Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:04

ABŞ Din Azadlığı hesabatında Azərbaycan da var


Rusiyada Yəhvanın şahidləri təriqəti ekstremist qruplaşma sayılır
Rusiyada Yəhvanın şahidləri təriqəti ekstremist qruplaşma sayılır

Birləşmiş Ştatların yenicə açıqlanmış hesabatında deyilir ki, dünya boyunca, xüsusilə də Rusiya, İran, Əfqanıstan və Pakistanda dini zəmində təqib və zorakılıqlar artır.

ABŞ dövlət katibi Mike Pompeo mayın 29-da bu sənədi Dövlət Departamentində təqdim edərkən deyib ki, 2017-ci il Beynəlxalq Din Azadlığı Hesabatı (2017 International Religious Freedom Report) “din azadlığının qorunması missiyamız üçün həyati əhəmiyyət daşıyır”.

Pompeo xatırladıb ki, “Birləşmiş Ştatalar dünya boyunca dini azadlıqların indi də, gələcəkdə də müdafiəsinə sadiq qalır”. O bildirib ki, sözü gedən hesabatda dünyanın 200 ölkə və ərazisində din azadlığının vəziyyəti, hökumətlər tərəfinndən törədilmiş qanunsuzluqlar təhlil edilib.

Rusiya Konstitusiyası hər bir vətəndaşın öz dininə sitayiş etmək hüququnu tanısa da, “hökumət bir çox dinlərin davamçılarını qanunsuz missioner fəaliyyətinə görə təqib edib”. Bu zaman 2016-cı ildə antiterror qanunlarına edilmiş əlavələrdən istifadə olunub. Rusiyada bu əlavələr onları təklif etmiş millət vəkilinin adı ilə bağlı “Yarovaya paketi” adlandır.

2017-cin ilin aprelində Rusiyada Yəhvanın şahidləri qrupu ekstremist təşkilat elan edilib.

Rusiya ilhaq edilmiş Krım və moskvayönlü separatçıların nəzarətində olan Donetsk və Luqanskda da dindarların həbs və mühakimələrini həyata keçirib.

İranda müsəlmanların etiqadının qeyri-müsəlmanlar tərəfindən dəyişdirilməsi hələ də ən ağır cinayət hesab edilir. İran cinayət məcəlləsində bu kimi fəaliyyət “Allaha qarşı müharibə” və ya “səbb ən-Nabi” (peyğəmbərin təhqiri) adlanır.

İranda “Allaha qarşı düşmənçilikdə” ittiham edilənlərin edamları 2017-ci ildə də davam edib. 2017-ci ilin dekabrında Racay-şəhr həbsxanasında 4 nəfər bu ittihamla edam edilib.

Hesabatda deyilir ki, “Əfqanıstanda İslam dinindən başqa dinə keçid ölümlə cəzalandırılan cinayət” sayılır.

Məsələn Əfqanıstanın Ali Məhkəməsi Bəhayi təriqətini “küfr” elan edib. Məhkəmənin qərarında deyilir ki, “bu cinayət əməlinin cəzası edamdır”.

Hesabatın Azərbaycana aid hissəsində yerli insan haqları qruplarına istinadən deyilir ki, hökumət 2017-ci ildə də din fəallarına qarşı fiziki zorakılığa və həbslərə əl atmaqda davam edib.

Bu da qeyd olunur ki, ötən il Azərbaycanda həbs olunmuş dindarların sayı 80 olub. Bu rəqəm 2016-cı ildə 86 idi.

Hesabatda yerli din ekspertlərinə istinadən bildirilir ki, hökumət bir sıra məscidlərin təmir adı ilə bağlanması praktikasını davam etdirib.

Hökumət bununla yanaşı dini ədəbiyyatın idxalı, yayımı və satışı üzərində nəzarəti daha da gücləndirib.

Azərbaycan məhkəmələri bir sıra şəxsləri dini ədəbiyyat və materialların icazəsiz satışına görə cərimələyib. Lakin bu da əlavə edilir ki, bu cərimələrdən bəziləri sonradan ləğv olunub.

Hesabatda deyilir ki, hökumət dini dözümlüyün artırılması məqsədilə ölkə boyunca təlim sessiyaları keçirir.

Sənəddə qeyd olunur ki, Azərbaycanda cəmiyyətin ənənəvi dini azlıqlara – pravoslavlara, katoliklərə və yəhudilərə münasibətdə dözümlüyü var, lakin eyni sözləri qeyri-ənənəvi dini azlıqlara münasibət barədə demək olmaz.

Bu da qeyd olunur ki, din azadlığı və dinlərarası münasibətlər barədə ictimai müzakirələr məhdudur.

Azərbaycan qanunları hökumətin qrup və fərdlərin dini fəaliyyətlərinə müdaxiləsini qadağan etsə də, ekstremizmlə bağlı şübhələr yarandıqda bu qanunlardan istisnalar edilə bilər.

2017-ci il iyunun 22-də prezident İlham Əliyev qeydiyyatlı dini qruplar tərəfindən dini ibadətlərin keçirilməsi üçün xaricdən əcnəbilərin dəvət edilməsinə icazə verən fərman imzalayıb.

Hesabatda deyilir ki, konstitusiya “din rəsmilərinin” seçkilərdə iştirak hüququnu məhdudlaşdıra bilər. Qanunlara görə syasi partiyalar dini fəaliyyətlə məşğul ola bilməz.

Hesabatda bəzi konkret qanun pozuntularına da toxunulub. Sənəddə deyilir ki, hakimiyyət orqanları sentyabrın 30-da Aşuranı Gəncədəki İmamzadə məscidinə yürüş təşkil etməklə yad etmək istəyən 30 nəfəri saxlayıb. İnsan haqları müdafiəçiləri bu adamlardan bəzilərinin polis tərəfindən qəddarlıqla döyüldüyünü bildiriblər.

Sənəddə bu da qeyd olunur ki, bir sıra dini icmalar Azərbaycanda qeydiyyatdan keçməyin son dərəcə çətin proses olmasından şikayətlənirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə 2017-ci il ərzində qeydiyyatdan keçmiş icmaların sayı 793-ə çatıb. Bunlardan 17-si xristian, səkkizi yəhudi, ikisi Bəhayi və biri krişnait olmaqla 28-i qeyri-müsəlman icmalardır.

Azərbaycanda 2250 məscid, 14 kilsə və 7 sinaqoq qeydiyyatdan keçib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG