Birləşmiş Ştatlar Ryanair hava şirkətinin təyyarəsinin məcburi qaydada Minskə endirilməsinə və müxalifət jurnalisti və onun sevgilisinin həbsinə etiraz olaraq Belarusa və Belarusdan təyyarə uçuşlarına biletlərin satışını qadağan edib.
ABŞ Nəqliyyat Nazirliyi bu barədə qərarını iyunun 29-da açıqlayıb.
Nazirlik bildirib ki, Dövlət Departamenti Birləşmiş Ştatlarla Belarus arasında hava nəqliyyatına məhdudiyyət qoyulmasının ABŞ-ın xarici siyasət maraqlarında olduğunu bəyan edib.
Sözü gedən qadağan “birləşdirici” uçuşlara da şamil edilir. Yəni söhbət Belarusdan keçən bütün tranzit səfərlər üçün biletlərin satışına qoyulan qadağandan gedir.
Bu da qeyd olunur ki, Birləşmiş Ştatların marağında olduğu ayrı-ayrı hallarda istisna şəklində belə səfərlərə icazə verilə bilər.
Humanitar və milli təhlükəsizlik məsələləri ilə bağlı hallar da bu istisnada nəzərdə tutulur.
Simvolik addım
ABŞ-ın bu qərarının simvolik məna daşıdığı deyilir. Beləki Birləşmiş Ştatlar və Belarus arasında hava nəqliyyatı onsuz da məhdudlaşdırılmışdı.
Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka 2020-ci ilin avqustunda keçirilmiş prezident seçkisinin ardınca başlanmış kütləvi etirazlara divan tutduğuna görə beynəlxalıq təzyiq altındadır.
Müxalifət və Qərb seçkinin saxtalaşdırıldığını bildirirlər. ABŞ, Avropa İttifaqı və bir çox ölkələr Lukaşenkanın legitimliyini tanımadıqlarını elan ediblər.
Qərb və Belarus arasında gərginlik mayın 23-də Ryanair sərnişin təyyarəsinin məcburi qaydada Minskə endirilməsindən və jurnalist Raman Prataseviçin həbsindən sonra ən kəskin səviyyəsinə yüksəlib.
Avropa İttifaqı, ABŞ, Britaniya və Kanada bu hadisəyə görə Belarusun yüksək vəzifəlilərindən tutmuş Lukaşenkanın ailə üzvlərinədək sanksiyalar elan edib. Bu şəxslərin adları çəkilən ölkələrin ərazisinə daxil olmaları qadağan edilib.
Bundan başqa sözü gedən ölkələr və Avropa İttifaqı Belarus təyyarələrinin özlərinin hava məkanına daxil olmasını və ya onların hava limalarından istifadə etməsini yasaqlayıb.