Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:32

İşdən çıxarılan cəbhəçi azadlığa çıxdı


AXCP-nin Sabirabad rayon təşkilatının üzvü Sahib Rüstəmli azadlığa çıxıb. O 17 aprel aksiyasında iştirak edərkən saxlanıb və polisə müqavimətdə ittiham olunaraq 5 sutka azadlıqdan məhrum edilib.

Bu müddətdə o həm də müəllim işlədiyi Türkədi kənd məktəbindən çıxarılıb. Bu haqda qərarı müəllim kollektivinə rayon təhsil şöbəsinin müdiri Elman Bünyadov elan edib.

Sahib Rüstəmli AzadlıqRadiosuna deyib ki, Nəsimi rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov onu şəxsən özü döyüb. Bu zaman qabırğası da sınıb.

«Süleyman Nemətov soruşdu ki, Sabirabaddan bura niyə gəlmisən? Cavab verdim ki, mitinqə. Dedi ki, sənin mitinqdə nə işin var? Mənə bir yumruq vurdu. Soruşdu ki, bir də gələcəksənmi? Dedim ki, hə. Dalbadal mənə yumruqlar endirdi, təpik vurdu. Ertəsi gün isə tanımadığım polislər üzümə durdular ki, guya onlara müqavimət göstərmişəm».
Rəis müavini Süleyman Nemətovsa bu gün «Yeni Müsavat» qəzetinə deyib ki, o saxlananları döyməyib.

«Bu, özünümüdafiə, şər və böhtan xarakterli fikirlərdir, çalışqan polis zabitinə atılan ləkədir».

Sahib Rüstəmli üzrlü səbəbdən dərsə gedə bilmədiyi halda işdən çıxarılmasını isə qanunsuzluq sayır. Buna görə də həm həbsiylə, həm də işdən çıxarılması ilə bağlı şikayət etməyə hazırlaşır.
XS
SM
MD
LG