Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

ABŞ-ın terror hesabatında ‘əsas müqəssir’ İrandır


Dövlət Departamentinin antiterror üzrə əlaqələndiricisi Nathan Sales
Dövlət Departamentinin antiterror üzrə əlaqələndiricisi Nathan Sales

ABŞ Dövlət Departamentinin Ölkələr üzrə Terrorizm 2018 (The Country Reports on Terrorism 2018) adlı hesabatında deyilir ki, İran dünyada terrorizmin “ən pis sponsoru” olaraq qalır.

Qeyd olunur ki, İran dünya boyunca, xüsusilə də Avropada terrorçu qəsdlər təşkil edir.

Noyabrın 1-də açıqlanmış hesabatda iddia edilir ki, İran onu təmsil edən və nüfuzunu bütün dünyada yayan terrorçu qruplaşmalara dəstək üçün hər il 1 milyard dollar xərcləyir.

Hesabatda Livandakı şiə Hizbullah hərəkatından, Fələstinin Həməs və İslami Cihad qruplaşmalarındanayrıca söhbət açılır.

Dövlət Departamentinin antiterror üzrə əlaqələndiricisi Nathan Sales Vaşinqtonda keçirilən brifinqdə deyib ki, “İranın təhdidləri təkcə Yaxın Şərqlə məhdudlaşmır və sözün əsl mənasında qlobal səciyyə daşıyır”.

Ölkələr üzrə Terrorizmə dair hesabat 2004-cü ildən bəri hər il təzələnir və Konqresə bütün dünya üzrə terrorun vəziyyəti barədə məlumat verir.

Builki hesabatın açıqlanması Tehran və Vaşinqton arasında münasibətlərin gərgin vaxtına düşüb.

Prezident Donald Trump 2018-ci ilin mayında ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxarıb və Tehran üzərinə ABŞ sanksiyalarını bərpa edib.

Vaşinqton çoxdan bəridir ki, Tehranı beynəlxalq terroru maliyyələşdirməkdə və regionun sabitliyini pozmaqda ittiham edir. Tehran bu ittihamlarla razılaşmır.

Dövlət Departamentinin hesabatında deyilir ki, ötən il ərzində Avropa bir çox terror hədələri ilə üzləşib.

Qeyd olunur ki, bu hədələr həm daxili terrorçulardan, həm də İran tərəfindən dəstəklənən qruplaşmalardan qaynaqlanıb:

“Yanvar ayında Almaniya hakimiyyət orqanları İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə bağlı 10 şübhəli barədə təhqiqat aparıb. Ötən yayda Belçikada, Fransada və Almaniyada hakimiyyət orqanları Fransada, Paris yaxınlığında keçirilən mitinqdə İran tərəfindən təşkil edilmiş bomba qəsdinin qarşısını alıblar. Oktyabr ayında Danimarkada sui-qəsd hazırlayan İran əməliyyatçısı həbs olunub, Albaniya terror hücumları planlaşdıran iki İran rəsmisini ölkədən xaric edib”.

Hesabatda bu da bildirilir ki, İranda əl-Qaedanın “şəbəkə qurmasına və fəaliyyət göstərməsinə imkan verilib” və “Əfqanıstan və Suriyadakı münaqişə zonalarına döyüşçülər və pul göndərilib”.

Sənəddə Tehranın İrandakı əl-Qaeda üzvlərinə sığınacaq verdiyi də vurğulanır.

Hesabatda bildirilir ki, əl-Qaeda və onun regional qolları Birləşmiş Ştatlara, onun müttəfiqlərinə və dünya boyunca maraqlarına təhlükə təşkil etməkdə davam edir.

Hesabatda deyilir ki, Pakistandakı Ləşkər-e-Tayyiba və Ceyşe Məhəmməd kimi regional terror qrupları da 2018-ci ildə fəal olublar. Həmin müddətdə Taliban Pakistan boyunca hücumlarını davam etdirib.

Bu da qeyd olunur ki, Əfqanıstanda Taliban və Həqqani şəbəkələri bütün ölkə boyunca ölümcül hücumlar ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG