Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Pompeo: İran tankerlərə neft qiymətlərini qaldırmaq üçün hücum edib


Mike Pompeo
Mike Pompeo

ABŞ dövlət katibi Mike Pompeo deyib ki, İran bu ayın əvvəllərində Birləşmiş Ərəb Əmirlikləri sahilindəki neft tankerlərinə xam neftin qlobbal qiymətlərini qaldırmaq məqsədilə hücum edib.

Pompeo mayın 30-da Avropaya səfər etməzdən əvvəl jurnalistlərə deyib ki, “iranlılar tərəfindən bu cəhdlər dünya boyunca xam neftin qiymətlərini qaldırmaq üçün idi”.

Bundan az əvvəl ABŞ milli təhlükəsizlik müşaviri John Bolton demişdi ki, bu hücumların arxasında İranın durduğunu göstərən dəlillər gələn həftə BMT Təhlükəsizlik Şurasında nümayiş etdiriləcək.

Belə bir dəlilləri görüb-görmədiyinə dair suallara Pompeo, “əlbəttə, səfir Bolton düz deyir” cavabını verib.

Tehran bu hücumlarla hər hansı əlaqəsini rədd edir və bu iddiaları “axmaq ittihamlar” və “Vaşinqtonun bəd niyyətləri” adlandırır.

ABŞ İrana xəbərdarlıq edir, Səudiyyə ərəbləri birliyə çağırır

Birləşmiş Ştatların İran üzrə xüsusi elçisi Brian Hook mayın 30-da bildirib ki, ABŞ, Tehran onun maraqlarına hücum edərsə, buna hərbi güclə cavab verəcək. Lakin o əlavə edib ki, ABŞ-ın son vaxtlarda Yaxın Şərqdəki fəaliyyətləri “çəkindirici təsir” üçündür.

Birləşmiş Ştatların İran üzrə xüsusi elçisi Brian Hook
Birləşmiş Ştatların İran üzrə xüsusi elçisi Brian Hook

Eyni gündə Səudiyyə Ərəbistanı bütün ərəb ölkələrini bu yaxınlarda Fars körfəzində baş verən son hücumların qarşısını “bütün güc vasitələri ilə” almağa çağırıb. Həm Səudiyyə və həm də ABŞ bu hücumlara görə Tehranı ittiham edirlər.

Səudiyyə liderləri mayın 30-da Məkkə şəhərində ərəb və sünni müsəlman liderlərin təcili sammitlərini keçirməyə hazırlaşırdılar.

Bu sammitlərdə bu yaxınlarda Birləşmiş Ərəb Əmirlikləri sahillərindəki neft tankerlərinə, habelə Səudiyyənin neft qurğularına qarşı iddia edilən təxribatlar və Yəmənin şiə huti qiyamçılarının dron hücumları müzakirə edilməlidir.

Tehran bu hadisələrlə heç bir əlaqəsinin olmadığını bildirir.

İranla ABŞ arasında münasibətlər Vaşinqton ötən il 2015-ci ilin nüvə sazişindən çıxdıqdan sonra daha da gərginləşib.

ABŞ bu sazişdən çıxdıqdan sonra İran üzərinə sanksiyaları bərpa edib və Tehrana qarşı ritorikasını kəskinləşdirib.

Hook deyib ki, ABŞ bu regiondakı hərbi güclərini real hədələri dəf etmək məqsədilə hazırlıq vəziyyətinə gətirib.

O bildirib ki, Vaşinqtonun İran üzərinə “maksimum təzyiq” kampaniyası bəhrə verir. Hook qeyd edib ki, ABŞ-ın atdığı addımlar nəticəsində bölgədə İranın və onun dəsətklədiyi qüvvələrin fəaliyyətləri zəifləyib.

Rusiya Xarici İşlrə Nazirliyinin sözçüsü Maria Zakharova mayın 30-da Birləşmiş Ştatları “aqressiv davranışda” ittiham edib:

"Regiondan regiona, ölkədən ölkəyə, xalqlardan xalqlara - adamlar bu həyasız özbaşınalıqdan əzab çəkirlər”.

Birləşmiş Ştatların Körfəz müttəfiqləri də İran üzərinə təzyiqi artırıblar. Səudiyyənin xarici işlər naziri Ibrahim al-Assaf mayın 30-da deyib ki, regiondakı son hücumlar “mümkün olan bütün güc və qətiyyətlə” dəf edilməlidir.

Assaf bu bəyanatı Məkkədə 6 Körfəz ölkəsinin, habelə 22 ölkədən ibarət Ərəb Liqasının sammitləri ərəfəsində verib.

Mayın 31-də Məkkədə habelə İslam Əməkdaşlığı Konfransı təşkilatı liderlərinin görüşü keçiriləcək. Onlar əsasən Fələstin dövlətçiliyi məsələsini müzakirə edəcəklər.

Mayın 29-da BƏƏ-yə səfəri zamanı ABŞ milli təhlükəsizlik müşaviri John Bolton demişdi ki, Körfəz hövzəsində ABŞ-ın və onun müttəfiqlərinin maraqlarına qarşı hər hansı hücumlara “çox güclü cavab” veriləcək.

Bununla belə həm ABŞ, həm də İran müharibə istəmədiklərini bildirirlər.

Prezident Trump mayın 30-da deyib ki, o “hamı ilə, hətta İranla da yola gedə bilər”.Trump danışıqlara açıq olduğunu bəyan edib.

Lakin İranın ali rəhbəri ayətüllah Ali Khamenei ABŞ-ın hazırkı administrasiyası ilə hər hansı danışıqları istisna edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG