Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:12

A.Bağırov: 'Bəzi vəkillərimiz bir ildən çoxdur pulunu ala bilmir'


A.Bağırov

Azərbaycanda vəkilliyin fəaliyyətini tənqid edənlər vəkillərin bir sıra hallarda məhkəmə-hüquq sistemindəki korrupsiya zəncirinin halqasına çevrildiyini iddia edirlər. Söhbət məhkəmə və ya istintaq orqanı ilə tərəf arasındakı korrupsiya xarakterli sövdələşmələrdə vasitəçilikdən gedir.

Bu məsələ dolayısıyla prezident İlham Əliyevin iki gün öncə imzaladığı «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» Fərmanda da əksini tapıb. Fərmanın 9-cu bəndində yazılıb: «Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirləri gücləndirsin».

Fərmanda vəkilliyə aid daha bir bənd isə maliyyə məsələsi ilə bağlıdır. İndiyədək vətəndaşa dövlət hesabına hüquqi yardım göstərən vəkillərə vəsaiti uyğun yerli icra hakimiyyəti orqanı ödəyirdi. Bundan sonra hər il büdcədən vəsait birbaşa Vəkillər Kollegiyasının özünə ayrılacaq.

Sizdən olsaydı məhkəmələrdə nəyi dəyişərdiz?
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

«Vəkilin vəsaiti niyə icra hakimiyyəti orqanında olmalıdır?»

Fərmanın vəkilliyə aid müddəalarını AzadlıqRadiosuna şərh edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov hesab edir ki, bu sənəd vəkilliyin inkişafına töhfə verəcək. Onun sözlərinə görə, dövlət hesabına göstərdiyi hüquqi yardıma görə vəkillərə vəsaitin ödənilməsində süründürməçilik halları vardı, şəffaflıq təmin olunmurdu:​ «Bəzi vəkillərimiz bir ildən çoxdur ki, dövlət hesabına göstərdikləri hüquqi yardıma görə vəsaiti ala bilmirlər. Bəzi şəhər və rayonlarda belə hallar da, ödəniləcək məbləğ də kifayət qədər çoxdur. Bu da bizi narahat edirdi. Ona görə Nazirlər Kabinetinə müraciət etmişdik. Sevinirəm ki, məsələ bu formada həllini tapdı, dövlətimiz narahatlığımızı nəzərə aldı. Bu onu göstərir ki, vəkilliyin səsi eşidilir, hörmətlə yanaşılır. Vəkilliyin müstəqilliyi institusional baxımdan həm də maliyyə müstəqilliyini ehtiva edir. Vəkilin vəsaiti niyə yerli icra hakimiyyətinin büdcəsində olmalıdır? Axı, bu doğru deyil. Vəkilin vəsaitinin yerli icra orqanlarına nə aidiyyəti var? Bütün vəkillər Kollegiyada birləşib».

A.Bağırov deyir ki, həm də onun rəhbərlik etdiyi qurum monitorinq keçirərək dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı vəkillər arasındakı ayrıseçkiliyi aradan qaldıra biləcək. Kollegiya sədrinin sözlərinə görə, bəzi vəkillər dövlət hesabına daha çox hüquqi yardım göstərir, bəziləri isə, ümumiyyətlə, belə işlərə çıxmır: «Ədalət, bərabərlik bərqərar olacaq».

Vəkil olmaq istəyənlərin idealları-Sorğu
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

«Biz onu gizlətmirik»

Vəkillərin hakimlər, istintaq orqanlarının əməkdaşlarıyla qeyri-prosessual münasibətlərinin önlənməsinə gəlincə, A.Bağırov belə halların olduğunu təkzib etmir. Deyir ki, hətta vəkillərin belə hərəkətlərinə görə özləri də hüquq-mühafizə orqanlarına müraciət ediblər, buna görə hazırda prokurorluqda barələrində araşdırma gedən vəkillər var: «Biz bununla bağlı tədbirləri hər zaman görürdük. Belə şeylərə göz yuma bilmərik. Bəzən vətəndaşlar arasında da «vəkillər vasitəçilik edir», «korrupsiya hüquqpozmalarında iştirak edir» kimi fikirlər səslənir, bu da yolverilməzdir. Ona görə də biz indiyə qədər də sərt mövqedə olmuşuq, bundan sonra daha da sərt, barışmaz mövqedə olacağıq. Bu, çox düzgün tövsiyədir və göstərir ki, dövlətin bu problemdən xəbəri var. Heç biz də onu gizlətmirik. Başqa cəmiyyətlərdə də bəzən hüquqşünaslar arasında belə hallar olur. Bizdə bəzən nümayəndəlik edən hüquqşünasların da belə qanunsuz əməlləri vəkillərin adına yazılırdı. Çünki özlərini vəkil kimi təqdim edirdilər».

Ə.Hacıbəyli
Ə.Hacıbəyli

«Siyasi iradə yoxdursa...»

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli isə deyir ki, bütövlükdə məhkəmə-hüquq sistemində qayda-qanun yaradılmasa, korrupsiya aradan qalxmasa, Vəkillər Kollegiyasına verilən bu tapşırığın da əhəmiyyəti olmayacaq. Hüquqşünas xatırladır ki, prosessual məcəllələrdə qeyri-prosessual əlaqələr onsuz da qadağan olunub: «Bəs vəziyyət necədir? Bu gün vəkillərin əksəriyyəti qeyri-prosessual əlaqələr vasitəsilə məhkəmə-hüquq sistemindəki rüşvətxorluqda bilavasitə iştirak edirlər, makler, dəllal rolunu oynayırlar. Elə bir həddə çatıb ki, məsələ sərəncamda əksini tapıb. Bu, əslində problemin dövlət səviyyəsində etirafıdır. Bütövlükdə məhkəmə sistemində qayda-qanun yaradılmasa, Vəkillər Kollegiyasına verilən bu tapşırığın da heç bir mənası olmayacaq. Vəkil bilməlidir ki, hakim rüşvət almır, yalnız qanun əsasında ədalətli qərarlar verir, o zaman belə qeyri-prosessual əlaqələrə ehtiyac da avtomatik aradan qalxacaq. Məhkəmə sisteminin müstəqilliyinin təmin olunması üçün siyasi iradə yoxdursa, vəkilliyə bu tapşırığın verilməsinin nə mənası var?!».

Ə.Hacıbəyli deyir ki, bu sərəncamın ruhu dövlət orqanlarına öz vəzifələrini bir daha xatırlatmaqdan ibarətdir və xeyli dərəcədə deklarativ xarakter daşıyır: «Bu fərmanın məhkəmə-hüquq sisteminə məncə, koordinal təsiri olmayacaq».

Hər il büdcə təsdiqlənərkən dövlət hesabına hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması məsələsinə gəlincə, Ə.Hacıbəyli də deyir ki, vəkillərə dövlət hesabına göstərdikləri hüquqi yardıma görə vəsaitin ödənilməsində problemlər vardı: «Bu işin Vəkillər Kollegiyasına həvalə olunması yəqin ki, proseduru sadələşdirmək məqsədi güdür. Ola bilsin ki, müsbət təsiri olsun. Amma bunun vəkilliyin inkişafına təsirindən danışmaq mənasızdır. Çünki elə bir ciddi tədbir deyil ki, vəkilliyin inkişafına da təsir göstərsin».

XS
SM
MD
LG