Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

A.İsmayılov: 'Onkologiya Mərkəzindəki korrupsiyanı ifşa etdiyimə görə...'


A.İsmayılov
A.İsmayılov

«Haqqımdakı cinayət işinin əsas səbəbi Milli Onkologiya Mərkəzindəki korrupsiyanı ifşa etməyimdir», – xuliqanlıq suçlamasıyla mühakimə olunan hüquqşünas Aslan İsmayılov sentyabrın 3-də məhkəmədə belə deyib.

CM-in 221.1 (xuliqanlıq) maddəsiylə ittiham olunan hüquqşünasın işinə Binəqədi Rayon Məhkəməsində baxılır. A.İsmayılov məhkəmədə vəsatət qaldırıb, prosesin video və audio yazısına icazə verilməsini istəyib: «Cənab hakim, doğrudan da obyektiv məhkəmə keçirib, həqiqətin üzə çıxarılmasını istəyirsinizsə, o zaman video çəkilişə, audio yazıya icazə verin. Hamımız yaxşı bilirik ki, bu saxta cinayət işi nə prokurorluqdur, nə də məhkəməlik. Bu iş mənim ictimai fəaliyyətim, konkret Onkologiya Mərkəzindəki korrupsiyanı ifşa etməyimlə əlaqəlidir. Mən imkan vermərəm ki, hüquq-mühafizə orqanlarının rəhbərləri mənə qarşı törətdiyi cinayət belə ört-basdır edilsin. Saxtakarlıq faktlarını ingilis, alman, fransız, ispan dillərinə tərcümə elətdirirəm, bütün dünyaya yayacağam. Onu da bilirəm ki, bu cinayət işi üzrə qərar sizlik deyil, heç məhkəmə sədrinin də işi deyil. Prezidentə məruzə olunacaq...».

Prokuror deyib ki, açıq məhkəmə prosesi keçirilir, adamlar iştirak edir, izləyir, ona görə də audio və videoçəkilişə ehtiyac yoxdur.

Hakim Mirheydər Zeynalov da eyni əsasla vəsatəti təmin etməyib.

Aslan İsmayilov 1 il 6 ay islah işlərinə məhkum edildi
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

«Haqqımda cinayət işi başlamaq planı əvvəldən olub»

«Mənim haqqımda cinayət işi başlamamışdan, ittihamda bəhs olunan hadisədən iki gün əvvəl Daxili İşlər Nazirliyinə məktub göndərib, mənim məhkum olub-olmadığım barədə arayış istəyiblər. Deməli, bu cinayət işinə əvvəldən hazırlıq gedib. Sənədlərdəki tarixlərə baxanda görürsən ki, bir gündə müxtəlif orqanlardan 46 vərəq material yığılıb. O orqanlar eyni binada yerləşsəydi belə, 8 saat ərzində o qədər qərarı çıxarmaq, hazırlamaq, alıb gətirmək mümkün deyildi», – A.İsmayılov bildirib.

Daha sonra Binəqədi Rayon Məhkəməsində kuryer işləyən Zaur Ələkbərov şahid qismində dindirilib. Deyib ki, A.İsmayılov hakim Rəşad Məmmədovun Teymur adlı köməkçisi ilə otaqdaydı və qışqırıb hakimin gəlməsini, işə baxıb qərar çıxarmasını tələb edirdi. Sonra A.İsmayılov məhkəmə zalının qapısını çırpıb və divarın suvağı tökülüb. Ardınca da çıxıb həyətdə qışqırıb məhkəmənin sədri Sədrəddin Hacıyev və hakimin gəlməsini tələb edib.

A.İsmayılov şahidin yalan danışdığını bildirib. Deyib ki, şahid qapı çırpılandan sonra divarın suvağının töküldüyünü bildirir, ancaq iş materiallarında müstəntiqin həmin gün çəkdiyi foto var, orada qapının yanında divarın suvağı tökülməyib.

Həmin foto məhkəmədə nümayiş etdiriləndə şahid «bəlkə sonradan yenə suvaqlanıb», - cavabını verib.

Məhkəmə sentyabrın 17-də davam edəcək.

Bu cinayət işi ilə əlaqədar istintaq və məhkəmə dövrü üçün A.İsmayılov barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Son ayyarımda A.İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddialar üzrə iki hökm çıxarılıb. Hüquqşünasa islah işləri və pul cəzası kəsilib. Bunlardan birində iddiaçı Hafiz Hacıyev, digərində isə işadamı Mürvət Həsənovdur.

A.İsmayılov onları təhqir etməkdə suçlu sayılıb. Ancaq hüquqşünas bu ittihamları da qəbul etmir, sifarişlə məhkum edildiyini bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG