Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:16

Süleyman Sani Axundov. Tamahkar (2)


əvvəli


ÜÇÜNCÜ PƏRDƏ

Səhnə Hacı Muradın otağını göstərir.

H a c ı M u r a d (yalqız). Hərçəndi Məhərrəm bəyə söz verdim ki, qız mənim
itaətimdən çıxa bilməz, amma görürəm çətin olacaqdır, çünki Gülzarın könlü
İmrandadır. Görüm, Məhərrəm bəyin mal-dövlətinə aldada bilərəmmi? Hərgah bu
mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram.
Q u l u (daxil olur.) Ağa, bir həmşəri gəlib səni soruşur.
H a c ı M u r a d. De gəlsin. Məhərrəm bəy göndəribdir. Mənə qulluq
edəcəkdir. Daha bu gündən murdar üzünü hər saat görməyəcəyəm.
Q u l u. Ağa, mənim üzüm heç olmasa ağdır, amma onunku qap-qaradır.
H a c ı M u r a d. Di itil get. Yenə çərənnəməyə başlama. (Qulu cıxır.) Görək
Məhərrəm bəy göndərdiyi nökər necə adamdır. O da Qulunun tayı isə heç çörək
vermək lazım deyil. (Əliqulu daxil olur və əllərini doşunə qoyub qayda ilə Hacı
Murada təzim edir.) Buyur əyləş.
Ə l i q u l u. Cənabınızın hüzurunda əyləşməyi bəndə özünə cürət edə bilməz.
H a c ı M u r a d (kənara). Bax, nökər belə olar, nəinki Qulu kimi, zalım oğlu
üç saat çərənnəməsə, adamdan əl çəkmir. (Əliquluya) Buyur əyləş, izin verirəm.
Əliqulu ədəbanə diz üstə əyləşir.
Ə l i q u l u. Bəndənizi sərkar Ağa Məhərrəm bəy göndəribdir ki, cənabınıza
xidmət edəm.
H a c ı M u r a d. Pulsuz-zadsız, dünən bəy özü belə buyururdu.
Ə l i q u l u. Bəli, məvacibim Məhərrəm bəydən çatacaqdır.
H a c ı M u r a d. De görüm, yeməkdə pərgarsan ya yox?
Ə l i q u l u. Xeyr, ağa, çox kəmxörəyəm. Bir neçə xurma ilə dolanmış
adamam.
H a c ı M u r a d. Çox yaxşı. Mənim çox yeyən adamdan acığım gəlir, çünki
adamın gərək heyvandan fərqi olsun. O da ancaq az yeməklə olar. İndi de görüm,
əlin-zadın təmizdirmi?..
Ə l i q u l u. Ağa, bəndə uşaqlıqdan böyüklər evində tərbiyə almışdır. Üstbaşım
həmişə təmiz olar.
H a c ı M u r a d. O mənada demirəm. Yəni oğurluq-zad əlindən gələrmi?
Ə l i q u l u. Ağa, əlhəmdüllah, mən müsəlmanam, müsəlman olan şəxs də
oğurluq edərmi?
H a c ı M u r a d. Bəs onda bizim Quludan xəbərin yoxdur. İndi qulaq as, gör
işin nə olacaqdır. Bu otağı ki, görürsən, buraya səndən başqa qeyri nökər, qulluqçu
girməyəcəkdir. Ocaqları qalamaq, samovarı qoymaq, nahar bişirmək, bunların
hamısı sənin işindir. Xülasə, qulluğuna baxaram, yaxşı olsan evimin hər ixtiyarını
sənə verəcəyəm.
Ə l i q u l u. Ümidvaram ki, can-dillə qulluq edib əmrinizi yerinə yetirəm.
H a c ı M u r a d. Adın nədir? Özün haralısan?
Ə l i q u l u. H a c ı M u r a d. Adım Əliquludur, özüm də Tehran əhliyəm.
H a c ı M u r a d. Səni bu şəhərdə tanıyan varmı?
Ə l i q u l u. Xeyr, buraya iki həftədir ki, gəlmişəm və Məhərrəm bəydən başqa
heç kəsi tanımıram.
H a c ı M u r a d. Çox əcəb. Bu gündən sən öz işində ol. (Cağırır.) Qulu! Qulu!
Qulu daxil olur.
Q u l u. Nə buyurursan, ağa?
H a c ı M u r a d. Qulu, bu gündən sənin ev işinə qarışacağın olmayacaqdır.
Onların hamısını Əliqulu görəcəkdir. Sənin işin su daşımaq, bağçanı sulamaq,
həyəti süpürmək, bazara getmək olacaqdır. Xülasə, bayır işi sənnəndir, ev işi ilə
Əliqulu məşğul olacaqdır. Daha bundan sonra qab-qacaq ilə, qənd-çay ilə, pendir-çörəklə, mətbəxlə bilmərrə işin olmasın, qandın, ya yox?
Q u l u. Bəli, ağa, qandım.
H a c ı M u r a d. Elə deyirsən ki, başa düşdüm, amma işi tutanda tərsinə
edirsən. Təkrar et görüm, nə edəcəksən?
Q u l u. Məsələn, elə ki, gördüm it girib içəri çörəyi yeyir, gərək gedib Əliqulu
əmini tapam gəlsin onu qovsun. Ya da ocaqda süd daşır...
H a c ı M u r a d. Dayan, kafir oğlu kafir. Demədimmi ki, hər şeyi tərsinə
anlayırsan. A məsəl gətirən köpək, bunu bir balaca uşaq da başa düşər ki, gördün it
çörəyi yeyir, qov getsin. Burada nə Əliqulu, nə Vəliqulu. Daha nə?
Q u l u. Məsələn, elə ki, gördüm oğru evə girib sandıqları yarır, gərək gedib
Əliqulu əmini durquzam ki, gəlib onu tüfəngləsin.
H a c ı M u r a d. De eşit, a kişi, yeddi ildir ki, bu höcət ayını saxlayıram. Gör
mənim səbrim Əyyub peyğəmbərin səbrindən artıqdımı, daha sənə nə deyim?
Axırda o misal gətirdiyin oğru özün olacaqsan. Get şələ-şüləni yığışdır, bundan
sonra bir saat da səni burada saxlamaram. Niyə dayanıbsan?
Q u l u. Ağa, getməyə hazıram. Ancaq bu neçə ildə mənə qəpik də verməmisən.
Haqqımı ver, baş üstə, gedim.
H a c ı M u r a d. Sənə nə verəcəyəm. Heç bir qara qəpik də vərməli deyiləm.
Haqqın tamamilə sənə çatıbdır. Əslinə baxsan, sən mənə borclusan.
Q u l u. Bəli, müftə qulluq etdiyimiz bəs olmadı, hələ borclu da çıxdıq. İndi ki,
belə oldu, ya sən and iç əl çəkim, ya mən and içim haqqımı ver.
H a c ı M u r a d. İndi də saqqalımın ağ vaxtında durub sənə and içəcəyəm. İtil
cəhənnəmə. Yoxsa durub səni qolu bağlı qazamata göndərərəm.
Q u l u. (cıxarkən). Hacı Murad, xüdahafiz. Sənə göstərərəm mənə Qulu
deyərlər. (Cıxır.)
H a c ı M u r a d. Axırı zalım oğlunun əlindən qurtardım. Kişi, məni təngə
gətirmişdi. Özün görürdün ki, mənə nə tövr cavab verirdi. İndi dur get mətbəxə,
çay-zad hazırla və özün də hər şeydə qənaət gözlə. Hər vaxt çay-qənd lazım olsa
gələrsən özüm verərəm. (Əliqulu gedir.) Hər əsərindən düz adama oxşayır. Amma
yenə insanı tanımaq olmaz.
Yaxşısı budur ki, elə bu saat imtahana çəkim. Yoxsa sonra peşmançılığını
çəkərəm. Yaxşısı budur ki, yerə pul atım. Qızıl pul atım ya gümüş? Elə bu abbasını
ataram. Aza tamah edən çoxa da edər. (Abbasını yerə atır.) Əliqulu! Əliqulu!
Əliqulu daxil olur.
Ə l i q u l u. Nə buyurursan, ağa?
H a c ı M u r a d. Mən bağçaya gedirəm, gələnə kimi bu otağı süpür.
Ə l i q u l u. Baş üstə, ağa can.
Hacı Murad çıxır
Ə l i q u l u. (yalqız). Çox çalışdıın ki, Məhərrəm bəy məni kəndə göndərsin,
orada ona bağban, ya bostançı olum, razı olmadı. Dedi gərək sən şəhərdə qalasan.
Burada da mənə qulluq edəsən, ev işində qabilsən. Amma mən də şəhərdə
qalmaqdan qorxuram, çünki burada çox İran əhli var. Məni tanıyıb konsula məlum
edər, tutdurar, onda qolu bağlı Tehrana sürgün olub, həbsxanada çürüyəcəyəm.
Yox, burada yaşamaq mənim üçün qorxuludur. Tezliklə puldan-şeydən əlimə salıb
qaçmaq lazımdır. (Abbasını goturub) Bu kimin ola? (Fikir edir.) Hə, bildim. Yəqin
Hacı Murad məni imtahana çəkib, onda da bu abbası ilə, ay qoca kaftar, mənə
Tehran lotusu Səfdər deyərlər, belə abbası ilə mənim əlimdən qurtara bilməzsən.
Pulların, qızılların yerini göstər. Allah mənimkini yetiribdir. Hacı Murad, Qulunun
əlindən qurtarıb Əliqulunun çənginə düşdün.
H a c ı M u r a d. (daxil olur.) Otağı təmiz etdinmi?
Ə l i q u l u. Bəli, ağa, süpürəndə bunu tapdım, buyurunuz. (Abbasını verir.)
H a c ı M u r a d. Mərhəba, mərhəba, görürəm, sən düz adamsan, sənə arxayın
ola bilərəm. Bunu Qulu tapsaydı, heç vaxt verməzdi.
Ə l i q u l u. Ağa, bayaq ərz etdim ki, mənim dünya malında tamahım yoxdur.
H a c ı M u r a d. Çox yaxşı. Get Gülzar xanımı buraya çağır. (Əliqulu cıxır.)
Heç bu zamana adamına oxşamır. Amma Gülzar tərəfdən ürəyim rahat deyil.
Görək nə təhər olacaqdır. Bu gecə də pis yuxu görmüşəm, allah axırını xeyir etsin.
Məni o gördüyüm şeytanın şərindən hifz etsin. (Gulzar qorxa-qorxa icəri girir.) Qızım, niyə qorxa-qorxa girirsən? İrəli gəl, əyləş. Bir az ata-bala dərdləşək. Heç, qızım, gəlib əhvalımı soruşmursan. Demirsən ki, bir qoca atam var, qoy gedim dərdi nədir, səri nədir.
G ü l z a r (kənara). Xudaya, görəsən nə var. Bu məni əbəs yerə çağırmaz.
H a c ı M u r a d. Qızım, səni həmişə qəmgin, bikef görürəm, niyə dinmirsən?
Danışmırsan? Nəyin əskikdir. De alım.
G ü l z a r. Ağa, hər şeyim var, şükür allaha, heç bir zaddan kəsirim yoxdur.
H a c ı M u r a d. Bəs niyə heç qaşqabağın açılmır? Elə bil ki, gəmilərin
dəryaya batıb, qərq olubdur. Allaha şükür, mənim kimi atan var, sən niyə qəm
çəkəsən?
G ü l z a r. Xeyr, ağa, bir qəmim yoxdur. Hərgah danışmıram, ona da səbəb
yoldaşsızlıqdır.
H a c ı M u r a d. Doğru deyirsən. Yoldaş lazımdır. Can yoldaşı. Axirət
yoldaşı. Bəs elə bilirsən, atan sənin fikrini çəkmir? Sənə yoldaş axtarmır? Bu qoca
atan sənə bir elə yoldaş tapıbdır ki, çıraq götürüb cəmi dünyanı axtarsan, tayıbərabəri
tapılmaz.
G ü l z a r. Xeyr, ağa, mən elə yoldaş demirəm.
H a c ı M u r a d. Bilirəm, qızım, atan bir o qədər də qoca deyil ki, cavan qıza
nə təhər yoldaş lazım olduğunu bilməsin. Ah qızardın. Ha-ha-ha! İndi tap görüm,
kimi deyirəm. Tapa bilmirsən? Əlbəttə, elə şəxsdir ki, yatsan yuxuna da girməz.
Dövləti, pulu həddən aşıbdır. Qapısında xidmətçinin sayı-hesabı yoxdur. Özü də
şəhərimizin birinci bəyidir. Yenə tapa bilmirsən? Nökəri də qapımızda xanıma
müntəzirdir.
G ü l z a r (təşvişlə). Məhərrəm bəy?!
H a c ı M u r a d. Afərin, qızım, yaxşı tapdın, heç belə nişanlı ağlına gələrdimi?
Özü gəlib mənə elçi düşdü.
G ü l z a r. Ağa, mən heç kəsə ərə getmək istəmirəm.
H a c ı M u r a d. Bilirəm, qızım, məni çox istəyirsən. Məndən ayrılmaq
istəmirsən. Doğrudur, mənim üçün də çətindir, ancaq görürsən ki, mən də günü
