Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

ABŞ-ın yeni viza qaydaları sosial media paylaşımlarına necə təsir edəcək


Viza
Viza

ABŞ Dövlət Departamenti artıq viza üçün müraciət edən şəxslərdən Facebook və Instagram da daxil sosial media hesablarını göstərməyi tələb edir. AzadlıqRadiosunun (RFE/RL) əməkdaşı Todd Prince yazır ki, bu, xariciləri ABŞ vizası ala bilməmək qorxusundan şərh yazmaqdan çəkindirə bilər. Axı, Amerika imperializmini tənqid edən, ancaq, eyni zamanda, Mayaminin qumlu çimərliklərində dincəlmək, ya da Las-Veqas kazinolarında poker oynamaq istəyən xaricilər Twitter-də öz tonlarını yumşaltmalı ola bilərlər.

Yaxud da Facebook-da bir gün Nyu-Yorkda yaşamaq arzusu haqda post paylaşanlar bu postu silməli ola bilərlər. Yoxsa onların ABŞ-da birdəfəlik qalmaq istəməsindən şübhələnə bilərlər.

Səbəb

ABŞ Dövlət Departamenti viza üçün müraciət edən şəxslərdən Facebook və Twitter də daxil olmaqla 20-dək sosial media platformasındakı profillərini göstərməyi tələb edir. Mayın 31-i qüvvəyə minmiş qaydalar insanlardan sosial media hesablarının parolunu göstərməyi tələb etmir. Bununla yanaşı, immiqrasiya vəkilləri deyirlər ki, bu tələblər sosial mediada açıq müzakirələri boğa, potensial mühacirləri paylaşımlar edərkən və kiminləsə dost olarkən ehtiyatlı davranmağa vadar edə bilər.

«İnsanlar ABŞ-ın siyasəti haqda fikirlərini ifadə etməkdən, bəziləri ABŞ-da yaşayan dostlarını əlavə etməkdən çəkinə bilər. Çünki ABŞ-da geniş dost şəbəkəsinin olması ora mühacirət etmək niyyətindən xəbər verə bilər», – San-Fransiskoda fəaliyyət göstərən rusdilli immiqrasiya vəkili Andrei Romanenko deyir.

İlk dəfə ötən il elan edilmiş bu yeni qaydalar prezident Donald Trump-ın ABŞ sərhədlərini möhkəmləndirməyi nəzərdə tutan proqramının bir hissəsidir. Seçki kampaniyasında qabartdığı bu vəd 2016-cı ildə onun prezident seçilməsinə kömək edib.

İndi hətta bir neçə günlüyə qohumlarına baş çəkmək istəyən adamlar belə, viza müraciət formasında sosial media istifadəsi haqda məlumatı paylaşmalıdırlar. Bu qaydalar, məsələn, ABŞ-a vizasız 90 günlük turizm, yaxud biznes səfəri etmək istəyənlərə aid deyil. Ancaq iş vizası almaq istəyənlər məsələn, LinkedIn profilləri haqda məlumat verməlidirlər.

«Viza müraciətlərini tənzimləyən zaman milli təhlükəsizlik əsas prioritetimizdir və hər bir potensial səyahətçi və mühacir geniş təhlükəsizlik yoxlamasından keçir. Hazırda biz ABŞ vətəndaşlarını qorumaqla yanaşı, ABŞ-a qanuni səyahəti dəstəkləyəcək yoxlama prosesini təkmilləşdirmək üzərində çalışırıq», – Dövlət Departamenti radioya bildirib.

20 platforma

Hazırda qaydalar viza üçün müraciət edən şəxslərdən aşağıdakı platformalarda işlətdikləri profillərin adlarını göstərməyi tələb edir: Ask FM, Douban, Facebook, Flickr, Google+, Instagram, LinkedIn, MySpace, Pinterest, QZone, Reddit, Sina Weibo, Tencent Weibo, Tumblr, Twitter, Twoo, Vine, VKontakte, YouKu və YouTube.

Maraqlıdır ki, SnapChat və Tinder kimi tanışlıq saytları bu siyahıda yoxdur. Dövlət Departamenti sonradan siyahıya yeni platformaları da əlavə edəcəyini bildirsə də, onların adlarını açıqlamayıb.

Facebook kimi sosial media platformalarında birdən artıq hesabı olan ərizəçilər bu hesabların hər birini göstərməlidirlər.

Dövlət Departamenti bildirib ki, heç vaxt heç bir sosial mediada qeydiyyatdan keçməmiş şəxslərə … viza verməkdən imtina edilməyəcək.

Londonda fəaliyyət göstərən Laura Devine Solicitors şirkətində çalışan vəkil Karnig Dukmajian immiqrasiya rəsmilərinin hər bir ərizəçinin sosial media hesabına baxacağına inanmadığını deyir. Ancaq o hesab edir ki, bundan yalnız ABŞ immiqrasiya rəsmilərində narahatlıq yaradan ərizəçiləri yaxından araşdırmaq üçün yararlanacaqlar.

«Biz sadəcə onların bundan necə yararlanacaqlarını, yaxud ümumiyyətlə, bu məlumatla nəsə etmək iqtidarında olub-olmadıqlarını bilmirik», – Dukmajian deyir. Onun sözlərinə görə, belə geniş yoxlama viza verilməsi prosesini yavaşıda bilər.

Romanenko deyir ki, immiqrasiya rəsmiləri xaricilərin sosial media səhifələrindən onların «fəlakət»ə yol aça bilib-bilməyəcəklərini müəyyənləşdirə bilərlər. Ərizəçilərin müraciətlərinə postları ilə ərizələri arasındakı uyğunsuzluğa görə «yox» cavabı verilə bilər.

Bu yeni qaydalardan əvvəl də ABŞ immiqrant və qeyri-immiqrant vizaları üçün müraciət edən şəxslərdən səyahət tarixçəsi, ailə üzvləri, əvvəlki ev ünvanları, iş yerləri və təhsil haqda ətraflı məlumat tələb edirdi.

…Dukmajian-ın sözlərinə görə, yeni qaydalar bəzi ərizəçiləri məyus etsə də, «heç kim bununla bağlı xüsusi həyəcan keçirməyib»…

«Bu məni narahat etmir, çünki gizlətməli bir şeyim yoxdur. Məncə, dostlarım da belə hesab edir. İstənilən halda, heç sosial media məlumatlarınızı verməmisinizsə belə, onlar bunu internetdə tapa bilərlər», – Rusiyanın Saxalin adasının sakini Maria Gorelova deyir.

ABŞ-a bir neçə dəfə səyahət etmiş Sankt-Peterburq sakini Artem Tikhonov yeni qaydaları «xoşagəlməz» adlandırıb, ancaq bu ölkəyə getməyi çox sevdiyindən tabe olacağını deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG