Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:22

A.Əliyev: 'Proqramçılardan biri dedi ki, sən sayt yox, maşın istəyirsən'


A.Əliyev
A.Əliyev

Bakı Mətbuat Klubu bir neçə il öncə dayandırdığı fəaliyyətini bərpa edir. Qurum vaxtilə «Pressklub» kimi də tanınırdı. Sentyabrın 17-dən isə eyni adda sayt işə düşür: pressklub.az.

Bu layihənin başında Mətbuat Klubunun prezidenti Arif Əliyev, «Ayna» qəzetinin redaktoru Elçin Şıxlınski, telejurnalist, professor Qulu Məhərrəmli, «Turan» xəbər agentliyinin direktoru Mehman Əliyev durur.

«Bu, keçmişə dönüş yox, gələcəyə qayıdış olacaq. Dünya qloballaşır. Həyatla ayaqlaşmaq üçün biz də təfəkkürümüzün, onunla bərabər mediamızın sərhədlərini genişləndirməliyik», – A.Əliyev Facebook səhifəsində yazır.

AzadlıqRadiosu klubun və yeni saytın fəaliyyəti, hədəfləri ilə bağlı suallara Mətbuat Klubunun prezidentindən cavab almağa çalışıb.

- Arif bəy, Pressklub qaldığı yerdən davam edəcək, ya bu, tamam fərqli bir layihədir?

- Təəssüf ki, artıq qaldığımız yer yoxdur. Hər şey dəyişib, hətta media sahəsinin sifəti tamam dəyişib. İndi nə müstəqil medianın imkanları qalıb, nə də bir çoxunda həvəs. Amma biz düşündük ki, bugün cəmiyyətdə nələrsə baş verir, kiçik də olsa dəyişikliklər gedir. Buna xırda olsa da, təkan verə bilərik. Ona görə də Azərbaycan mətbuatının formalaşmasında vaxtilə rol oynamış Pressklubun bugün meydanda yerinin olduğunu düşündük və onun bərpasına başlamışıq. Uzun, çətin bir prosesdir. Medianın əvvəlki imkanları yoxdur. Vaxt vardı Pressklubu biz özümüz – 6-7 kütləvi informasiya vasitəsi birgə, heç kimə ehtiyac olmadan öz vəsaitimiz hesabına yaratmışdıq. Amma artıq o imkanlar olmadığından bərpa prosesi mərhələ-mərhələ gedir. Birinci mərhələdə Pressklubun virtual formada bərpası gedir.

- Bu, xəbər saytı olacaq, yoxsa başqa funksiyalar da yerinə yetirəcək?

- Saytı Kanadada bir şirkət hazırlayır. Onlara mən ideyamı söyləyəndə proqramçılardan biri dedi ki, sən sayt yox, maşın istəyirsən. Bu, xəbər saytı deyil. Hərçənd xəbərlər bölümü onun mühüm və dinamik bir hissəsini təşkil edəcək. Orda Azərbaycanda baş verən, dünya üçün maraqlı hadisələr yer alacaq. Yəni kim kiminlə dalaşdı, neylədi, onlar bizim maraq dairəmizdə deyil. Azərbaycanda və ondan kənarda yaşayan peşəkar jurnalistləri maraqlandıracaq hadisələr diqqətimizdə olacaq. Eyni zamanda, auditoriyanı dünyada Azərbaycanla bağlı gedən əsas yazılarla tanış edəcəyik. Bundan başqa, saytın güclü və geniş informasiya bazası olacaq. Burda Azərbaycanda media qanunvericiliyindən tutmuş, dünyada media sahəsində qəbul edilmiş sənədlərə, bizim məhkəmə sənədlərinə, kitablara, filmlərə, statistik məlumatlara, naviqasiya məlumatlarına, ölkə mediası haqda hesabatlara, araşdırmalara qədər geniş, 9 bölümdən ibarət informasiya bazası yaradılacaq. Üçüncü funksiyası da var - sayt dünyaya səpələnmiş Azərbaycandan olan jurnalistlərlə sosial media fəalları arasında əlaqələndirici rolunu oynayacaq. Saytda jurnalistlərin xəritəsi hazırlanıb, hansı ölkədə hansı jurnalistlər var, onlarla necə əlaqə qurmaq mümkündür və s. Eləcə də jurnalistlər üçün biznes-sayt yaradılacaq. Bir az böyük səslənsə də, jurnalistlərimiz üçün ASAN Xidmət rolunu oynayacaq. Tutalım, kitabdan tutmuş hansısa informasiyanın əldə edilməsində, hansısa qurumda akkreditasiyadan keçilməsində rastlanan çətinliklərlə bağlı yardım göstərəcəyik. Ümumi funksiyalar budur. Həmçinin, saytın eksklüziv bölməsində iri və çox mühüm mövzularda öz materiallarımızı təqdim edəcəyik.

Jurnalistlər hansı mövzuda yaza bilmir?
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

- Məsələn?

- Məsələn, birinci material «Qum adalarının generalları» adlanır. Bu, hələlik, tariximizdə qaranlıq qalan mövzu haqqındadır. Bakının mərkəzində zirzəmi var, vaxtilə orda rus matrosu şanlı Azərbaycan generallarını güllələyirmiş. İndi orda ayrı-ayrı, uyğun gəlməyən xidmət sahələri fəaliyyət göstərir. Araşdırma materialıdır, Qərb standartları əsasında hazırlanıb. Multimediadan, videodan istifadə olunub, hətta radiomaterial da olacaq. Başlıca məqsədimiz Azərbaycan mediasının yenidən dirçəlməsində bizim xarici potensialımızdan istifadə etməkdir. Bizim jurnalistlərimizin böyük əksəriyyəti ya xarici KİV-lərdə işləməyə başlayıblar, ya da ölkəni tərk ediblər. Bir istiqamət də Azərbaycanın beynəlxalq imici ilə bağlı məsələlərdə ölkənin xaricdəki nümayəndələrinin potensialından yararlanmaqdır, katalizator rolunu oynamaqdır.

- Xaricdəki jurnalistlər sayt üçün sifarişlər yerinə yetirəcəkmi? Tutalım, hansısa araşdırmalar, yazılar hazırlayacaqlarmı?

- Əvvəla, onların bütün yazıları öz razılıqları alınmaqla saytda yerləşdiriləcək. Böyük əksəriyyətin bir-birindən xəbəri, əlaqəsi yoxdur. Bu potensial cəmlənmiş şəkildə istifadə edilmir. Onların yazılarını yerləşdirəcəyik, onlarla əlaqə yaradılacaq, sayt onlara onlayn tədbirlər keçirəcək. Xatırlayırsınızmı, bir zamanlar Pressklubun mətbuat konfransları keçirilirdi, orda görkəmli şəxslərlə görüşlər, diskussiyalar keçirilirdi. İndi virtual şəkildə belə görüşlər keçiriləcək. Bundan başqa, jurnalistlər üçün müxtəlif sahələrdə hazır treninq materiallar saytda yerləşdiriləcək. Layihələr çoxdur. Hər şey media mənsublarının, media sahəsi ilə əlaqəli olan şəxslərin bundan yararlanmaq istəməsindən asılı olacaq.

- Araşdırmalara toxundunuz. Sizin əməkdaşlarınız, məsələn, korrupsiya sahəsində, yüksəkvəzifəli şəxslərin fəaliyyəti istiqamətində araşdırmalar aparacaqlarmı? Buna imkan varmı?

- Məni tanıyanlar bilir ki, əməkdaşlarımıza bircə şərtim olub: heç bir mövzuya qadağa yoxdur, qadağa yalnız tonadır. İstənilən halda ton əndazəni aşmamalıdır, təhqirə çevrilməməlidir, sübutsuz şayiələrə keçməməlidir və s. Ancaq mövzularda qadağa yoxdur. O nə jurnalistikadır ki, özünə mövzularla bağlı qadağa qoysun? Əlbəttə, elə mövzular var ki, orda bir-iki aya araşdırma aparmaq çətindir. Bu mövzu seçimində təsirini göstərə bilər, amma qadağa, senzura yoxdur.

Media həqiqəti xəbərləyə bilirmi?
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

- Arif bəy, məsələnin maddi tərəfi də maraqlıdır: araşdırmalar üçün yetərli qonorar ödəmək imkanı olacaqmı?

- Plana görə, saytın 12 nəfər yaradıcı işçisi olmalıdır. Biz, hələlik, 3 nəfərlə başlayırıq, qalanlar kənarda yardım göstərir. Bu işi aparmaq üçün özümün müəyyən imkanlarım var. Bir də bizim müəyyən xidmətlərin göstərilməsi yönündə artıq bir neçə təşkilatla protokollarımız var. Üçüncüsü, maliyyə mənbələri axtarmaq gərəkdir. Əlbəttə, mövzu seçiminə maliyyə məsələləri də təsir göstərəcək. Tutaq ki, biz Azərbaycan və Ermənistan diasporunun müqayisəli araşdırmasını apara bilərik, ya da «Qum adasının generalları»nın. Amma bunlar Sizin dediyiniz korrupsiya araşdırmaları qədər bahalı deyil. Hər halda, maliyyə mənbələrini genişləndirməyə can atacağıq.

- Saytla bağlı məlumatda bir məqam diqqət çəkir. Siz dövlət qurumlarından informasiya əldə etməkdə vasitəçi olmağı təklif edirsiniz. Bunu necə edəcəksiniz?

- İsveçdə bizim dostlarımız vardı, bir məqalə üçün bəzi məlumatları əldə edə bilmirdilər. Onlar sorğu göndərmişdilər, burda ona əhəmiyyət verən yox idi. Əməkdaşımız onların adından müraciət etdi, necə deyərlər, yapışdıq yaxasından və informasiyanı alıb İsveçdəki həmkarlara göndərdik. Və ya xaricdən gələn bir TV qrupunun akkreditasiyasına yardım göstərdik. Bu cür xidmət pullu olacaqmı? Bu, həmin xidmət üçün vəsait xərclənib-xərclənməməsindən asılı olacaq. Bir də bizim hədəfimiz daha böyükdür. Vaxt vardı parlamentin qəbul etdiyi qanunları biz hazırlayırdıq, «İnformasiya əldə etmək haqqında», «Televiziya və radio yayımı haqqında» və başqa qanunları biz hazırlamışıq. Növbəti mərhələdə bizi qanunların müzakirəsinə belə çağırmadılar. Biz bu vəziyyəti dəyişməliyik. Əlaqələrimiz böyükdür, bir ölkə deyil, iki deyil, adı dəftərdə olmayan saytın əməkdaşları deyil. Saytımızın, klubun əməkdaşlarının böyük əksəriyyəti böyük təcrübəyə, nüfuza, imkana, bacarığa, qələmə malik, xaricdə məktəb keçmiş insanlardır. Burda siyasi məqsəd yox, professional hədəflər var. O məqsədlərdən biri də jurnalistikamızın yenidən formalaşmasıdır, nüfuzunu bərpa etməsidir.

- Buna imkan varmı?

- Təbiətdə heç nəyə zəmanət yoxdur. Zəmanətləri insanlar yaradır. 1970-ci illərdə Türkiyə mətbuatı indiki Azərbaycan mətbuatından pis idi. Jurnalist təşkilatlarında başlanan islahatlar 10 il ərzində türk mətbuatını Avropanın qabaqcıl mediaları sırasına çıxardı. Düzdür, sonradan yenə əks proses getdi... Biz bu işdə ictimai xadimlərin, dövlətin, beynəlxalq təşkilatların yardımına ümid edirik, amma bilməliyik ki, hər şey bizim əlimizdədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG