Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:41

Hakimiyyət və müxalifət mitinqlər məsələsində anlaşacaqmı?


Pənah Hüseyn
Pənah Hüseyn
«Panorama» verilişində suallara İctimai Palatanın üzvü Pənah Hüseyn və deputat Zahid Oruc cavab verir.

- İctimai Palata adından Müsavat başqanı İsa Qəmbər BŞİH-nə məktub göndərib. Məktubda mitinqlərə ortaq yerlərin tapılması üçün danışıqlar təklif edilir. Təklif müsbət qarşılanmasa, onda nə edəcəksiz?

Pənah Hüseyn:

«ƏGƏR HAKİMİYYƏT QARŞIDURMA İSTƏMİRSƏ...»

- Bu, artıq eyni məqsədlə göndərilən birinci məktub deyil. Hələ mitinqlərdən əvvəl də belə bir məktub göndərilmişdi. Məqsəd arzuolunmaz gərginliyin yaşanmaması üçün mitinqlərə razılaşdırılmış ortaq bir yer tapmaqdır. Bilirsiniz ki, Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhərində mitinqlər üçün 11 yer ayırmışdı. Onlardan biri də elə Müsavat partiyasının istədiyi «Təbriz» kinoteatrının qarşısı idi. Ancaq Bakı şəhər rəhbərliyi müxalifətə indi oranı vermək istəmir. Əksinə, heç siyahıda adı olmayan sürücülərin meydançasını təklif edir. Əslində, ora meydan deyil. Ora 6 metrlik bir həyətdir, giriş-çıxışı da çox məhduddur. Yalnız ordan bir adam keçə bilər. Qarışıqlıq olsa, orada insanların ölməsi, xəsarət alması mümkündür. Əvvəlcə bizə belə bir yerin verilməsi təəccüblü gəlmişdi. Görünür, ya bizim mitinq keçirməyimizi istəmirlər, ya da orada təxribat hazırlanır. Aprelin 29-da bizim sessiya olacaq. Həmin gün mitinqlə bağlı şəhər rəhbərliyinə yenidən müraciət etmək nəzərdə tutulur. Bu müraciəti yenidən etmişik ki, hakimiyyət qarşıdurma istəmirsə, həmin günə qədər danışıqlara başlayaq».

Zahid Oruc:

«HAKİMİYYƏTLƏ KONSENSUS TAPMAYIB, GENİŞ MEYDANLAR TAPACAĞINIZA ÜMİD ETMƏYİN»

- Müxalifət qüvvələrinin konstitusiya haqlarını gerçəkləşdirmək istəyi normal hal olardı. Amma bu məsələdə ixtisaslaşmaya çalışması, aksiyaları həyat tərzinə çevirməsi, hakimiyyətlə münasibətləri yalnız mitinqlərlə qurması çıxış yolu ola bilməz. Mən bir məsələni xüsusi vurğulamaq istəyirəm. Bu məsələdə hakimiyyətlə konsensus tapmayıb, geniş meydanlar tapacağınıza ümid etməyin. İctimai Palata Azərbaycan vətəndaşının gündəlik dünyasına, siyasi mövqeyinə təsir etmək istəyirsə, buyurun, iqtisadi məsələləri müzakirə edin. Məsələn, sahibkarlara müraciət edin ki, onlar qiymətləri 2 dəfə ucuzlaşdırsınlar. Yaxud başqa xarakterli addımlar atsınlar. Hiss olunsun ki, Azərbaycan vətəndaşı İctimai Palata adlı bir qurumu tanıyır, onunla hesablaşır. Bu qurum onların üzərində müəyyən bir mənəvi və siyasi haqqa malikdir.
Zahid Oruc
Yalnız küçə və hansısa dəhlizlərdə vuruşub özlərini alternativ təqdim etmək mümkün deyil.

Pənah Hüseyn:

«BİZ MAAŞ VƏ PENSİYALARIN 2 DƏFƏ QALDIRILMASINI TƏKLİF EDİRİK»


- Sahibkarlara qiymətləri 2 dəfə ucuzlaşdırın kimi mənasız təklifi heç vaxt İctimai Palata verə bilməz. Biz tələb edirik ki, hakimiyyətin ən yuxarı eşelonunda təmsil edilən insanların monopoliyalarına son qoyulsun. İdxalda, ixracda monopoliyalar aradan qalxsa, liberal bazar münasibətləri yaransa, qiymətlər tənzimlənər. Yeri gəlmişkən, İctimai Palatanın son sessiyasında biz bunu müzakirə etmişik. Biz maaş və pensiyaların 2 dəfə qaldırılmasını təklif edirik və bunun yollarını da göstəririk. Vergilərdən büdcəyə daxil olmalarda 6 milyard mənimsənilir. Ölkə iqtisadiyyatının 60 faizi kölgə iqtisadiyyatının payına düşür. Gömrük rüsumları adı altında milyardlarla manat mənimsənilir. Bunun qarşısını almaqla biz maaş və pensiyaların artırılmasını təklif edirik.

Zahid Oruc:

«MÜXALİFƏTİ ALTERNATİV, DEMOKRATİK GÜC KİMİ QƏBUL ETMİRLƏR»

- İqtisadi məsələ üçün özünü ölkə həyatında aktiv iştirakçı kimi təqdim edən təsisatların mövqeyi necə olmalıdır məsələsində bir təklif verdim. Bu, həmin an şəxsiyyətimə yönəlik epitetlərlə dolu hücuma səbəb oldu. Söhbət təkcə qiymətlərin qaldırılıb, endirilməsindən, monopoliyalarla hansısa qurumların mübarizəsindən getmir. Bu gün ölkənin həyatı qanunlarla və dövlət başçısının qərarları ilə müəyyən edilir. Ölkənin həyatında bu dərəcədə müstəsnalıq təşkil edən güc mərkəzləri yoxdur. Hətta bunlar heç olmasa, beynəlxalq təşkilatların mövqelərini nəzərə alırdılar. Beynəlxalq ekspertlərin də indi dilindən eşidilir ki, onlar müxalifəti alternativ, demokratik güc kimi qəbul etmirlər. Həqiqətən mən çox arzu edirəm ki, mitinqlər həyat tərzinə çevrilməsin. Mən çox istəyirəm ki, siyasi proseslər normallaşsın və barrikadalar qurulmasın.

XS
SM
MD
LG