gündən geri gedirəm. Bir ayağım burdadır, bir ayağım gorda. Səni belə qoyub
getsəm, qəbrdə rahat olmaram. Amma indi arxayınam. Bilirəm ki, qızımı bir elə
şəxsə vermişəm ki, hər böyük məclisdə hamı xanımlardan başda əyləşəcəkdir.
Zərif paltarlar geyib, cavahirləri üstünə taxıb, yanında qul-qaravaşla qonaqlığa
gedəndə, cəmi arvadlar ona həsrət aparacaqlar. Hə, qızım, görürəm ürəyin tələsiyir,
Məhərrəm bəy bu saat tədarükdədir. Deyir ki, gərək elə toy eləyəm ki, misli bu
şəhərimizdə olmamış ola.
G ü l z a r. Ağa, hərgah bunları mənə deməkdən qəsdin odur ki, məni onun
malına, puluna aldadasan, onda səhvin var. Mənim dünya malında tamahım
yoxdur.
H a c ı M u r a d. Qızım, sən hələ cavansan, dünya görməmisən. Xoşbəxtlik
ibarətdir maldan, dövlətdən.
G ü l z a r. Ağa, əgər mənim xoşbəxtliyimi istəyirsənsə, bu fikirdən daşın. Mən
heç vaxt Məhərrəm bəyə getməyəcəyəm.
H a c ı M u r a d. Qızım, deyəsən şadlığından dəli oldun. Sən xeyir-şərini
anlamırsan. Uşağa ata-anası acı dərman verəndə, onu özünə zəhər, ata-anasını da
zalım hesab edər, vəhalonki, onlar balasını istədiyindən edirlər.
G ü l z a r. Yenə təkrar edirəm ki, zəhər içib özümü öldürərəm, Məhərrəm bəyə
getmərəm.
H a c ı M u r a d. Bu sənin axırıncı sözündür?
G ü l z a r. Bəli.
H a c ı M u r a d. Çox əcəb, mən sənin xoşbəxtliyini istəyirəm. Məhərrəm
bəydə könlün yoxdur, bəs İmranla necə?
G ü l z a r (sevinclə). Ağa, mən səndən utanırdım, mənim ondan başqa bir
kəsdə könlüm yoxdur. Amma İmran inanmayırdı ki, sən məni ona verərsən. Mənim
məhəbbətim ondadır.
H a c ı M u r a d. Paho, siz mənsiz söz verib qurtarmışsınız, mənim xəbərim
yox imiş! (Rişxəndlə) Xeyir işiniz mübarək olsun, Gülzar xanım. Siz, mən Hacı
Muradı yaxşı tanımamısınız. Daha bəsdir, mən elə bilirdim ki, sən öz xeyrini başa
düşə bilərsən. Qanmazı qandırarlar. Sözsüz-zadsız dur get. Özün də tədarükdə ol.
G ü l z a r (atasının dizlərini qucub ağlaya-ağlaya). Ata, yazığın gəlsin, məni
bədbəxt etmə. Bu tökülən göz yaşıma rəhmin gəlsin. İki cavanın ahından qorx.
H a c ı M u r a d. Yox, yox, mən dediyimdən dönmərəm. Arvadın göz yaşı, ya
bir şeh, gün çıxar, qurudar.
G ü l z a r. Ata, allahdan qorx. Məhəbbət yolunda tökülən göz yaşını heç zad
quruda bilməz.
H a c ı M u r a d. Çəkil. Məhəbbət nədir, zad nədir? Sənə hər nə hökm edirəm,
əmələ gətir.
G ü l z a r (ayağa qalxıb). Məhəbbət nədir? Məhəbbət oduna yanmayana onu
qandırmaq mümkün deyil. Məhəbbəti dünya malına almaq olmaz. Məhəbbətə
hökm yoxdur.
H a c ı M u r a d. Məhəbbət odur ki, adamı dəli, axmaq edib, allah göndərən
neməti əlindən buraxır. Görürəm sən dəli olmusan. Amma dəlini də ağıllı etmək
mümkündür. Sənə üç gün möhlət verirəm. And olsun allaha, heç bir şeylə
dediyimdən dönmərəm. Di get, yaxşı fikir elə.
G ü l z a r. İndi ki, belə oldu. Mən də and içirəm o məhəbbətə ki, daşı
yumşaldıb rəhmə gətirərdi, səni gətirmədi, ya İmran, ya ölüm.
H a c ı M u r a d.İmran! Bir o qalmışdı ki, cəmi şəhərdə biyabır olub öz
nökərimə qız verəm. Get, İmrandan bilmərrə əlini üz.
G ü l z a r. Yaxşı, dünyadan bilmərrə əlimi üzərəm. (Cıxır.)
H a c ı M u r a d (tək) Bilirdim ki, belə olacaqdır. Yox, İmranı qovmasam, iş
düzəlməyəcəkdir. İmran gedəndən sonra ümidi kəsilib razı olar. Qızın dediyinə
bax! Məhəbbət dünya malına aldanmaz. Məhəbbətə hökm yoxdur. Məhəbbət, bax,
budur ki, üstündə oturmuşam. Bunsuz nə məhəbbət? Bu məhəbbət-məhəbbət
deyənləri verələr dama salam, ağzını da bağlayam. Görəsən necə acından,
suzundan bir-birinin ətini yeyib qanını içərlər.
N a b a t (təngnəfəs icəri yuyurub). Ağa, muştuluğumu ver, Şərəf xanım gəldi.
H a c ı M u r a d. Səfeh qızı səfeh. Elə yüyürür ki, deyəsən yanğın var. Çox
böyük iş olubdur. Gələndə deyəsən mənə quş başı gətiribdir.
N a b a t. Ağa, doğrudan da dörd dənə qırqovul gətiribdir.
H a c ı M u r a d. Tək gəlibdir, ya uşaqlarını da gətiribdir.
N a b a t (kənara). Zalım oğlu qabaqca adamın hesabına gedir. (Hacı Murada)
Yanında bir oğlu Əhməddir, bir də nökəri Cəfər.
H a c ı M u r a d (kənara). Öz yeyib-içənimiz az idi,bunlarda artdı. (Nabata)
Sənin muştuluğun odur ki, göz-qulaq olasan, o nökər şeydən-zaddan oğurlamasın.
Di get, dayanma.
N a b a t (gedərkən kənara). Mənə deyən gərək, ay axmaq qızı, bundan sən nə
istəyirsən? O öz hayındadır ki, onlar burada qalıb çörək yeyəcəklər.
H a c ı M u r a d (tək). İndi də işlər tərsinə gedir.
Şərəf xanım, Əhməd və Gülzar daxil olurlar. Şərəf xanım
Hacı Muradın boynunu qucaqlayır.
Ş ə r ə f x a n ı m. A qardaş, nə zəif düşmüsən, nə qocalmısan?
H a c ı M u r a d. Niyə qocalmayım, niyə zəif düşməyim. Bu günü ki, mən
çəkirəm, hər kəs olsaydı yeddi kəfən çürütmüşdü.
Ş ə r ə f x a n ı m. A qardaş, sən niyə pis gün çəkirsən,nəyin əskikdir? Malın
var, pulun var. Gülzar kimi qızın, qapında da xidmətçilərin. Sən otur, qoy sənə
qulluq eləsinlər.
H a c ı M u r a d. Elə ki onlar mənə qulluq edirlər, etməsələr ondan yaxşıdır. O
ki İmrandır, əlini ağdan-qaraya vurmur. Az qalıbdır ki, məndən xanlıq iddiası etsin.
Gülzar xanım da atam yoxdur deyir. Ağa, xanım belə olanda, nökər-qulluqçudan
nə ummaq.
Ş ə r ə f x a n ı m. İmran gərək elə oğlan olmasın. Onun tərifi hər yerdə
söylənir. Gülzardan narazı olmağına təəccüb edirəm. Mən ona elə tərbiyə
verməmişəm ki, atasının əmrindən çıxa, zəhmətindən incinə.
H a c ı M u r a d. Görürəm, çox yaxşı tərbiyə vermisən.
Ş ə r ə f x a n ı m. Heç vaxt inanmaram, sənin xasiyyətin pisdir. Mənim özüm
də qız vaxtı nə qədər sənə yaxşı qulluq edirdim, yenə razı qalmırdın. Gülzar, bu nə
işdir? (Gulzar başım aşağı salıb ağlayır.) Qızım, ağlayırsan? (Hacı Murada)
Görürəm qızı nə hala salmısan. Saraldıb heyvaya döndərmisən, on səkkiz yaşında
cavanı qocaldıb qarı eləmisən.
H a c ı M u r a d. Mən ona nə edirəm ki, sarala. Durub təzədən ona nənəlik edə
bilmərəm ki. Nökəri var, qulluqçusu var, yesin, içsin, geyinsin, gəzsin. O ki qaldı
qocalmasına, ona da bais özüdür. Məhərrəm bəy kimi adam özü gəlib mənə elçi
düşüb, qızımı istəyir, Gülzar xanım deyir ki, özümü öldürərəm, ona getmərəm.
Daha mən nə deyim. Adam da bu dərəcədə dəli olub elə mal-dövlətdən əl çəkərmi?
Ş ə r ə f x a n ı m. A qardaş, nə danışırsan? Sən təmiz ağlını itirmisən. Dünya
malı gözlərini pərdələmişdir. Məhərrəm bəy nədir, zad nədir? Qızının nişanlısı on
iki ildir sənə zəhmət çəkib pul qazanıbdır. İndi nə olubdur ki, əhdindən dönüb
qızını öz yaşında yoldaşına verirsən? Eşidənlər nə deyərlər?
H a c ı M u r a d. Buyur, bu da ağıllımız. Yaxşı deyiblərki, arvadın ağlı olmaz.
Eşidənlər mənə dəli deyər ki, qızımı İmrana verib Məhərrəm bəy kimi adamı
əlimdən cıxaram.
Ş ə r ə f x a n ı m. Eşidənlər sənə ağıllı deyərlər ki, qızını İmrana verib ata
yurdunu abad edirsən.
H a c ı M u r a d. Əcəb buyurursan, Şərəf xanım. Məhərrəm bəy mənim atamın
yurdunu tar-mar edər, amma gədənin biri abad edər. Arvadların ağlı belədir. Mən
qızımın xoşbəxtliyini istəyirəm.
Ş ə r ə f x a n ı m. Yaxşı, hərgah qızın könülü Məhərrəm bəydə yoxdur, onun
malına tamah etmir, onda o necə xoşbəxt ola bilər?
H a c ı M u r a d. Qız heç yediyini-içdiyini başa düşə bilmir. O xoşbəxtliyini nə
anlayacaqdır? Arvad mal-dövlətin qədrini onda anlayır ki, uşaqları artıb, ana, mənə
cörək ver deyəndə, təknədə olmaya.
Ş ə r ə f x a n ı m. A kişi, sənin puluna, dövlətinə nə gəlibdir ki, qızın İmranda
çörəksiz qala? Bundan əlavə İmran elə oğlandır ki, öz əlinin zəhməti ilə arvadını
xandan, bəydən yaxşı saxlar.
H a c ı M u r a d. Pulum haradadır, malım haradadır? Zurna çalıb aləmə səs
salmısınız ki, Hacı Muradın pulunu sandıqlar tutmur. Bilmirəm pulu mənə kim
qoyubdur. Atam qoyubdur, babam qoyubdur.
Ş ə r ə f x a n ı m. Sənin ağlamaq qədim xasiyyətindir. Bir şeydən kəsirin
olmaz, amma özünü dilənçi yerinə qoyarsan. Xülasə, Məhərrəm bəy fikrindən
bilmərrə daşınarsan. Mən heç razı ola bilmərəm ki, Gülzarı bədbəxt edib altmış
yaşında qocaya verəsən.
H a c ı M u r a d. Buyur, bu da ağbirçək bibisi. Ağıl öyrətməkdən ağzına dil
verir. Ay qız ey, raen dediyimdən dönmərəm, İmranı bilmərrə unudarsan.
Bilmirəm bu mənə nə İmran oldu. And olsun allaha onu bundan sonra bir saat da
evimə qoymaram, qoy getsin, gör onu da necə Qulu kimi qovaram.
Ş ə r ə f x a n ı m. Elə bil o qalmışdı ki, qızını bir qoca, xəsis kaftarın puluna
satasan.
H a c ı M u r a d. Bilmirəm bu hardan gəlib çıxdı. Niyə qoca olur? Nökər
dalında, qızılquş əlində atdanıb ova çıxanda elə bil ki, bir laçındır. Daha bəsdir.
İndi de görüm, sən özün necə dolanırsan?
Ş ə r ə f x a n ı m. Nə deyim. Allah dərd-qəm yaradanda bizim üçün yaradıbdır.
Uşaqlar artıbdır. Kişinin də əli aşağı düşmüşdür. Gecə-gündüz işləməkdən əllərim
qabar olmuşdur.
H a c ı M u r a d. Buyur, bu da sənin öz başına gələn. Daha Gülzara niyə razı
olmursan? Rəhmətlik atama dedim ki, kişi, Şərəfi bu kasıba vermə, neçə dövlətli
istəyir, onların birinə ver. Dedi yox. Bu ağıllı, kamallı adamdır. Bunda Şərəf
xoşbəxt olar.
Ş ə r ə f x a n ı m. Xeyr, atam səhv etməyibdir. Mən ərimdən çox razıyam.
özüm də çox xoşbəxtəm ki, allah məni bu cür adama qismət edibdir. Dünya malı bir puç şeydir. Gedər də, gələr də. Ər odur ki, qara gündə arvadla yoldaş olub, bir-birinə can deyib, can eşidələr.
Ə h m ə d. Ana, bəs sən deyirdin ki, dayın sənə qənfet verəcəkdir, bəs niyə
vermir?
H a c ı M u r a d. Oğlum, qənfet pis şeydir. Adamın boğazını ağrıdır. Sən yekə
oğlansan. Qənfeti neynirsən.
Ə h m ə d. Ana, Gülzar bacımgilin bağçasında elə çox alma var ki, gələndə
gördüm.
H a c ı M u r a d. Yox, oğlum, dəymə, yetişəndə yığıb sənə göndərəcəyəm.
Ə h m ə d. Mənim özüm burada olacağam. Dəyəndə yığaram.
H a c ı M u r a d (kənara). Bunda yaxşı xəbər var. Deyəsən Şərəf çox
qalacaqdır.
Ş ə r ə f x a n ı m. Sizin dərdiniz öz dərdimi də yaddan çıxartdı. Əhməd
böyüyübdür, oxumaq vaxtı keçir, dedim gətirim sizdə qoyum, həm məktəbə getsin,
həm də Gülzara hayan olsun.
H a c ı M u r a d (kənara). Mazandaranda çaqqal az idi, biridə gəmi ilə gəldi.
(Şərəfə) Yox, yox, saxlaya bilmərəm. Özgə uşağını saxlamaq bir xata şeydir.
Bunun korluğu var. Azarlaması var. Ağacdan yıxılması var. Anasız ona kim
baxacaqdır.
Ş ə r ə f x a n ı m. Əhməd dinc uşaqdır. Heç kəsə korluğu olmaz. O ki qaldı
azarlamağı, ondan da arxayın ol. Gülzar ona analıq edər.
G ü l z a r. Bibi, arxayın ol. Onu özümdən yaxşı saxlaram.
H a c ı M u r a d. Yox, yox, Gülzar bilmir. Uşağın tarpına dözmək olmaz.
İmranda görmüşəm. Məni qocaldan o olmuşdur. Evimi dağıdan o olmuşdur.
G ü l z a r (kənara). Allah, xəcalətimdən bibimin üzünə baxa bilmirəm.
Ş ə r ə f x a n ı m.A qardaş, bir uşağın yeməyi, içməyi nə olacaqdır ki, bu sənin
evini dağıda.
H a c ı M u r a d. Xülasə, mən razı deyiləm.
Ş ə r ə f x a n ı m. A qardaş, bacının əli aşağı düşəndə köməyə qardaşı üstə
yüyürər. İndi mən də qardaş adı ilə evimi yiyəsiz qoyub yanına gəlmişəm. Eybi
yoxdur. Uşaq səni incidər, apararam. Ancaq səndən bir təvəqqəm var, məni ondan
naümid qaytarma. Ərimin beş yüz manat borcü var, borc sahibi pis adamın biridir.
Gündə qapımıza gedib-gəlməkdən bizi təngə gətiribdir. Kişiyə dedim ki, qardaşımı görməyə gedirəm, amma əsil fikrim o idi ki, səndən alıb aparıb verəm. Abrımız
açılmasın.
H a c ı M u r a d. A bacı, sən ki, özgəsi deyilsən, məgər mənim var-yoxumu
bilmirsən? Məndə pul hardandır ki, sənə verim?
Ş ə r ə f x a n ı m. Qardaş, burada xəsislik yeri deyil. Burada bacı namusu var.
Razı olma ki, bacının paltarları bazarlarda tökülüb satılsın və bir də mən səndən
borc istəyirəm. Sən gözləyə bilərsən. Amma özgəsi gözləyə bilmir.
H a c ı M u r a d. Axı nə üçün inanmırsan, sənə deyirəm ki, özüm pul üzünə
həsrətəm.
Ş ə r ə f x a n ı m. Atamdan qalan pul və özün qazandığın pullar necə olmuşdur
ki, mənə beş yüz manat tapılmır. Sandıqların ağzını bərk bağla.
H a c ı M u r a d. A kişi, bu zalım uşaqlarını inandırmaq olmaz ki, buyur, bu
mənim ciblərim, bu da mənim sandığım. (Durub paltar sandığını acır.) Di gəl bax,
gör burada əsgi-üsgüdən başqa nə var. (Qorxa-qorxa o biri sandığa baxır.)
Ş ə r ə f x a n ı m. O biri sandığın ağzını aç.
H a c ı M u r a d. Sən mənim evimə pristav gəlmisən? Asmotr edirsən? Çox da
var, niyə verim. Çöldən tapmışam?
Ş ə r ə f x a n ı m (ayağa galxır.) Daha sənə nə deyim? Qarğış etməyə də yerim
yoxdur, çünki bura mənim atam evidir. Cəfər! Cəfər!
Cəfər daxil olur.
C ə f ə r. Nə buyurursan, xanım?
Ş ə r ə f x a n ı m. Cəfər, bu saat faytonu qoşdur, gedəcəyəm.
C ə f ə r. Xanım, gün keçibdir, gedib çatmaq olmaz.
Ş ə r ə f x a n ı m. Eybi yoxdur, harada gecələrik, orada qalarıq, burada qala
bilmərəm. Gərək gedək.
C ə f ə r. Baş üstə, xanım. Ancaq faytonçunun pulu qalıbdır, istəyir.
Ş ə r ə f x a n ı m. Özündə varsa ver, yox isə ala bu üzüyü apar sat ver.
(Barmağından uzuyunu cıxarıb verir.)
C ə f ə r. Xanım, lazım deyil, məndə var, verərəm. (Cıxır.)
G ü l z a r (ağlaya-ağlaya). Bibi, başına dönüm, bu gecə vaxtı getmə.
Ş ə r ə f x a n ı m. Yox, Gülzar, qala bilmərəm. Bu ev mənim üçün
cəhənnəmdir. Dur, oğlum, gedək.
G ü l z a r. Bibi, məni də apar. Burada qoyub getmə.
Ş ə r ə f x a n ı m. Səni hara qoyub gedirəm. Belə zalımın evində bir saat da
qoymaram. Dur gedək.
H a c ı M u r a d (Gulzarın əlindən tulub ozunə tərəf cəkir.) Haraya aparırsan?
Qoymaram.
Ş ə r ə f x a n ı m. Çəkil kənara. Hörümçək kimi yazıq qızın qanını sorub bu
hala salmısan. Belə kafir ataya gözəl balanı vermərəm.

Pərdə


DÖRDÜNCÜ PƏRDƏ

Səhnə Hacı Muradın bağçasını göstərir. Aydınlıq bir gecə,

İmran gəzinərkən söylənir.

İ m r a n. Ay zalım, ey biinsaf kişi, əhdindən dönüb səni dövlətli edəni evindən
qovursan. Dünya malından ötrü Gülzar kimi qızı bir qocanın puluna satırsan? Yox,
zor ilə də olsa, gərək bu gecə aparam. Nabatdan bir xəbər çıxmadı. Yoxsa qoca
kaftar güclə Gülzarın nigahını oxutdu? Ya Gülzar naəlac qalıb razı oldu? Yox, yox
elə iş ola bilməz. Gülzar özünü öldürər, Məhərrəm bəyə getməz... Deyəsən, qaraltı
görünür. Arvaddır.
Nabat gəlir.
N a b a t. İmran ağa, başına dönüm, yavaş danış, hamı oyaqdır. Qoca kaftar
yenə sandıqlarını yoxlayır. Qara köpək də sən gedəndən bəri hacının hökmünə görə
nə mənə, nə də Gülzar xanıma göz verib, işıq vermir. Bir az səbir elə, görək bir
yerə gedərmi ki, Gülzar xanımı qaçırdam.
İ m r a n. Yox, Nabat, daha təngə gəlmişəm. Səbir edə bilmərəm. Bu saat zor ilə
də olsa, aparacağam.
N a b a t. Qurbanın olum, İmran ağa, məni xataya salma. Bu gecə nə tövr olsa,
Gülzar xanımın əlini əlində görəcəksən. Ancaq bir az səbir elə. Gülzar xanım
Əliquludan fürsət tapan kimi buraya qaçacaqdır...
İ m r a n. Dayan, xışıltı gəlir...
N a b a t. Odur, odur, Gülzar xanımın özüdür.

Gülzar qaçaraq gəlir.

İ m r a n (tez onun əlindən tutub).Gülzar, sənsən?
G ü l z a r. İmran, daha dayanmaq vaxtı deyil, qaçaq. Nabat, ala bu üzük
məndən sənə yadigar olsun (verir.)
İ m r a n (Nabata pul verir.) Ala, Nabat, allah qoysa yenə bir yerdə olacağıq.
Gülzar gedək. Nabat, xudahafiz.
N a b a t. Gedin, Allah sizi salamat etsin, xoşbəxt olasınız.
İmran və Gülzar gedirlər
N a b a t (tək). Qocanın murdar üzündən yaxşı qurtardılar. Qaldım mən
bədbəxt. Bundan sonra şəksiz məni də qovacaqdır. İndi bir allah bəndəsi tapılaydı,
məni də bu ilanın ağzından qurtaraydı.
Qulu ağacın dalından çıxır.
Q u l u. Bu allah bəndəsi mən.
N a b a t. Uy, kimsən?
Q u l u. Nabat xanım, deyəsən məni tanımırsan. Paltarımın dəyişilməsinə
baxma. Ürəyim yenə sənnəndir.
N a b a t. Qulu, sənsən? Nə heybətli olmusan. Lap quldura oxşayırsan. Bu
xəncər nədir?
Q u l u. Səfeh qızı hələ soruşur da. Görmürsən ki, səni göturüb qaçmağa
gəlmişəm.
N a b a t. Heç zarafatdan əl götürməyəcəksən? Burax, gedirəm. Gülzar xanım
məni axtarar.
Q u l u. A hilləmətənə, mənə kələk gəlirsən? İndi Gülzar xanımı İmranla
qaçırmadınmı? Mən gözləyirdim, əvvəl yol xanımındır, sonra qulluqçunun. Ancaq
mən onlar kimi səfeh deyiləm ki, tədarüksüz gedəm. Gərək qabaqca gedib Hacı
Muraddan yeddi illik məvacibimi alam, sonra səni aparam.
N a b a t. Qulu, sən allah doğru deyirsən, yoxsa məni aldadırsan?
Q u l u. Vallah, doğru deyirəm. Mən gedəndə sənə nə demişdim, niyə yadından
çıxarmısan? Tez get, nə şeyin varsa yığ. Uçuq hamamın yanına get. Məni orada
gözlə.
N a b a t. Bəs sən nə edəcəksən?
Q u l u. Mən də gedib Hacı Muradı qorxudacağam, pullarımı alacağam. Di
vaxtı itirmə, tez get. (Nabat qacaraq gedir.) Arvadın ağlı, ya uşağın ağlı, hər şeyə
o saat inanır.
Fit ilə yoldaşlarını çağırır. Bu səsə Niyazla Qurban, üstlərində əsləhə1 gəlirlər.
Q u r b a n. Qulu, nə çox ləngidin?
N i y a z. Bir şey bildin, ya yox?
Q u l u. Yoldaşlar, işimiz çox rast gətiribdir. Evdə bir Hacı Muraddan və bir də
Əliquludan başqa heç kəs yoxdur. Qızı bu saat İmrana qoşulub qaçdı. Qulluqçunu
da mən aldatmışam ki, səni götürüb qaçacağam. İndi gedib yolumu gözləyir.
N i y a z. Bəs Əliquluya nə tədbir çəkmisən? Qulu, doğrusu, mənim ondan
gözüm su içmir. Çox usta, hiyləgər adama oxşayır. Qorxuram bizi aldadıb, divana
məlum edə. Hamımızı tutdura.
Q u r b a n. Niyaz doğru deyir, çox şübhəli adama oxşayır.
Q u l u. Yoldaşlar, mən elə iş tutmaram ki, ondan bizə xəta gələ. Əliqulu
divandan elə qorxur, necə ki, it dəyənəkdən. Bu barədə arxayın olun. Əliqulu bu
işdən qaça bilməz.
N i y a z. Söylə görək, onu haradan bildin?
Q u r b a n. Əlbəttə, söylə, yoldaşımızın necə adam olduğunu gərək biz də
bilək.
Q u l u. Yoldaşlar, indi onun vaxtı deyil. Sonra sizə danışaram.
N i y a z. Bəs niyə dayanmışıq? Hacı Muradın qulluğuna gedək də.
Q u l u. Yox, gərək gözləyək. Əliqulu özü buraya gələsidir. Odur gəlir.
Əliqulu gəlib çatır.
Ə l i q u l u. Hacı Muradın əziz qonaqları, xoş gəlmişsiniz. Ancaq ərbabın bir
balaca nəqahəti var. Sizi qəbul edə bilməyəcəkdir.
Q u l u. Əliqulu, zarafatı burax. Niyə belə gec gəldin. Bir şey var?
Ə l i q u l u. Yoldaşlar, gərək işi sabaha qoyaq.
Q u l u. Nə səbəbə?
Ə l i q u l u. Çünki Hacı Murad Məhərrəm bəygilə gedəsi olmadı. Özü
Məhərrəm bəyi gözləyir və evdəkilərin hamısı da oyaqdır amma sabah axşam Məhərrəm bəyə qonaqdır. Otağın açarı da məndə olacaqdır.
Q u r b a n. Yoldaşlar, nahaq yerə vaxt itiririk. İndi Məhərrəm bəy gəlincə mən
min ev yarmışdım. O ki qaldı Hacı Murada, boğazından elə basaram ki, bir də
qiyamətdə oyanar.
Ə l i q u l u. Xeyr, mən buna razı deyiləm. İş gərək tədbirlə ola. Yoxsa içindən
xata çıxar.
N i y a z. Görünür, Əliqulu işdən baş qaçırır. Amma Qulu bizə özgə cürə
demişdi.
Q u l u. Niyaz doğru deyir, Əliqulu əmi başqa fikrə düşübdür, amma bilsin ki,
baş tutası iş deyil. Onun fikri bu gecə Hacı Muradın pullarına yaxşıca qulluq edib
Araz çayını aşmaqdır. (Uzunu Əliquluya tutub) Belədirmi, Səfdər əmi?
Ə l i q u l u (diksinmiş). Nə dedin, mən Səfdər...
Q u l u. Bəli, Tehran həbsxanasından qaçmış oğrubaşı Səfdərsən. Mən də
Quluyam. Yaxşı tanı. Məni aldatmaq olmaz.
N i y a z, Q u r b a n. Oğrubaşı?!.
Q u l u. İndi, Tehran lotusu Səfdər, bizə yoldaşsanmı?
Ə l i q u l u. Yoldaşam, hər nə buyursanız əmrinizə tabəyəm.
Q u l u. Ha beləcə, Əliqulu əmi, yoldaş yoldaş ilə tən gərək, tən olmasa, gen
gərək. İndi de görüm, Gülzarın İmran ilə qoşulub qaçmağından xəbərin varmı?
Ə l i q u l u. Bəli, var.
Q u l u. Bəs Nabat haradadır?
Ə l i q u l u. Göndərmisən gedib yolunu gözləyir.
Q u l u. Oda düzdür. Hərif olmağını bəyənirəm. İndi bir sual qaldı. De görüm.
doğrudanmı Hacı Murad Məhərrəm bəyi gözləyir?
Ə l i q u l u. Bəli, gündüzdən məni göndərmişdi ki, Məhərrəm bəyi bu axşama
məsləhətə çağırım. Ancaq bəy dedi ki, Hacıya de qonaqlarım var, gec gələcəyəm.
Q u l u. Bu daha yaxşı oldu. İndi, yoldaşlar, hazır olun, Hacı Muradın
qulluğuna gedək. Əliqulu əmi sən ağsaqqalsan, qabağa düş.

Gedirlər.

Pərdə


BEŞİNCİ PƏRDƏ

Səhnə Hacı Muradın otağını göstərir.

H a c ı M u r a d (yalqız). İmranı qovdum getdi, amma qız yenə də razı olmur.
Məhərrəm bəy gəlsin, görək işə nə əncam çəkirik. İmran da istədi ki, atası Şeyx
Əlidən qalan malı məndən istəsin, gördü ki, xeyr o girən kol deyil. Elə hesab
verdim ki, papağını da götürüb qaçdı. Durum Şeyx Əlidən qalan cavahir və
qızılları yoxlayın. (Durub sandığı acır.) Pəh, pəh, pəh... almazların şəfəqi
gözlərimi qamaşdırır. Bu irilikdə mirvari, bu rəngdə yaqut heç Xəta padşahının
xəzinəsində də tapılmaz.
Qulu, Niyaz, Qurban daxil olurlar.
Q u l u. Sənin kimi xəsis, tamahkar da dünyada tapılmaz.
H a c ı M u r a d (sandığın qapağını salıb). A zalımlar, siz kimsiniz? Məndən
nə istəyirsiniz?
Q u l u. Hacı Murad, nökərin Qulunu tanımırsan? Nə tez yadından çıxartmısan?
H a c ı M u r a d. Qulu, sənsən? Buyur əyləş, yoldaşların da xoş gəlibdir. Mənə
görə nə qulluğun var? Yəqin məvacibinin dalınca gəlmisən, mən özüm də səni
axtarırdım ki, haqqını verəm.
Q u l u. Haqqım çox ağırdır, qorxuram öz ixtiyarın ilə verməyəsən. (Sandığa
tərəf gedir.)
H a c ı M u r a d (onun əlindən tutub). Nə istəyirsən? Qoymaram!
Q u l u. Demədimmi, öz ixtiyarınla verməyəcəksən. Qurban tut, Niyaz,
qollarını bağla!
H a c ı M u r a d. Ay aman, qoymayın! Məni öldürürlər!
Q u r b a n (xəncəri sivirib). A kişi, səsini kəs, yoxsa qarnına soxaram. (Əllərini
bağlayır.)
H a c ı M u r a d. Ay haray! Ay aman! Ay Əliqulu!
Ə l i q u l u (daxil olur.) Nə buyurursan, ağa can?
Yoldaşları gülüşürlər.
H a c ı M u r a d. Tez get divana məlum elə!
Ə l i q u l u. Ağa can, indi sənin hakimi-şərin bunlardır, bu saat divan
edəcəklər. Cəza-fəza etmək artıqdır.
Hacı Murad. Əliqulu, sən də bunların yoldaşı imişsən? Ay aman, qoymayın!
Q u r b a n. A kişi, qoysanız xəncəri soxum rədd olsun.
Q u l u. Yox, öldürmə. O gərək ölümdən artıq cəza çəkə. Ağzını bağlayın, səs
çıxarmasın. (Hacı Muradın əl-ayağını bağlayıb yerə qoyurlar.) Qurban, gəl
sandığən qapağını tut. (Qurban tutur, Qulu mücrünü çıxarıb Niyaza verir.) Niyaz,
bunu al. İndi, yoldaşlar, gəlin buraya, Əliqulu əmi, de görüm bundan xəbərin var
idi, ya yox? Niyaz, o döşəkçəni, palazı qaldır. (Niyaz qaldırır.) Qurban, gəl
xəncərlə bu yeri qaz. (Qurban qazır, Qulu bir başqa mucru cıxardır.) Əliqulu əmi
bu sirri bilirdinmi?
Ə l i q u l u. Bəli, duymuşdum ki, orada bir şey var, çünki Hacı Murad oranı
tez-tez yoxlayırdı.
H a c ı M u r a d (başını qaldırıb xırıltılı səslə deyir.) Evim yıxıldı.
Q u r b a n. Sus!..
Q u l u. Yoldaşlar, daha dayanmaq yeri deyil. İndi o biri kaftar da gəlib çıxar.
N i y a z. Eybi yoxdur, onu da hacının gününə salarıq.
Q u l u. Hacı Murad, xudahafiz. Hərgah Ağa Qulunu axtarsan, Şama gəl. Siz
öləsiz, nəinki Şama, hətta Hindistana da gəlib çıxar.
Hamı gedir, pərdə bir müddət açıq qalır, sonra Məhərrəm bəy daxil olur.
M ə h ə r r ə m b ə y. Evdə, həyətdə heç kəsi tapmadım, bunlar necə olmuşlar?
Bu palazı, döşəkçəni niyə buraya çəkiblər? Yoxsa, evə oğru gəlmişdir. Elədi ki,
var. Bəs Hacı Murad haradadır? (Bucaqdan Hacı Muradın xırtltısı gəlir.) Budur
burada. Bunun əl-ayağını kim bağlamış? (Acır.)
H a c ı M u r a d. Məhərrəm bəy, evim yıxıldı...
M ə h ə r r ə m b ə y. Hacı əmi, de görüm, sənə nə olub? Əl-ayağını kim
bağlayıb?
H a c ı M u r a d. Qulu zalım oğlu. Əliqulu da ona yoldaş idi. Evim yıxıldı,
tarmar oldu. (Gedir sandığa baxır.) Hanı şəfəqin, gözəl cəvahir, haradasan zərif
qızıllar?! Məhərrəm bəy, tez get divana məlum et. O quldurları tutdurub, mənim
pullarımı qaytar.
Nabat təngnəfəs daxil olur.
N a b a t. Ağa, İmran Gülzar xanımı götürüb qaçdı.
Məhərrəm bəy və Hacı mat qalırlar.
M ə h ə r r ə m bəy. Əlimdən mal-dövlət çıxdı.

Pərdə

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG