Bakının «Neftçi» klubu UEFA İntertoto kubokunun üçüncü mərhələsində Rumıniyanın «Vasluy» klubu ilə ilk görüşünü keçirib. İyulun 19-u axşam Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada «Neftçi» 2-1 hesabı ilə qalib gəlib.
Oyunun birinci hissəsində tərəflər hərəyə bir dəfə fərqlənib. 28-ci dəqiqədə «Neftçi»nin ukraynalı legioneri Gerasımyuk hesabı açıb, bir dəqiqə keçməmiş isə Gençev tarazlığı bərpa edib.
Qarşılaşmanın ikinci hissəsində Bakı klubu daha bir top vurub. 84-cü dəqiqdə Rəşad Sadiqov qolu hesabına yazıb.
Cavab qarşılaşması iyulun 26-da Rumıniyada keçiriləcək. Qalib komanda UEFA kuboku uğrunda mübarizəyə qoşulacaq.