməz” dəstəyi dayandırmağa çağırıb.
Hazırda Vaşinqton Maduroya hakimiyyətdən getməsi üçün təzyiq göstərir.
Avqustun 6-da Perunun paytaxtı Limada keçirilən beynəlxalq konfransda çıxış edən ABŞ milli təhlükəsizlik müşaviri John Bolton Moskvanı “bu ümidsiz oyuna qol qoymamağa” çağırıb.
Bolton habelə “bütün Kuba və Rusiya hərbçilərinin Venesueladan dərhal çıxmasını” tələb edib.
O Çinə məsləhət görüb ki, Venesuelaya verdiyi kreditlərin tez bir zamanda ödənməsini istəyirsə, bu ölkənin “yeni legitim hakimiyyətini” dəstəkləsin.
ABŞ və 50-dən artıq başqa ölkələr Maduronu Venesuelanın qanuni prezidenti kimi tanımırlar və ötən yanvarda özünü keçid prezidenti elan etmiş müxalifət lideri Juan Guaido-nu dəstəkləyirlər.
Rusiya və Çin Maduronun ən qüdrətli müttəfiqidirlər.
Moskva müdafiə sahəsində əməkdaşlıq çərçivəsində Venesuelaya hərbi texniklər göndərdiyini etiraf edib, lakin bu qoşunların hərbi əməliyyatlar üçün göndərildiyini inkar edib.
Avqustun 5-də prezident Donald Trump Venesuela üzərinə yeni genişmiqyaslı sanksiyalar elan edib.
Bu sanksiyalara uyğun olaraq Venesuela hökumətinin ABŞ-dakı aktivləri dondurulacaq.
Bolton bu barədə deyib:
"Dialoq vaxtı qurtardı. İndi hərəkət vaxtıdır. Biz elə etməliyik ki, Maduronun maliyyə baxımından özünü saxlamaq imkanları qalmasın”.
Venesuela Xarici İşlər Nazirliyi bu sanksiyaları Trump adminsitrasiyasının “Venesuela xalqına qarşı qanunsuz iqtisadi terrorla həyata keçirdiyi yeni və ciddi təcavüzü” adlandırıb.
RIA Novosti agentliyinin xəbərinə görə Rusiya XİN bildirib ki, Vaşinqtonun Venesuelaya qarşı məhdudlaşdırıcı tədbirləri qanunsuzdur və “iqtisadi trerror” kimi qiymətləndirilməlidir.