Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:29

ABŞ-ın din hesabatına reaksiyalar


Bakıda Aşura
Bakıda Aşura

«Siyasi məsələlərlə bağlı hesabatlarda həqiqət payı olsa da, din məsələsində sanki məqsədyönlü şəkildə Azərbaycanda bu sahədə durumun fəlakət həddinə çatması, problemlərin böyük olması şəklində təəssürat yaradılır», – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa ABŞ-ın 2017-ci il Beynəlxalq Din Azadlığı Hesabatında Azərbaycanla bağlı tənqidlərdən danışarkən deyir.

Hesabatda Azərbaycanda dini fəallara qarşı fiziki zorakılığın və həbslərin davam etdiyi, ötən il ölkədə 80 inanclı şəxsin tutulduğu, eyni zamanda, bir sıra məscidlərin təmir adı altında bağlandığı, dini azlıqlara dözümsüzlük nümayiş etdirildiyi, dini ədəbiyyatın idxalı, yayımı, satışı üzərində nəzarətin gücləndirildiyi bildirilir.

«Bu, artıq din deyil. Şiddətə, zorakılığa çağırışdır»

Adətən, Azərbaycan rəsmiləri bu tənqidlərlə razılaşmırlar. Deputat F.Mustafa da hesabatdan narazıdır. O, birinci növbədə həbslər məsələsinə toxunur:

F.Mustafa
F.Mustafa

«Həbs olunanlar kimlərdir? Başqa ölkələrin istiqamətləndirməsiylə dini radikalizmi, dini fanatizmi yayan, mərasimlərdə dinin mahiyyətinə uyğun olmayan çıxış edən, fəaliyyət göstərən qrupların üzvləridir. Taleh Bağırzadəni götürək, onun çıxışında islamdan, peyğəmbərdən əsər-əlamət yoxdur. Ancaq imam Hüseyn məktəbindən danışılır, qisas çağırışları var. Yəni bu, artıq din deyil. Şiddətə, zorakılığa çağırışdır. Buna görə də hökumət mütləq reaksiya verməlidir. Bunu başlı-başına buraxsan ölkədə xaos yaranar».

Deputat dini azlıqlar və qeyri-ənənəvi məzhəblərə göstərilən təzyiqlər barədə tənqidləri də cavablandırıb. O, Azərbaycanda bir məzhəbin üstünlüyünə dayanan dini anlayışın olduğunu gizlətmir. Deputatın qənaətincə, bunun özü bəzən həmin məzhəbdən irəli gələn xurafat, cəhalət elementlərinin rəsmiləşdirilməsinə, ona hüquqi don geyindirilməsinə rəvac verir. Amma bununla belə, F.Mustafa dini azlıqlara «xüsusi, əlahiddə» təzyiq olmadığını da deyir:

- Məsələn, bəhailərə təzyiq, təqib yoxdur, dövlət qeydiyyatına alınıblar. Azərbaycanda qeyri-ənənəvi hansı məzhəb var ki, ona mənfi münasibət göstərilsin?

- Məsələn, sələfilərə təzyiq yoxdurmu?

- Onların da bir çox hallarda çıxışları, çağırışları radikal istiqamətdədir. Dövlət də buranın Suriyaya, Liviyaya çevrilməməsi üçün addımlar atmağa məhkumdur. Onların içində ilımlı, normal ibadət edənlərə, qışqırdıcı fəaliyyətlə məşğul olmayanlara maneə, məhdudiyyət yoxdur. Amma hansısa radikal qruplaşmaların üzvləri, tutalım, Suriyaya gedirsə və sonra geri dönürsə, dövlət necə davranmalıdır? Onlar sabah Azərbaycanda təhlükəsizliyi pozacaq potensiala çevrilirlər. Ona görə dövlətin bu istiqamətdə addımları normaldır. Bu məsələdə iradlar haqsızdır.

Q.Süleymanov
Q.Süleymanov

«Bağlanan sələfi məscidləridir»

Azərbaycanda sələfilərin çoxu mediaya danışmaqdan qaçır. Onlardan biri də bir neçə il öncə təmirə bağlanan «Əbu-Bəkr» məscidinin imamı Qamət Süleymanovdur. O, üç il öncə AzadlıqRadiosuna demişdi ki, «Əbu-Bəkr» fəaliyyət göstərsəydi, İŞİD-ə qoşulanların sayı az olardı, o, radikallığın əleyhinə çıxdıqlarını bildirmişdi. Ancaq, eyni zamanda, şəriət qaydalarının bərpasına da dolayı şəkildə razı olduğunu gizlətməmişdi.

«Azərbaycanda əksəriyyətin şiə olduğunu demək şübhəlidir. Belə bir sorğunu kim aparıb? Şah İsmayıl Xətai hamını şiə edə bilmədi, axı. Ola bilər, yarı-yarı olsun. Ancaq bu da qarşıdurma səviyyəsinə çatmayıb. Tək-tək qruplarda radikal fikirlər var. O da dünyada gedən, İraqda, Suriyada gedən proseslərlə bağlıdır, məzhəbçilik prosesi getməsə də, baş verənlər bəzən məzhəbçilik kimi görünür», – Q.Süleymanov həmin müsahibədə ölkədə şiə-sünni qarşıdurması haqda danışarkən söyləmişdi.

«Ölkədə bağlanan məscidlər sələfi məscidləridir. Bu, göz qabağındadır. Bəzi icmalar fəaliyyətlərini dayandırmalı olublar». Sələfi kimi tanınan «Aşurbəy» məscidinin (el arasında «Ləzgi məscidi» də deyilir) imamı Faiq Mustafa bu qənaətdədir.

AzadlıqRadiosuna danışan din adamı sələfilərin radikal olması haqda yanaşmanı rədd edir:

«Radikal nəyə deyirlər? Biz radikal nə demişik? Kimsə harasa vuruşmağa getmək istəyirsə, məscid bağlanmalıdır? Yoxsa məsciddə olan adamları, gəlib-gedənləri müşahidə etməlidirlər? Məscidin işi ibadətdir. Kimin hara getdiyinə məscid baxmır».

E.Miri
E.Miri

«Mənim kitabımın qadağan edilməsi bu sahədəki durumu aydın göstərir»

«Bu gün mənim yazdığım kitab faktiki qadağan edilib. Mən indi kitabımın çapı üçün məhkəmədə mübarizə aparıram», – dini məsələlər üzrə ekspert, dövlətin yasaqladığı «İslamda qadağandır» kitabının müəllifi Elşad Miri söyləyir. Bu kitab Türkiyədə, Qırğızıstanda çap edilib. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə kitabın ənənəvi dini anlayışlara zidd olduğunu, bütün məzhəblərə qarşı çıxdığını bildirmişdi.

E.Miri deyir ki, problemin həlli naminə komitənin narazı qaldığı iki məsələylə bağlı hissənin kitabdan çıxarılmasına da razılaşıb, amma təklif nəticəsiz qalıb.

«Mənim kitabımın qadağan edilməsi bu sahədəki durumu aydın göstərir», – deyə ekspert ölkədəki dini durumu izah edir.

«Kitaba qadağa qoyulması yanlışdır»

Deputat F.Mustafa dini ədəbiyyata münasibətin dəyişməsini istəyir.

«Dini kitablara bu qədər qadağa qoyulması yanlış tendensiyadır», – deputat bildirir və sözügedən sənəddə buna toxunulmasını daha məqsədəuyğun sayır. Amma bununla belə deyir:

«Dini ədəbiyyatın idxalına nəzarət olmalıdır, əlbəttə. Radikal çağırış varsa, o yığışdırılmalıdır. Amma deyək ki, maarifləndirmə, aydınlatma istiqamətində, fəlsəfi və elmi görüşləri əks etdirən kitablara qarşı da bəzən qadağalar qoyulması yanlışdır. Bununla bağlı iradlar haqlıdır. Amma ümumən ölkədə dini dözümsüzlüklə bağlı ciddi fakt ortaya qoymaq mümkün deyil».

AzadlıqRadiosu hesabatdakı tənqidlərlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də açıqlama almağa çalışır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG