Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:25

Xanımı: 'Oqtay artıq ətraf mühiti yaxşı duya bilir'


Komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevi Türkiyəyə aparırlar
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevi Türkiyəyə aparırlar

Xanımı: 'Oqtay artıq ətraf mühiti yaxşı duya bilir'

"Oqtay artıq ətraf mühiti yaxşı duya bilir, başını boynu üzərində müəyyən müddətə saxlaya bilir. Həkimlərin deməsinə görə, boyun əzələləri güclənir".

Bunu bugün, aprelin 30-da hazırda Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, O.Gülalıyevin çəkisində də artım baş verib: "Bura gələndən çəkisi 65 kiloqram olaraq dayanmışdı. Hazırda çəkisi 68 kiloqrama yaxındır. Həkimlər bunun özünü də müsbət hal kimi qiymətləndirirlər".

Amma F.Gülalıyeva əlavə edib ki, hələlik, O.Gülalıyevdə şüur oyanıqlığı baş verməyib: "Məsələ bundadır ki, şüur oyanıqlığının nə zaman baş verəcəyini həkimlərin özləri də bilmirlər".

Bu açıqlamaya xəstəxanadan münasibət almaq mümkün olmayıb.

Hüquq müdafiəçisinin qəzaya düşdüyü vaxtdan 6 aydır ki, şüuru özündə deyil.

20.04.2020

Xanımı: 'Oqtayın həkimləri çalışırlar ki...'

"Oqtayın vəziyyətində elə bir ciddi yenilik yoxdur. Gözlərini açır, əllərini hərəkətə gətirir, amma şüur oyanıqlığı hələ baş verməyib".

Bunu AzadlıqRadiosuna aprelin 20-də hazırda Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Xanımının sözlərinə görə, O.Gülalıyevin həkimləri indi daha çox çalışırlar ki, onu Türkiyədə geniş yayılmaqda olan yeni koronavirus infeksiyasından qorusunlar. "Bu virusa Oqtay kimi immuniteti zəifləmiş şəxslər daha tez yoluxa bilirlər. Ona görə də həkimlər bu məsələni əsas məsələ kimi diqqətdə saxlayırlar",-F.Gülalıyeva bildirib.

25.3.2020

Xanımı: 'Oqtay gözlərini açır, amma...'

«Oqtayın vəziyyətində yenilik ancaq odur ki, gözlərini açır, yanında danışanda danışan şəxsi duyur. Amma hələ ki, beyin oyanıqlığı baş verməyib».

Bunu martın 25-də AzadlıqRadiosuna Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq-müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, O.Gülalıyev tibbi prosedur olaraq gündəlik həkimlərin nəzarəti altında yarım saata kimi ayaq üstə saxlanılır, oturduğu halda saxlanması isə bir az uzun çəkir: «Amma həkimlər şüur oyanıqlığının nə zaman baş verə biləcəyini deyə bilmirlər...».

2019-cu il oktyabrın 29-u axşam saatlarında hüquq müdafiəçisi O.Gülalıyevi avtomobil vurub. O vaxtdan hüquq müdafiəçisi komaya düşüb.

30.01.2020

Mehman Əliyev: 'Gəlməyimi hiss etdi...'

Dünən, yanvarın 29-da «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicəsi davam etdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevə baş çəkib. Bu barədə M.Əliyev özü bildirib. Onun sözlərinə görə, O.Gülalıyevin sağlamlığında müsbət dəyişiklik var: «Gəlməyimi hiss etdi, həyəcanlandı, gözlərini açdı, oturdu. 3 saata kimi onun yanında oldum. Mən deyəndə filan məsələ və s. başının hərəkəti ilə reaksiya göstərirdi. Hətta yoldaşı (Firuzə Gülalıyeva-red.) deyirdi ki, Oqtayda belə reaksiya olmayıb, yəni, reaksiya çevikləşib».

M.Əliyev O.Gülalıyevi müalicə edən həkimlə də görüşdüyünü diqqətə çatdırıb: «Müsbət istiqamətdə dinamika var, yaxşılığa doğru dəyişikliklər baş verir».

16.01.2020

Xanımı: 'Oqtayın reaksiyaları normallaşır'

«Bu il yanvarın 10-da Oqtayın başında aparılan əməliyyatdan sonra qızdırması olsa da, artıq iki gündür ki, qızdırması düşüb».

Bunu AzadlıqRadiosuna bu gün, yanvarın 16-da hazırda Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicəsi davam etdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

«Həm də artıq Oqtayın reaksiyaları da normallaşır. Belə ki, yanvarın 10-da keçirilmiş əməliyyatdan sonra reaksiyaları zəifləmişdi. Həkimlər bunu əməliyyatla əlaqələndirirdilər. İndi isə artıq gözlərini açır, əllərini əməliyyatdan əvvəlki tempdə hərəkət etdirə bilir», - F.Gülalıyeva əlavə edib. Onun sözlərinə görə, əməliyyat zamanı beyinə qan sızması və başqa mənfi hallar aşkar edilməyib.

F.Gülalıyeva deyib ki, yığılan mayenin axıdılması üçün başın sağ hissəsinə şunt qoyulub: «Amma həkimlər Oqtayda şüur oyanıqlığı baş verməsinin bir zaman alacağını, gözləməyin lazım gəldiyini deyirlər».

Xanımı: 'Oqtayın qızdırması qalxdı'

«Oqtayın yanvarın 13-ü, səhər qızdırması olub. Hazırda həkimlər hərarətin aşağı düşməsi üçün lazımi olan müalicəni aparırlar. Amma bir xeyli müddət idi ki, qızdırması yox idi».

Bunu bu gün, yanvarın 13-də AzadlıqRadiosuna hazırda Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

«Yanvarın 10-dakı əməliyyatdan keçən iki gün ərzində hər hansı fəsad olmamışdı. Bu gün yanvarın 13-də səhər qızdırması qalxdı»,- F.Gülalıyeva əlavə edib.

O.Gülalıyevin davranışına gəlincə, F.Gülalıyevanın deməsinə görə, ərinin reaksiyaları əməliyyatdan öncəki vaxtlarla müqayisədə bir az zəifləyib: «Həkimlər bunu Oqtayın əməliyyat olunması ilə əlaqələndirirlər».

F.Gülalıyevanın deməsinə görə, müalicələr davam edir və həkimlər O.Gülalıyevin özünə gəlməsi üçün müəyyən bir zamanı gözləməyi məsləhət bilirlər.

10.01.2020

Oqtay Gülalıyevin oğlu: 'Əməliyyat 3 saatdan çox çəkdi'

«Atamı yanvarın 10-da əməliyyata götürüblər və əməliyyat üç saatdan bir az çox çəkib».

Bunu AzadlıqRadiosuna hazırda Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicəsini davam etdirən hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev bildirib.

«Atamın başında kəskin su yığıntısı müəyyən edilib. Həkimlər hesab ediblər ki, həmin suyun baş-beyindən kənarlaşdırılması üçün əməliyyat olunmalıdır. Bu məqsədlə bu əməliyyatı keçiriblər. Həkimlərin deməsinə görə, bu su yığıntısı beynin funksiyasını da yerinə yetirməyə maneçilik törədir, ona görə də əməliyyat zərurətə çevrilib», - Ə.Gülalıyev belə deyib.

Hələlik, sözügedən xəstəxananın həkimləri ilə əməliyyatla bağlı danışmaq mümkün olmayıb.

Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq

Türkiyədə Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin sabah, yanvarın 10-da yenidən əməliyyat olunacağı gözlənir.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev məlumat verib. Onun sözlərinə görə, müsbət irəliləyişlər olmasına baxmayaraq, hələ də komada olan atası onun vəziyyətini dəyərləndirmək üçün həkimlərin həyata keçirdiyi prosedura çox zəif cavab verir: «Ona görə yanvarın 7-də onu yenidən MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) keçirtdilər. Nəticəyə görə, beynində kəskin sürətdə su artması yaranıb. Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq».

Bu, hüquq müdafiəçisinin artıq məlum hadisədən sonra üçüncü əməliyyatı olacaq. O, əvvəlcə Bakıda, daha sonra isə İstanbulda əməliyyat olunmuşdu.

6.1.2020

Xanımı: 'Oqtayın səhhətində irəliləyiş davam edir'

«Oqtayın səhhətində tədrici irəliləyiş davam edir. Əvvəla, xeyli vaxtdır ki, qızdırması olmur. Böyrəklərdə kreatinin səviyyəsi normaya düşür. Əllərini hərəkət etdirə bilir. Hərdən hər iki gözünü açır».

Bunu hazırda Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicəsi davam edən hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bu gün, yanvarın 6-da AzadlıqRadiosuna bildirib. Onun sözlərinə görə, müalicə qaydasında gedir, artıq O.Gülalıyev özü qida qəbul edir, süni qidalandırma dayandırılıb.

«Ətrafda danışılanları eşidir, sadəcə, beyin hərəkətdə olmadığı üçün deyilənləri cavablandıra bilmir», - O.Gülalıyevin xanımı əlavə edib.

Xanımı: 'Oqtay hər iki gözünü aça bilir, amma...'

«Son 20 gün ərzində Oqtayın qızdırması yoxdur. Böyrəklərində kreatinin həcmi çox azalıb. Bunları irəliləyiş saymaq olar».

Hazırda İstanbulun Amerika Xəstəxanasında müalicəsi davam etdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bunu yanvarın 3-də AzadlıqRadiosuna bildirib.

«Hər iki gözünü aça bilir, bəzən barmaqlarını tərpədir. Amma hələlik şüuru açılmayıb»,-F.Gülalıyeva əlavə edib.

25.12.2019

Xanımı: 'Oqtayın səhhətində irəliləyiş var'

«Oqtayın səhhətində irəliləyiş var. Artıq bir həftədən də çoxdur ki, qızdırması yoxdur. Böyrəklərində kreatinin səviyyəsi aşağı düşüb. Daha rahat nəfəs alır».

Bunu AzadlıqRadiosuna bu gün, dekabrın 25-də hazırda Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

F.Gülalıyeva daha sonra da deyib: «Artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılması ehtimalı da artır, amma buna bir zaman lazımdır».

O.Gülalıyevin tibbi xərclərinin qarşılanmasına gəlincə, F.Gülalıyeva vurğulayıb ki, həkimlər Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinə bu xərclərin 10 günlük yox, aylıq ödənməsi ilə bağlı müraciət ediblər. «Hələlik cavab verilməyib. Amma ümid edirəm ki, təklif müsbət qarşılanar», -F.Gülalıyeva bildirib.

Bu açıqlamaya, hələlik, O.Gülalıyevin Türkiyədəki müalicə xərclərini qarşılayan Heydər Əliyev Fondundan münasibət almaq mümkün olmayıb.

Xanımı: 'Oqtaya artıq antibiotiklər vurulmur'

«Oqtaya artıq antibiotiklər vurulmur, infeksiyalar azalıb».

Bunu AzadlıqRadiosuna bu gün, dekabrın 17-də hazırda Türkiyənin İstanbul şəhərindəki «Amerika Xəstəxanası»nda müalicəsi davam etdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, hər gün qan analizləri aparılır, hər hansı çatışmazlıq olarsa, onun qarşısı alınır. «Qanında hansısa elementlərin çatışmazlığı müəyyən edildikdə qarşısını almaq üçün müalicə aparılır. Müalicə düzgün qaydada gedir. Komadan ayılması ilə bağlı isə, hələlik, hər hansı irəliləyiş yoxdur. Koma vəziyyəti hələ ki, davam edir», - F.Gülalıyeva əlavə edib.

Xanımı: '3-4 gündür ki, Oqtayın qızdırması olmur'

«Oqtayın səhhətində cüzi də olsa, müsbətə doğru dəyişiklik var».

Bunu AzadlıqRadiosuna bu gün, dekabrın 16-da hazırda Türkiyənin İstanbul şəhərindəki «Amerika Xəstəxanası»nda müalicəsi davam etdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib: «Artıq 3-4 gündür ki, Oqtayın qızdırması olmur, böyrəklərində isə kreatininin səviyyəsi azalmaqda davam edir. Koma vəziyyətinə gəlincə isə, hələ də komadan ayılmayıb. Həkimlər də gözləməyi məsləhət bilirlər».

Oqtay Gülalıyevə görə marafon keçirilib

Hazırda Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı təşkil olunan xeyriyyə marafonunda 246 nəfər iştirak edib.

Bu barədə AzadlıqRadiosuna təşkilatçılar məlumat verib.

Təşkilatçıların sözlərinə görə, dekabrın 13-də saat 11:00-dan başlanan aksiyada siyasətçilər, partiya rəhbərləri, vətəndaş cəmiyyətin nümayəndələri, jurnalistlər və sadə insanlar iştirak ediblər: «Marafon bitdi və təxminən 13 min manat vəsait yığılıb. Biz marafonu saat 17:00 qədər keçirməyi planlaşdırırdıq. Lakin çoxlu adam bizə zəng vurub xahiş etdi ki, vaxtı uzadaq və aksiya 19:00 qədər davam etdi. Yığılmış bütün pullar Oqtay bəyin ailəsinə veriləcək».

Xanımı: 'Oqtayın səhhətində irəliləyiş var'

«Oqtayın vəziyyətində müsbət dinamika müşahidə olunur. Son günlər daha yaxşı nəfəs almağa, böyrəyindəki kreatin də azalmağa başlayıb, temperaturu normaya düşüb».

Bunu hazırda Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. «Bütün bu müsbət hallara baxmayaraq, O.Gülalıyev hələ də komadadır, amma müalicədəki müsbət dinamika onun bu durumdan çıxacağına ümid yaradır», - F.Gülalıyeva vurğulayıb.

Oqtay Gülalıyevin müalicəsindən xəbər var

«Dekabrın 9-da Oqtayın İstanbuldakı «Amerika Xəstəxanası»nda müalicəsinin daha 10 gün davam etməsi barədə qərar verilib». Bunu AzadlıqRadiosuna hazırda Türkiyədə müalicəsi davam etdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, xəstəxanada O.Gülalıyevi müalicə edən həkimlər xəstənin vəziyyəti ilə bağlı rəy hazırlayıblar: «Həmin rəyə əsasən Heydər Əliyev Fondu Oqtayın «Amerika Xəstəxanası»nda daha 10 gün müalicə xərclərini qarşılayıb», - F.Gülalıyeva bildirib.

O.Gülaliyevin hələ də komada olduğu bildirilir.

Heydər Əliyev Fondundan münasibət

«Turan» Agentliyinin məlumatına görə, Heydər Əliyev Fondundan isə bildiriblər ki, O.Gülalıyevin vəziyyətinə uyğun hər 10 gündən bir qərar verilir.

Fonddan deyilib ki, bu qurumun dəstəyi ilə O.Gülalıyevin İstanbulun «Amerika Xəstəxanası»nda müalicəsi davam etdirilir.

Bildirildiyinə görə, Fond tərəfindən müalicəsinə dəstək göstərilən şəxslərlə bağlı tibb müəssisələrindən hesabatlar daxil olur və həmin hesabatlar əsasında müalicənin sonrakı mərhələləri ilə bağlı qərar verilir.

'Oqtayın müalicəsində qeyri-müəyyənlik yaranıb'-xanımı

«Oqtayın İstanbul şəhərindəki «Amerika Xəstəxanası»nda 20-günlük müalicə müddəti bu gün, dekabrın 9-da başa çatır. Həmin müalicə vəsaiti Heydər Əliyev Fondu tərəfindən ödənilirdi».

Bunu bu gün, dekabrın 9-da AzadlıqRadiosuna hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

F.Gülalıyevanın sözlərinə görə, Fondun Türkiyə təmsilçiləri xəstəxanaya və onun özünə orada müalicə müddəti bitdikdən sonra prosesin necə gedəcəyi barədə bu gün, dekabrın 9-da hər hansı məlumat verməyiblər: «Amma şənbə günü-dekabrın 7-də Fondun təmsilçiləri ilə danışmışdım. Bundan sonra müalicənin necə davam edəcəyini soruşdum. Belə ki, dekabrın 9-da ayrılmış vəsait hesabına xəstəxananın göstərəcəyi müalicə müddəti başa çatır. Mənə dedilər ki, dekabrın 9-da xəstəxanada həkimlərlə danışdıqdan sonra qərar qəbul edəcəklər. Amma bu gün dekabrın 9-dur, hələlik, Fonddan bizə hər hansı söz, yəni müalicənin bundan sonra necə və ya harada davam edəcəyi haqqında heç nə deməyiblər».

F.Gülalıyevanın sözlərinə görə, digər tərəfdən, həkimlər də öz rəylərini hazırlayıblar: «Həmin raporlara (rəylərə) görə, O.Gülalıyevin həm ağciyərində, həm də qaraciyərində problemlər qalmaqda davam edir. Üstəlik, böyrəklərində kreatinin həcmi artıb. Bu halda onun hər hansı yerə aparılması məqsədəuyğun deyil. Digər tərəfdən isə, Azərbaycan səhiyyəsinin vəziyyəti bu durumda olan xəstəni müalicə etməyə imkan vermir».

Xəstənin səhhətinə gəlincə isə, F.Gülalıyeva deyib ki, ərinin koma vəziyyəti davam etməkdədir: «Həkimlərin deməsinə görə, Bakıda əməliyyat çox gec aparılıb, əsas problem də oradan yaranıb. Ona görə də Oqtayın komadan nə zaman ayıla biləcəyi barədə konkret bir şey deməyə çətinlik çəkirlər».

O.Gülalıyevin Bakıda əməliyyatının gecikdirilməsi fikrini F.Gülalıyeva bir müddət öncə də dilə gətirmişdi. Amma həmin vaxt Azərbaycan Səhiyyə Nazirliyindən bildirmişdilər ki, əməliyyatın gecikdirilməsində əslində O.Gülalıyevin ailəsi məsuliyyət daşıyır. Nazirlikdən vurğulandığına görə, əməliyyatın vacibliyi ailəyə bildirilsə də, onlar bir müddət razılığı gecikdiriblər. F.Gülalıyeva isə onda demişdi ki, həmin vaxt onlar, sadəcə, əməliyyatın hansı xəstəxanada aparılacağı ilə bağlı məsləhətləşmə aparıblar. Xanımının sözlərinə görə, bu isə çox az vaxt çəkib, əməliyyat isə az qala bir günə yaxın gecikdirilib.

O.Gülalıyevin bu açıqlamasına isə onun Bakıda müalicə alındığı Kliniki Tibbi Mərkəz, «City Hospital» və Respublika Neyrocərrahiyyə Xəstəxanasından münasibət almaq mümkün olmamışdı.

5.12.2019

Xanımı: 'Oqtayın qaraciyərində də problem yaranıb'

«Oqtayın səhhətində hər hansı yenilik yoxdur, vəziyyəti əvvəlki kimi ağır olaraq qalmaqdadır».

Bunu bu gün, dekabrın 5-də AzadlıqRadiosuna Türkiyənin İstanbul şəhərindəki «Amerika Xəstəxanası»nda müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Xanımı deyib ki, hüquq müdafiəçisi hələ də komadadır.

O, daha sonra vurğulayıb ki, O.Gülalıyevin qaraciyərində də problem yaranıb: «Oqtayın ağciyərində, qanında infeksiya olduğuna görə antibiotiklər vurulurdu. Qaraciyərində problem yarandığı üçün dekabrın 4-dən antibiotik vurulması dayandırılıb. Dekabrın 4-də qanından yenə nümunə götürülərək yoxlamaya göndərilib və qarşıdakı 4 gün ərzində analizlərin cavabı məlum olacaq. Ağciyərində, qanunda isə infeksiya qalmaqda davam edir».

27.11.2019

Oqtay Gülalıyev palataya köçürülüb

«Oqtayı dünən, noyabrın 26-da palataya köçürüblər. Sağlıq durumunda hər hansı irəliləyiş yoxdur. Qanında və ciyərində infeksiyalar qalmaqda davam edir...».

Bunu bu gün, noyabrın 27-də AzadlıqRadiosuna hazırda Türkiyənin İstanbul şəhərindəki «Amerika Xəstəxanası»nda müalicəsi davam edən hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, O.Gülalıyevə infeksiya əleyhinə antibiotiklər vurulur: «Hələlik, komadan çıxmayıb, hər hansı irəliləyiş hiss edilmir».

Xanımı: 'Oqtayın vəziyyəti ağır olaraq qalır'

«Oqtayın vəziyyəti ağır olaraq qalır».

Bunu AzadlıqRadiosuna noyabrın 26-da Türkiyənin İstanbul şəhərindəki «Amerika Xəstəxanası»nda müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, bu gün, noyabrın 26-da O.Gülalıyevin səhhəti ilə bağlı həkimlərlə də söhbət edib. «Həkimlər deyirlər ki, gözləmək lazımdır. Amma bu vəziyyətin əmələ gəlməsinin səbəbi kimi Oqtayın üzərində tibbi əməliyyatın gec aparılmasını göstərirlər», - F.Gülalıyeva əlavə edib.

Bu açıqlamanı, hələlik, «Amerika Xəstəxanası»ndan dəqiqləşdirmək mümkün olmayıb.

F.Gülaliyeva O.Gülaliyevin gec əməliyyat olunması fikrini onlar Azərbaycanda olanda da gündəmə gətirmişdi. Amma Azərbaycan Səhiyyə Nazirliyinin açıqlamasında buna görə elə hüquq müdafiəçisinin ailəsinin məsuliyyət daşıdığı vurğulanmışdı. Nazirlikdən bildirildiyinə görə, ailəsinə əməliyyatın zəruriliyi deyilsə də, onlar bir müddət tərəddüd içində olublar. Amma F.Gülalıyeva deyib ki, onların məsləhətləşməsi qısa bir vaxt çəkib, əməliyyat isə 5-6 saat yubadılıb.

Onda bu məsələlərə O.Gülalıyevin Azərbaycanda müalicə aldığı 1 saylı Təcili Tibbi Yardım Mərkəzindən, «City Hospital» və Neyrocərrahiyyə Klinikasından münasibət almaq mümkün olmamışdı.

O.Gülalıyevin xanımı: 'Həkim deyir ki, komadan ayılması üçün...'

«Oqtayın səhhətində hər hansı irəliləyiş yoxdur».

Bunu bu gün, noyabrın 25-də Türkiyənin İstanbul şəhərindəki «Amerika Xəstəxanası»nda müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

«Bu gün (noyabrın 25-i) qızdırması da var idi, 38 dərəcəyə yaxın idi. Qanda və ağciyərindəki infeksiyanın aradan qaldırılması üçün antibiotiklər vurulması da davam edir», - o əlavə edib.

F.Gülalıyeva deyib ki, noyabrın 25-də həkimlə də söhbət edib: «Həkim deyir ki, komadan ayılması üçün ay, bəlkə də aylar lazımdır».

Xanımı: Oqtay hələ komadan ayılmayıb

«Oqtayın müalicəsi davam edir. Amma, hələlik, bir irəliləyiş yoxdur».

Bunu bu gün, noyabrın 22-də AzadlıqRadiosuna Türkiyənin İstanbul şəhərindəki «Amerika Xəstəxanası»nda müalicə alan hüquq müdafiəçisi O.Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, O.Gülalıyevin qanında və ağciyərində infeksiyanın aradan qaldırılması üçün də müalicə aparılır.

«Eyni zamanda, komadan ayılmasından ötrü müalicə getsə də, hələlik, hər hansı bir irəliləyiş hiss olunmur», - F.Gülalıyeva bildirib.

Xanımı: 'Oqtaya antibiotiklər vurulur'

«Oqtayın vəziyyəti ağır olaraq qalmaqda davam edir».

Bunu bu gün, noyabrın 21-də AzadlıqRadiosuna Türkiyənin İstanbul şəhərindəki «Amerika xəstəxanası»nda müalicəsi davam edən hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, O.Gülalıyevin səhhətində hər hansı irəliləyiş yoxdur: «Amma indi ağciyərində, qanında olan infeksiyaya qarşı antibiotiklər vurulur».

F.Gülalıyeva bildirib ki, həkimlər O.Gülalıyevin səhhətiylə bağlı hər hansı rəy və açıqlama vermirlər.

O.Gülalıyevin xanımının bu açıqlamasına, hələlik, sözügedən xəstəxananın özündən münasibət almaq mümkün olmayıb.

Oqtay Gülalıyevin əməliyyatı başa çatıb

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbuldakı «Amerika xəstəxanası»nda əməliyyatı başa çatıb.

Bu barədə onun həyat yoldaşı Firuzə Gülalıyeva AzadlıqRadiosuna danışıb: «Əməliyyat 2 saat davam etdi. Əməliyyat zamanı beynindəki qanlı sular yenidən təmizlənib və beyninə «trubka» qoyulub. Həkimlərin deməsinə görə, müalicə davam edəcək. Xəstənin səhhətində irəliləyiş olub-olmayacağı bu müalicə prosesində bilinməlidir».

Hələlik, hüquq müdafiəçisinin bu əməliyyatı ilə bağlı «Amerika xəstəxanası»nın həkimlərinin özü ilə danışmaq mümkün olmayıb.

Oqtay Gülalıyev Türkiyədə əməliyyat olunur

Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin bu gün, noyabrın 20-də əməliyyat olunduğu bildirilir.

Bu barədə onun həyat yoldaşı Firuzə Gülalıyeva danışıb: «Oqtayı əməliyyata götürüblər. Amma əməliyyatın nə qədər müddət çəkəcəyi barədə heç nə demirlər. Hazırda əməliyyat başlayıb».

F.Gülalıyevanın sözlərinə görə, həkimlər hüquq müdafiəçisinin səhhəti ilə bağlı nə müsbət, nə də mənfi bir fikir bildiriblər. «Hər hansı vəd də yoxdur. Özü də komadadır, hələ də ayılmayıb», - F.Gülalıyeva əlavə edib.

Bu, O.Gülalıyevin ikinci əməliyyatıdır. Onun ilk əməliyyatı oktyabrın 30-da Bakıda «City Hospital»da gerçəkləşib.

Oqtay Gülalıyev başqa xəstəxanaya köçürülüb

Bu gün, noyabrın 19-da Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbulda yerləşən «Amerika xəstəxanası»na (Amerikan Hastanesi) köçürülüb.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib. Onun sözlərinə görə, həkimlər atasının köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər. «Atamın vəziyyətində hər hansı dəyişiklik yoxdur, vəziyyəti ağır olaraq qalır», - T.Gülalıyev bildirib

Xanımı: 'Oqtay 'Amerika Xəstəxanası'na köçürülür'

«Oqtayın hazırda İstanbuldakı «Amerika Xəstəxanası»na (Amerikan Hastanesi) köçürülməsinə başlanır».

Bunu AzadlıqRadiosuna bu gün, noyabrın 18-də hazırda Türkiyədə müalicə olunan Azərbaycanın hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Xanımı deyib ki, «Avrasiya» Klinikasında aparılan müalicəyə baxmayaraq, O.Gülalıyevin səhhətində hər hansı irəliləyiş yoxdur. «Vəziyyəti ağır olaraq qalır, komadan ayılmayıb. Hazırda epiqrizləri hazırlanır ki, yaxın saatlarda «Amerika Xəstəxanası»na aparaq»- F.Gülalıyeva bildirib.

O.Gülaliyevin xanımının bu açıqlamasına, hələlik, «Avrasiya» Klinikasından münasibət almaq mümkün olmayıb.

15.11.2019

F.Gülalıyeva: «Daha ixtisaslı müalicəyə ehtiyac var»

«Oqtayın səhhətində, hələlik, hər hansı irəliləyiş yoxdur».

Bunu AzadlıqRadiosuna bu gün, noyabrın 15-də hazırda Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, hələ də həyat yoldaşı koma vəziyyətindədir: «Digər tərəfdən, ağciyərinə düşmüş infeksiyanın aradan qaldırılması ilə də bağlı müalicə aparılır».

Amma F.Gülalıyeva hesab edir ki, O.Gülalıyevin daha ixtisaslı müalicəyə ehtiyacı var. «Oqtayın müalicəsini davam etdirə bilmək üçün başqa ölkəyə də göndərilə bilər. Əgər bu, mümkün deyilsə, onun müalicəsinə neyroxirurqlar cəlb edilə bilər. Bizi hazırda ən çox onun koma vəziyyətindən çıxması maraqlandırır. Bu da daha ixtisaslı müalicə ola bilər. Odur ki, daha ixtisaslı müalicəyə ehtiyac var», - F.Gülalıyevə belə söyləyib.

O.Gülalıyev İstanbuldakı «Avrasiya» Klinikasında müalicə alır. Onun xanımının bu açıqlamasına, hələlik, klinikadan və Azərbaycanın aidiyyatı qurumlarından münasibət almaq mümkün olmayıb.

Oqtay Gülalıyevin ağciyərinə infeksiya düşdüyü bildirilir

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətinin ağır olaraq qaldığı deyilir. Üstəlik, onun ağciyərinə infeksiya düşdüyü söylənir.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin yoldaşı Firuzə Gülalıyeva danışıb. Onun sözlərinə görə, infeksiyanın mənşəyi, orqanizmə necə düşdüyü barədə həkimlər heç bir məlumat vermirlər. «Bu nə infeksiyadır belə, məlumatım yoxdur, həkimlər demir. Oqtay ağır komadadır. Həkimlər əlindən gələni edir, amma heç bir proqnoz vermirlər», - F.Gülalıyeva bildirib.

Bu deyilənləri O.Gülaliyevin hazırda Türkiyənin İstanbul şəhərində müalicə aldığı «Avrasiya» Klinikasından dəqiqləşdirmək mümkün olmayıb.

11.11.2019

Xanımı: 'Oqtayın səhhətində irəliləyiş yoxdur'

«Oqtayın vəziyyəti ağır sabit olaraq qalır. Səhhətində irəliləyiş yoxdur».

Bunu AzadlıqRadiosuna bu gün, noyabrın 11-də hüquq müdafiəçisi, hazırda Türkiyədə müalicə olunan Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

O qeyd edib ki, gündəlik müalicə davam edir və O.Gülalıyev reanimasiyadadır.

F.Gülalıyeva vurğulayıb ki, «Avrasiya» Klinikasının həkimləri O.Gülalıyevin səhhəti ilə bağlı ilkin rəylərini veriblər. Həmin rəyin o qədər də nikbin olmadığı qeyd edilirdi: «Bu, aparılan müayinənin nəticəsi olaraq həkimlərin verdikləri ilkin rəy idi. Yəqin ki, aparılan müalicə də öz nəticəsini verər».

F.Gülalıyeva həkimlərin əllərindən gələni əsirgəmədiklərini söyləyib. «Amma «Avrasiya» Klinikası neyrocərrahiyyə baxımından münasib deyil»-deyə o əlavə edib.

08.11.2019

«Oqtay süni nəfəs verən aparatdan ayrılıb, amma…»

«Oqtay Gülalıyev özü nəfəs almağa başlayıb, süni nəfəs verən aparatdan ayrılıb, amma bu onun vəziyyətinin yaxşılaşması demək deyil».

Bunu noyabrın 8-də, günün ikinci yarısı AzadlıqRadiosuna hüquq müdafiəçisinin yoldaşı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, O.Gülalıyevin vəziyyəti kritik olaraq qalır: «Oqtayın beyni ödəmlə doludur. Bu ödəm çəkilməlidir, beyin öz işini bərpa etməlidir ki, vəziyyəti yaxşılaşsın. Dünən həkimlər təkrar KT (kompüter tomoqrafiyası) elədilər. Həkimlər konsilium edib, ona iynə vurulacaq. Yalnız bundan sonra bilinəcək ki, Oqtayın beyninin funksiyasının açılmasının ehtimalı nə qədərdir?».

Oqtay Gülalıyev İstanbulda müayinə olunub

«Oqtay Gülalıyevin İstanbulun «Avrasiya» Klinikasında müalicəsi davam edir. Vəziyyəti isə ağır-sabit olaraq qalmaqdadır».

Bunu AzadlıqRadiosuna bu gün, noyabrın 8-də hüquq müdafiəçisi O.Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, noyabrın 7-də «Avrasiya» Klinikasında O.Gülalıyevin baş-beyin nahiyəsi bir də müayinədən keçirilib. «Müayinənin nəticələri bu gün məlum olacaq. Amma həkimlər hələ ki, Oqtayın səhhəti ilə bağlı hər hansı açıqlama vermirlər», - xanımı əlavə edib.

'Oqtay Gülalıyevin vəziyyəti kritik olaraq qalır'

«Oqtay Gülalıyev komadan ayılmayıb, vəziyyəti kritik olaraq qalır. Türkiyədə xəstəxanaya yerləşdiriləndən sonra səhhətində heç bir dəyişiklik olmayıb».

Bunu bu gün, noyabrın 7-də AzadlıqRadiosuna O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

«Həkimlərin səylərinə baxmayaraq, Oqtay hələ də koma vəziyyətindədir. Onun sağalması ilə bağlı söz verə bilmirlər. Dünən, noyabrın 7-də süni nəfəs borusunu traxeya borusuna (nəfəs borusu) yerləşdirdilər», - o əlavə edib.

O.Gülalıyev noyabrın 6-da Bakıdan xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Oqtay Gülalıyev Türkiyəyə aparılır

«Artıq Bakı hava limanındayıq. Oqtayın Türkiyəyə aparılması lazım gəldi».

Bunu AzadlıqRadiosuna bu gün, noyabrın 6-da Bakı hava limanında həyat yoldaşı -hüquq müdafiəçisi Oqtay Gülalıyev ilə birgə Türkiyəyə yola düşməyə hazırlaşan Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, təyyarənin təqribən bir saatdan sonra uçması gözlənir: «Oqtay gətirilib, artıq təyyarədədir. Türkiyənin İstanbul şəhərindəki «Avrasiya» klinikasına yerləşdiriləcəyi gözlənir».

F.Gülalıyeva bildirib ki, təyyarə Heydər Əliyev Fondunun vəsaiti hesabına ayrılıb.

O.Gülalıyevin hazırkı durumuna gəlincə isə, F.Gülalıyeva bunları bildirib: «Həkimlər hələ də Oqtayın vəziyyətinin ağır olaraq qaldığını deyirlər. Ona görə də müəyyən məsləhətləşmələrdən sonra onun Türkiyəyə aparılması vacib oldu».

+++

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi Türkiyəyə aparırlar.

Bu barədə AzadlıqRadiosuna onun xanımı Firuzə Gülalıyeva məlumat verib. Onun deməsinə görə, Türkiyədən gələn mütəxəssislər onu müayinə ediblər və vəziyyətini çox ağır, kritik hesab ediblər: «Bildirdilər ki, müalicəsini Türkiyədə davam etdirə bilərik, amma sağalacağına da tam qarant yoxdur. Oqtay Gülalıyevin aparılması üçün hazırda hazırlıqlar görülür».

F.Gülalıyevanın deməsinə görə, Türkiyədən mütəxəssislərin dəvəti və O.Gülalıyevin həmin ölkəyə aparılmasının bütün xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb.​

A.Qeybulla: 'Oqtayın səhhətində geriləmə yoxdur'

«Oqtay Gülalıyevin səhhəti təbii ki, ağır olaraq qalır. İstənilən halda beyin zədəsi ağır sayılır».

Bunu bu gün, noyabrın 5-də professor Adil Qeybulla deyib.

«Bir neçə gündür ki, onun üzərində apardığımız müşahidələrə əsasən deyirik ki, səhhətində geriləmə yoxdur. Müəyyən reflekslər var. Dörd koma dərəcəsindən ikinci koma vəziyyətindədir»,- o qeyd edib.

A.Qeybulla əlavə edib ki, beyin əzilməsi baş verib, beyin qişalarında əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı-red.) var: «Əməliyyat zamanı hematoma çıxarılıb. Amma beyin ödəmi özü qalır. Ödəm müəyyən dövrdən sonra yavaş-yavaş gedəcək, təəssüf ki, beyin funksiyasında müəyyən itkilər olacaq. Səhhətində geriləmə yoxdur, ona baxmayaraq, müsbət dinamika üçün də hələ vəziyyət tezdir».

O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva da AzadlıqRadiosuna onun vəziyyətinin ağır olaraq qaldığını bildirib. O qeyd edib ki, hələlik, vəkil tuta bilmədiklərindən istintaqın gedişi ilə maraqlana bilməyiblər.

Oktay Gülalıyevin son durumu necədir?
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Oktyabrın 30-da Daxili İşlər Nazirliyindən bildirilmişdi ki, faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və… idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Oktyabrın 31-də də Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun mətbuat xidmətlərinin birgə açıqlamasında hadisənin qəsdən törədilməsinə dair fikirlərin əsassız olduğu iddia edilirdi.

O.Gülalıyevin yaxınları isə vurğulayıblar ki, onlara hüquq müdafiəçisinin qəzadan bir neçə saat sonra xəstəxanaya çatdırılması ilə bağlı məlumatlar gəlib, amma bunu dəqiqləşdirə bilməyiblər.

Bu deyilənlərə, istintaq qurumundan da, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub. Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan videogörüntülərə görə, hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib. Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü O.Gülalıyevi xəstəxanaya çatdırıb.

O.Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan «City Hospital»a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.

Bəzi ictimai fəallar qəzanın qəsdən törədilmədiyi ilə bağlı hüquq-mühafizə orqanlarının açıqlamasına şübhə ilə yanaşırlar.

O.Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. O, həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin «İşgəncələrə son qoyulsun!» adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayırlar. Onların demələrinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG