Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:53

Medvedev Xəzər hövzəsindən əliboş qayıdıb


Üç gün ərzində Medvedev Rusiyanın enerji strategiyasının əsas oyunçularına baş çəkdi
Üç gün ərzində Medvedev Rusiyanın enerji strategiyasının əsas oyunçularına baş çəkdi

Əslində Rusiya prezidenti Xəzər hövzəsindən əliboş qayıdıb. Yəni, heç bir müqavilə imzalamayıb. Amma güman ki, Medvedev bu səfərlə Xəzərin yataqlarından gələcəkdə Rusiyanın da istifadəsi üçün təməl qoydu.


Üç gün ərzində Dmitri Medvedev Rusiyanın enerji strategiyasının əsas oyunçuları - Azərbaycan, Türkmənistan və Qazaxıstana baş çəkdi.


Milanda yerləşən equilibri.net-in analitiki Federiko Bordonaro Medvedevin Xəzər hövzəsinə səfərini belə izah edir:


«Rusların belə etməyinin çox mühüm səbəbi var. Bəziləri «Qazprom»un müştərilərini razı salacağına şübhə edir. Göründüyü kimi, rusların Azərbaycan və türkmən qazı kimi möhkəm dəstəkləri olsa, onlar yalnız Rusiyanın qaz ehtiyatlarına güvənmək kimi təhlükədən uzaq olar və müştərilərini razı salmaq qabiliyyətləri artar».


Medvedevi Bakı səfərində «Qazprom»un prezidenti Aleksey Miller də müşayiət edirdi. Azərbaycan qazını almaq təklifini bir ay əvvəl Miller prezident İlham Əliyevə vermişdi. Miller bütün Azərbaycan qazını, həm də bazar qiymətlərinə almaq niyyətləri olduğunu bildirmişdi. Azərbaycan rəhbərliyi təklifə hələ cavab verməyib. Amma «Qazprom»un prezidenti Aleksey Miller jurnalistlərə deyib ki, azərbaycanlı həmkarları da qərara alıblar ki, danışıqlara başlasınlar.


Bruce Pennier yazır ki, Azərbaycan 1993-cü ildə Bakı-Tbilisi-Ceyhan neft layihəsinə razılıq verməklə Xəzəryanı ölkələrə nümunə göstərdi ki, enerjini Rusiyasız da ixrac etmək olar.


Digər tərəfdən, Çin Qazaxıstan və Türkmənistanda enerji layihələrini maliyyələşdirib, Avropaya nümunə oldu. İndi Avropa da Azərbaycan, Türkmənistan və Qazaxıstanla razılaşmağa çalışır, yeni layihələri maliyyələşdirmək istəyir ki, Rusiyadan enerji asılılığından qurtarsın.


Amma Rusiya da boş dayanmayıb. «Qazprom»un başçısı Miller bu il Türkmənistanda tez-tez görünən qonaqlardan olub. Bu dəfə Aşqabadda olanda Miller deyib ki, «Qazprom» Türkmənistandan aldığı qazın həcmini artırmağa çalışır. Hərçənd qiymətlə bağlı hələ razılıq yoxdur. Türkmənistan Rusiyaya qazın min kubmetrini 150 dollara satır, indi bazar qiymətlərinə satmaq istəyir.


Heç bir sənəd imzalanmasa da, rus mətbuatı prezidentin Xəzər hövzəsinə səfərini böyük uğur kimi qiymətləndirir, Türkmənistanın «Nabukko» layihəsində iştirak etmək niyyətində olmadığını yazırlar. Agentliklər Medvedevin köməkçisi Sergey Proxodkoya istinad edirlər, halbuki Proxodko deyib ki, onlar danışıqlar zamanı türkmən rəsmilərinin dilindən «Nabukko» kəlməsi eşitməyiblər.


«Nabukko» layihəsi Asiya qazının Avropaya çıxarılması üçün nəzərdə tutulub və Rusiyanın planlarını pozur.


Amma ekspertlərin fikrincə, Medvedevin səfərinin əsil uğuru ölkəsinin qaz kəmərlərini reklam etməsi idi. Azərbaycanda olanda Medvedyev dedi ki, indiyə qədər rus qazını Azərbaycana daşıyan kəmər, Azərbaycan qazını Rusiyaya daşımaq üçün istifadə oluna bilər. Analitik Bordonaro deyir ki, bu cür sövdələşmə «Qazprom» üçün nə qədər sərfəlidirsə, başqa layihələr üçün bir o qədər zərərli ola bilər:


«Əgər «Qazprom» Azərbaycanın qaz bazarına yenidən, həm də daha güclü şəkildə daxil olsa, Azərbaycandan da, Türkmənistandan da daha artıq qaz ala və onu istədiyi ölkəyə sata bilər. Bununla Rusiya Qərbin «Transxəzər», «Nabukko» layihələrini baltalamış olar».


Medvedev Qazaxıstan və Türkmənistanda da oxşar çıxışlar edib. Türkmənistan rəsmiləriylə görüşündə o Xəzərsahili boyu yeni kəmərin tikildiyini xatırladıb. Onu da deyib ki, tikilməkdə olan dəmiryolu da türkmən qazını Qərbə Rusiya vasitəsiylə daşımağa kömək edə bilər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG