Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Sevinc Arzulu. Küləyin mesajı


SƏNİN NƏ VECİNƏ

Sənin nə vecinə, mənimçün dünya,
Qəfəsdən dar paltar geyib,oturub.
Sənin nə vecinə,alagöz xülya
Sonucda içimi yeyib, oturub.

Sənin nə vecinə, göz yaşlarımı
Inci tək üzümə düzüb durmuşam.
Sənin nə vecinə, söz daşlarımı
Bir-bir yuvasından üzüb durmuşam.

Sənin nə vecinə, nələr çəkirəm,
Gecəmlə gündüzüm dəyişik düşüb.
Zamanı qatarın mələr çəkirəm,
Vüsalın həsrətlə əyişib, düşüb.


ZAMANIN GÜZGÜSÜ

Dayanıb zamanın güzgüsü altda,
Xatirən asılıb dar ağacından.
Çəkilib yamanın cizgisi altdan,
Çiçəklər bitməyir xar ağacında.

Hər gecə sənsizlik qapımı döyür,
Açmasam,yatmağa imkan da vermir.
Sözümün taxtadan sapını döyür,
Qol-qanad açmağa məkan da vermir.

Sən dönə bilməzsən daha geriyə,
Neynəyək Tanrının yazdığına biz.
Üstümə qaranlıq kaha yeriyər,
Ağlarıq işığın azlığına biz.

Vaxt olar,bizim də günümüz doğar,
Hər yan nur içində olar,əzizim.
Vüsalın əlləri hicranı boğar,
Onun da gözləri dolar,əzizim.

Bizim eşqimizin qızıl günəşi,
Bir zülmət gecədə ay tək ucalar.
Yandırar dünyanı odu, atəşi
Ömr edər bizimlə birgə qocalar.


KÜLƏYİN MESAJI

Nahamar yolları düzlənibdir bax,
Qapqara cild ilə üzlənibdir bax.
Saxta təbəssümü gizlənibdir bax,
Hicrin qan qoxulu dodaqlarında.

Insan qismətindən uzağa qaçmaz,
Şam yansa dibinə heç işıq saçmaz.
Nə bir buğda bitməz, nə çiçək açmaz,
Taleyin şorakət torpaqlarında.

Söyüdlər başların yerə əyirlər,
Az qala budaqlar suya dəyirlər.
Görən pıçıldayıb nələr deyirlər,
Küləyin mesajı yarpaqlarında.


SƏNSİZLƏMİŞƏM

Bilirsən, necə də sənsizləmişəm,
Xatirən dadıma çata bilməyir.
Bir uca zirvəyəm, çənsizləmişəm
Kədərin adıma yata bilməyir.

Eh,neçə müddətdir mən canıyanmış,
Günlərlə olmuşam hicran yorğunu.
Neynəyim, ürəyim tək səni anır,
Unuda bilməyir çiçək qoxunu.

Səbrimi əlimdən alıbdır zaman,
Yerinə acılı bir ömür verib.
Yolunu ölümdən salıbdı zaman,
Parlaq daş əvəzi nəm kömür verib.

Yanmayır, sadəcə tüstülənir bax,
Gəncliyin ağrısı qəlbimdə qalıb.
Ürəyim necə də istilənir, bax
Alaca gözlərim xəyala dalıb.

Minib köhlən ata haraya çapır,
Vüsalın əlçatmaz çinar başında.
Arayıb-axtarıb nələri tapır,
Könlümün fidanı sınar başından.


DONAN ŞƏKİL

Islanıb sıcaq yaz yağışı altda,
Səni düşünürəm,səni anıram.
Paslanıb hicranın baxışı altda,
Bir zaman yandığın oda yanıram.

Üzümə baharın ətiri vurur,
Tanrı istəyiylə qopan küləklə.
Dünyanın gəliri-götürü durur,
Mən necə bacarram soyuq ürəklə.

Bilirsən,əzizim,hər saat,hər an,
Gözümün önündən çəkilməyirsən.
Üzünü döndərib getmə, bir dayan
Zamanın qəmindən donan şəkilsən

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG