ABŞ-da siyasi lobbiçi Ukraynanın siyasi partiyalarından biri ilə işbirliyinə bağlı ittiham üzrə təqsirini etiraf etdikdən sonra 3 il müddətinə şərti cəza alıb.
Aprelin 12-də ABŞ sahə hakimi Amy Jackson bu hökmü müttəhim Samuel Patten məhkəmədən mərhəmət dilədikdən sonra verib. Məhkəmə habelə Pattenin istintaqa əsaslı köməyini nəzərə alıb.
Patten qanunsuz lobbiçilikdə və seçki kampaniyalarına və prezident inaqurasiyalarına xarici ianələri qadağan edən qanunu pozmağa cəhddə ittiham olunurdu.
Patten ötən il Ukraynada Müxalif Blok siyasi partiyası üçün lobbiçilik etməklə ABŞ-ın Xarici Agentlərin Qeydiyyatı Qanununu pozduğunu etiraf etmişdi.
Bu partiya moskvayönlü prezident Viktor Yanukovych-in Regionlar Partiyasının varisi hesab edilir. Yanukovych 2014-cü ildə xalq etirazları nəticəsində devrilərək ölkədən qaçıb.
Patten habelə varlı bir ukraynalı müştəriyə prezident Donald Trump-ın inaqurasiyasına biletlər almaq üçün sxem qurduğunu etiraf edib.
ABŞ qanunları inaqurasiya komitələrinin belə xarici ianələri almasını qadağan edir və Patten bu qadağanı bildiyini boynuna almışdı.
Məhkəmə sənədlərdində deyilir ki, Patten habelə Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort barədə cinayət təhqiqatına kömək edib. Manafort da Yanukovych və Regionlar Partiyası üçün lobbiçilik etmişdi.
Həm Patten, həm də Manafort FTB-nin şübhələrinə görə Rusiya kəşfiyyatına bağlı Konstantin Kilimniklə sıx işbirliyində olublar.
Kilimnikin özü ABŞ məhkəməsi tərəfindən şahid ifadələrinə təsir göstərməkdə ittiham olunur. Onun hazırda Rusiyada olduğuna inanılır.
Manafort bank və vergi fırıldağı ittihamları ilə 7 il yarım müddətinə azadlıqdan məhrum edilib.